Ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir - TƏHLİL

Bəşəriyyətin sürətli inkişafı insan fəaliyyətinin, eləcə də onun ətraf mühitə təsirinin artması ilə nəticələnir, çünki bu inkişaf və artım təbii sərvətlərin həddindən artıq istismarı ilə yanaşı, paralel şəkildə baş verir. Məhz bu baxımdan da təbii ehtiyatlardan rasional istifadə, yəni su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi, bir sözlə ekoloji tarazlığın qorunub saxlanması ümumbəşəri məsələyə çevrilib və hər zaman diqqət mərkəzindədir.

Əlbəttə ki, ətraf mühitlə bağlı məsələlər insanları hər zaman düşündürür və ortaya çıxan problemlər dünya ictimaiyyətini narahat edir. Bütün dünyada insanların sayının sürətlə artması istehlakın kəskin artması deməkdir və bu da öz növbəsində bərpası mümkün olmayan təbii ehtiyatların gələcəkdə tükənəcəyi anlamına gəlir və sözsüz ki, bütün bunlar insan cəmiyyətini düşündürməyə bilməz. Elə bu səbəbdəndir ki, ətraf mühit, onun mühafizəsi daim insanları düşündürməklə yanaşı, həm də narahat edir və bu məsələlərin öyrənilərək qarşısının alınması ən vacib, ən prioritet məsələlərdən sayılır.

Ətraf mühitlə, onun mühafizəsi ilə bağlı hər bir ölkənin özünün özünəməxsus strategiyası ola bilər və bu başadüşüləndir. Bununla belə onu da qeyd etmək lazımdır ki, bütün dünya bu məsələdə eyni məqsədə xidmət edir və yeganə məqsəd ətraf mühiti qoumaq, fəsadlara gətirib çıxara bilən proseslərə yol verməmək, maksimum dərəcədə bizi əhatə edən aləmi mühafizə etməkdir. Bu məqsədə isə cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması hesabına nail olmaq mümkündür, hansıki bütün dünya da, ayrılıqda hər bir ölkə də bunun üçün çalışır, səylərini davam etdirir. Yəni, ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir.

Azərbaycanda da ekologiyanın, ətraf mühitin qorunub saxlanılmasına xüsusi önəm verilir və ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına hesablanıb. İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizin ekoloji siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə bizdə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir, bir sözlə, ekologiya və ətraf mühitin mühafizəsi bir an belə diqqətdən kənarda qalmır.

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni vüsət alıb və sözsüz ki, bu həm də ekoloji məsələlərin ümumbəşəri problem kimi qəbul edilməsi ilə də izah edilir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı nümunə göstərmək olar. Respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər Konsepsiyada öz əksini tapmaqdadır. Eyni zamanda onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları mövcuddur. Həmçinin onu da qeyd edək ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş həddən artıq təhlükə törədə və ya zərər vura bilməz və ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Dövlətimiz də öz növbəsində ekoloji tarazlığın saxlanılmasına təminat verir və əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl, məqsədyönlü dövlət siyasəti həyata keçirilir, ekologiya və ətraf mühitin mühafizəsi hər zaman olduğu kimi, yenə də diqqət mərkəzində saxlanılır.

Ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olduğu da hər kəsə bəllidir və xalqımızın təkidli tələbi ilə dahi rəhbərin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etmək olub. Göründüyü kimi, əsası Ulu Öndər tərəfindən qoyulan bu strategiya onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və əlkəmizdə ekologiyanın, ətraf mühitin qorunmasına xüsusi diqqət ayrılıb, xüsusi önəm verilir. Məhz ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunması da bunu bir daha təsdiq edir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür, nailiyyətlər əldə edilir, hansıki bütün bunlar göz önündədir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramların yerinə yetirilməsi bunun bariz nümunəsidir. Eləcə də, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib və Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıbdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sənəd təsdiq edir ki, ekoloji siyasət hər zaman dövlət siyasətinin əsasını təşkil edib və etməkdədir. Sözügedən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulubdur ki, onlardan biri də məhz “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi prioritetidir. Bu prioritetin uğurla reallaşdırılması üçün yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd sayılır. Bu prioritetə əsasəm ölkənin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli şəkildə bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Ümid edirik və əminik ki, görülən və görülməkdə olan tədbirlər, ekologiya və ətraf mühitin mühafizəsinin diqqət mərkəzində saxlanılması, ölkəmizdə ekologoyanın, eləcə də ətraf mühitin mühafizəsinə, qorunmasına öz tövhələrini bundan sonra da verəcək və ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramlarının, layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını, daha da yaxşılaşdırılmasını yaxın gələcəkdə mümkün edəcək.

İnam Hacıyev

6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə