Aleksandr Karavayev: “Rusiyanın maraqları da Zəngəzur dəhlizinin açılmasını tələb edir” - MÜSAHİBƏ

Tanınmış politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev “Caliber” analitik mərkəzinə müsahibəsində regionda yaranmış vəziyyətlə və proseslərin gələcək inkişafı ilə bağlı maraqlı məqamlara toxunub. Politoloqun müsahibəsini oxucularımıza təqdim edirik.

- Ermənistan cəmiyyətində bu amillə bağlı ciddi narazılığı nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması imkanlarını necə qiymətləndirirsiniz?

- Fikrimcə, Ermənistan-Türkiyə dialoqunun başlaması Qarabağ münaqişəsinin hərbi mərhələsi başa çatdıqdan sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafı üçün yeganə mümkün istiqamətdir. İkitərəfli münasibətlər faktiki olaraq dibinə çatdığı üçün yalnız bir istiqamətdə irəliləmək olar. Ona görə də indi biz Moskvanın köməyi ilə bu birbaşa dialoqun başlanmasının şahidiyik.

Erməni cəmiyyətində Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı narazılığa gəlincə, burada, məncə, daha çox Türkiyənin qəbulu baxımından Yerevandakı atmosferdən deyil, kütlənin Ermənistan hökumətindən ümumi narazılığından gedir. Mən deməzdim ki, Türkiyə ilə dialoqun başlanmasından birbaşa imtina var, əks halda ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi, ilk növbədə, Türkiyə məhsullarının Ermənistana tədarükü hesabına çətin ki, 300 milyon dollardan çox olardı. Təbii ki, Türkiyə mallarına bir növ İrəvan sanksiyaları adlandırıla bilən moratoriumun tətbiqi təsadüfi deyildi ki, bu da Türkiyənin Azərbaycanın tərəfində olduğu 2020-ci ildəki İkinci Qarabağ müharibəsində məğlubiyyətə İrəvanın reaksiyası idi.

Buna baxmayaraq, hətta bu moratorium da göstərdi ki, Türkiyə Ermənistan bazarında çoxdandır, o, öz məhsullarını, mallarını Ermənistana ixrac edir, ermənilər Türkiyəyə tətilə gedirlər. Yəqin ki, bu vəziyyətin unikallığından danışmağa dəyməz, indiki Rusiya-Ukrayna münasibətlərini misal çəkmək kifayətdir. Baxmayaraq ki, ölkələr bir o qədər də “soyuq müharibə” vəziyyətində deyil, silahlı münaqişə vəziyyətindədirlər, bu, onların ciddi ticarət dövriyyəsini saxlamasına mane olmur. Mən sizə başqa bir misal çəkəcəyəm. Bu gün Rusiya ilə Yaponiya arasında heç bir sülh müqaviləsi olmamasına baxmayaraq, ticarət dövriyyəsi mövcuddur. Deməli, belə misallar çoxdur. Düşünürəm ki, orta müddətli perspektivdə Türkiyə-Ermənistan dialoqu sürət qazanacaq və diplomatik münasibətlər yaxşılaşacaq. Təxminlərimə görə, təxminən 3 ildən sonra, bəlkə də, Ermənistanda və Türkiyədə iki ölkənin səfirlikləri açılacaq.

- Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesi necə gedəcək?

- Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi Rusiya diplomatlarının və Rusiya Federasiyası Müdafiə Nazirliyinin yardımı ilə yaradılmış və ya təşkilati mərhələdən keçən komissiya çərçivəsində baş tutacaq. Sərhəd rejiminin saxlanması ilə hansısa formada məşğul olan bütün idarələr (gömrük istisna olmaqla) ilk növbədə Xarici İşlər Nazirliyinin strukturları, hərbi idarələr və sərhəd xidmətləridir. Komissiyanın işində hər ölkədən bu 3 departament iştirak edəcək və bu, həm Azərbaycan, həm də Ermənistan tərəfdən artıq yerdə qeyd olunacaq yekun xətti müəyyən edəcək. Bunun təşkilati baxımdan necə baş verəcəyini söyləmək çətindir. Düşünürəm ki, bu, bütün sərhəd xətti boyunca deyil, tədricən hissə-hissə həyata keçəcək. Göründüyü kimi, bu proses ilk növbədə ciddi fikir ayrılıqlarının olmadığı, uzunmüddətli koordinasiya və hansısa ümumi anlaşmanın əldə olunmasını tələb edən məsələlərin olmadığı sahələri əhatə edəcək.

Başa düşmək lazımdır ki, hətta dinc şəraitdə belə, bir qayda olaraq, bu cür məsələlər illərlə həll olunur. İstənilən halda, Azərbaycan-Ermənistan sərhədinin çətin keçilən ərazilərdən keçən hissələri xəritədə xətlərin çəkilməsi ilə bağlı müzakirələrin ilkin mərhələsində ciddi insidentlərə və ya ciddi sürtünmələrə səbəb olmamalıdır.

- Sizcə, bu il Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaqmı?

- Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması zərurəti o qədər də məcburi deyil. Yenə də Rusiya-Yaponiya münasibətlərinin bariz nümunəsi var. Ölkələrimiz arasında sülh sazişinin olmaması çox geniş spektrli ticarət-iqtisadi məsələlərin, Yaponiyanın Rusiyaya investisiyalarının müzakirəsinə mane olmur.

Rusiyada çoxları hətta bilmirlər ki, Cənubi Kuril adaları problemi ilə bağlı ölkələrimiz arasında sülh sazişi yoxdur. Sərhədlərin və qarşılıqlı fəaliyyət institutlarının olması, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyinin təsdiqi vacibdir. Bu isə ilk növbədə mallar və vətəndaşlar üçün sərhəd və gömrük keçid məntəqələrinin olmasıdır. Buna görə də, sülh sazişinin imzalanması məsələsi bir sıra gələcək perspektivlərlə, naməlum nüanslarla bağlıdır. Vacibdir ki, iki ölkə arasında sistemli dialoqun başlanğıcı nəqliyyat dəhlizlərinin açılması, yüklərin tranziti, daha geniş formatlarda qarşılıqlı fəaliyyət üçün zəruri olan çərçivə sazişlərinin imzalanmasıdır.

- Zəngəzur dəhlizi açılsa, Rusiya nə qazanacaq?

- Burada Rusiyanın maraqları göz qabağındadır. Məsələ burasındadır ki, hazırda Rusiyanın Fars körfəzinin İrandakı limanlarına birbaşa çıxış imkanları yoxdur, o zaman ki, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dəmir yolu qovşağı fəaliyyət göstərirdi. Bu, vaxtilə Sovet dəmir yolu şəbəkəsindən Culfa vasitəsilə İrana, oradan isə Fars körfəzinə yüklərin daşınmasına imkan verirdi. 1970-1980-ci illərdə Sovet dövrünün statistikasına görə, bu istiqamətdə ildə 5-10 milyon ton məhsul səviyyəsində kifayət qədər geniş ticarət aparılırdı. Ticarət Culfadakı dəmir yolu qovşağı vasitəsilə həyata keçirilirdi. Hazırda Astara-Rəşt dəmir yolunun tikintisi hələ də davam edir və onun nə vaxt başa çatacağını proqnozlaşdırmaq hələ çətindir. Ona görə də Fars körfəzinin limanlarına çıxışa imkan yaradacaq Zəngəzur dəhlizinin açılması Rusiyada böyük maraq doğurur.

- Sabitlik və iqtisadi imkanlar baxımından Cənubi Qafqazın yaxın gələcəkdə gələcəyini necə görürsünüz?

- Mən Cənubi Qafqazın gələcəyini təxminən bu şəkildə görürəm. Mən nə vaxtsa Adlerdəki dəmir yolu stansiyasına gəlmək, qatara minmək və 20-ci əsrin əvvəllərində tikilən yol ilə getmək istərdim. Zaqafqaziya dəmir yolunun bu hissələri hələ 1901-1905-ci illərdə Oktyabr inqilabından əvvəl tikilmiş və Cənubi Qafqazın bütün əsas rayonlarını birləşdirmişdir. Düşünürəm ki, Adlerdə qatara minib bütün Abxaziyadan, Qaqradan, Suxumidən keçib Tbilisiyə çatmaq, sonra Ermənistan ərazisindən keçməklə Naxçıvana daxil olmaq, bu yolla Zəngəzur dəhlizi ilə Azərbaycan ərazisinə qədər irəliləmək və Bakıya gəlmək olardı. Fikrimcə, bu fürsət dünyanın hər yerindən gələn turistlər üçün ideal vizit kartı olardı, xüsusən ona görə ki, Qarabağ münaqişəsinin hətta hərbi yolla həlli Cənubi Qafqazda sülhün mümkün olduğunu göstərdi.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə