Alternativ enerji: Potensial və perspektivlər - ARAŞDIRMA

Qeyri-ənənəvi enerji mənbələri ekoloji sağlamlığı təmin etməklə yanaşı, daha səmərəli və ən əsası tükənməzdir

Qeyri-ənənəvi enerji mənbələri ekoloji sağlamlığı təmin etməklə yanaşı, daha səmərəli və ən əsası tükənməzdir

Alternativ enerji mənbələrindən istifadəni artırmaq məsələsi bəşəriyyətin qarşısında qlobal bir problem kimi dayanır. Belə ki, dünyada neft-qaz kimi ənənəvi enerji mənbələri tükənmək üzrədir. Buna görə də hazırda bütün inkişaf etmiş dövlətlər bu iki enerji mənbəyindən asılılığı azaltmaq və hətta onlardan imtina etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər.

Alternativ enerji potensialı kifayət qədərdirmi?

Neft və qaz ehtiyatlarının dünya miqyasında azalması qeyri-ənənəvi enerji mənbələrindən istifadəni qaçılmaz və zəruri edir. Praktiki olaraq tükənməyən təmiz enerji mənbələrinə ehtiyac getdikcə daha çox hisi olunur. Alternativ enerji mənbələrinə aşagıdakılar aiddir.

1). Külək enerjisi;

2). Günəş enerjisi;

3). Qabarma–çəkilmə;

4). Çayların enerjisi;

5). Geotermal;

6). Bioyanacaq;

Konkret həcmə malik bərpa olunmayan ehtiyatlar limiti olan Yer planetinin təbii resursları amansızcasına və sürətlə istismar olunur. Hesablamalara görə, əsrin sonlarına doğru neft-qaz və kömür yataqları tükənməyə başlayacaq. O zamanadək alternativ enerjiyə keçilməsə, bəşəriyyəti ağır günlər gözləyir.

Ənənəvi enerji növlərinin ekologiyaya da ciddi zərər vurması əlavə problemlər yaradır. Alternativ və bərpa olunan enerji isə üstün cəhətləri tükənməzlik və bərpaolunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyidir.

Qeyd edək ki, 1992-ci ilin iyununda 150 ölkə İqlim dəyişmələrinə qarşı tədbirləri nəzərdə tutan BMT-nin Çərçivə Konvensiyasını imzalayıblar. 1997-ci ilin dekabr ayında bu Konvensiyaya əlavə daha bir beynəlxalq sənəd- Kioto Protokolu qəbul edilib. Indiyədək bu sənəd 190-a yaxın ölkə tərəfindən ratifikasiya olunub.

Azərbaycan 1992-ci ilin iyun ayında Çərçivə Konvensiyasına qoşulub, 1995-ci ildə isə onu ratifikasiya edərək Konvensiyanın tərəfdaşı olub. 1997-ci ilin aprelində ölkə prezidentinin sərəncamı ilə iqlim dəyişmələri üzrə Dövlət komissiyası yaradılıb. Ölkəmiz 2000-ci ildə Kioto Protokoluna qoşulub.

Azərbaycanın irihəcmli neft-qaz ehtiyatları olsa da, hesablamalara görə, yeni yataqlar kəşf olunmazsa, uzağı 2050-60-cı ilədək bu ehtiyatlar tükənəcək. Bu isə ölkənin alternativ enerji mənbələrinə keçid hazırlıqlarını sürətləndirməsini zəruri edir.

Külək enerjisi hansı perspektiv vəd edir?

Hesab edilir ki, ilk külək mühərrikləri hələ 2 min il qabaq Çində, Yaponiyada və Tibetdə quraşdırılıb. Bizim eramızdan əvvəlki dövrlərdə külək mühərrikləri Misirdə, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda da mövcud olub.

Dünyada ilk 100 kVt gücndə külək elektrik stansiyası keçmiş Sovet İttifaqında (Krımda) istismar olunub. İndi müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə, 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir.

Bu isə öz növbəsində ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Üstəlik, öz maya dəyərinə görə, külək enerjisi digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gəlir.

Çoxillik müşahidələr nəticəsində müəyyən edilib ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Şərur-Culfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar.

Son dövlrlərdə bəzi ərazilərdə Abşeronda və Qobustanda külək enerjisi qurğuları quraşdırılıb. Bu işi genişləndirmək üçün hər cür imkanlar var.

Günəşli respublikanın günəş enerjisi potensialı

Hələ 1600-cu ildə Fransada suyun ötürülməsi üçün istifadə edilən və qızdırılmış hava ilə işləyən ilk günəş mühərriki yaradılmışdı. XVII əsrin axırında görkəmli fransız kimyagəri A. Lavuazye ilk günəş sobasını yaratdı. Bu sobada 1650°C hərarət almaq mümkün idi.

Sonrakı dövrlərdə bu sahədə zəif də olsa irəliləyiş baş verdi və indi dünyada nəhəng həcmli günəş batareyalarının qurulduğu stansiyalar var. Artıq bir çox ölkələrdə, günəş enerjisi ilə işləyən təyyarələr, gəmilər, avtomobillər, ev əşyaları var, müxtəlif qurğular və binalar bu enerji ilə təmin olunur.

Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır.

Günəş enerjisinin yalnız bir çatışmazlığı var- o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır.

Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Ölkəmizdə günəşli günlərin sayı 300-dən çoxdur. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər.

Dünyada qurulmuş Günəş fotoelektrik sistemlərinin ümumi gücü 900 MVt-dan çoxdur. Bunlardan 80 MVt- Yaponiya, 60 MVt- ABŞ, 50 MVt- Almaniya dövlətlərinin payına düşür.

Qeyd edək ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir.

Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı və vaxtı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Artıq ölkəmizdə bununla bağlı müəyyən pilot layihələr həyata keçirilib. Bəzi ərazilərdə Günəş panelləri stansiyası qurulub. Bundan başqa bir sıra binaların damında günəş batareyaları qurulub və enerji təminatı tamamilə bundan alınır.

Su elektrik stansiyaları ekoloji təmiz texnologiyadır

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialının isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür.

Su elektrik stansiyalarının tikintisi- sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi önəmli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər.

Hökumət yaxın perspektivdə 50-dən artıq kiçik SES-in tikintisini məqsədəuyğun hesab edir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Xüsusən də düşmən işğalından azad edilmiş Qarabağ bölgəsində bunun üçün böyük potensial var. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.

Onu da qeyd edək ki, elektrik enerjisinin istehsalında istilik elektrik qurğuları ilə müqayisədə su elektrik stansiyaları ekoloji cəhətdən əlverişliliyi ilə fərqlənir.

Geotermal və biokütlə enerjisi potensialı

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Həmin ölkələr içərisində İslandiya hələlik 1-ci yerdədir. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycanın ərazisi termal sularla zəngindir. Termal suları istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.

Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:

- yanma qabiliyyəti olan sənaye tullantıları;

- meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;

- kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;

- məişət və kommunal sahələrinin tullantıları;

- neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.

Aparılmış tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür.

Azərbaycanda hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakıdakı Məişət Tullantılarının Emalı Zavodu bu istiqamətdə çox böyük addımdır. Digər şəhərlərdə də belə zavodların tikilməsi vacibdir.

Bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir. Bu qurğularda peyindən istifadə edərək bioqaz və gübrə istehsal olunur. Biyoyanacaq istehsalı, bu qurğuların sınağı və təkmilləşdirilməsi sahəsində dunyada və eləcə də ölkəmizdə elmi-praktiki işlər görülür.

Azərbaycan post-petrol erasına indidən hazırlaşır

Qeyd edək ki, hazırda elektrik enerjisi resursları ölkənin tələbatından təxminən 1000 meqavat çoxdur. Yaxınlarda istifadəyə veriləcək yeni stansiyaların fəaliyyəti nəticəsində bu rəqəmin daha da artacağını gözlənilir. Azərbaycan prezidenti buna baxmayaraq, alternatin enerji istehsalını inkişaf etdirməyin vacibliyini vurğulayır.

“Biz bundan sonra mütləq alternativ enerji mənbələrinin yaranmasına çalışmalıyıq. İlk növbədə, kiçik çaylarda mini su elektrik stansiyaları tikilməlidir... Bizdə həm külək kifayət qədərdir, həm də günəş. Belə gözəl təbii imkanlardan biz səmərəli şəkildə istifadə etməliyik- bir neçə il əvvəl dövlət başçısı hökumətin müşavirəsində bildirib.

Xatırladaq ki, 2010-cu il iyulun 16-da ölkə prezidenti Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Fərmana görə, agentliyin yaradılmasında məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir.

Beləliklə, hazırda nəhəng perspektiv və mövcud neft-qaz yataqlarına malik Azərbaycan buna arxayınlaşmayıb alternativ enerji ilə bağlı iri layihələr həyata keçirməlidir. Bununla yanaşı bu sahdə kadrlar yetişdirməli və elmi araşdırmaları dəstəkləməliyik.

Azərbaycan enerji ölkəsidir, bu torpağın altı da, üstü də enerji mənbəyidir. Hər halda, tükənən yeraltı enerjilərimizin əvəzinə tükənməz yerüstü enerji ehtiyatlarımızdan yararlansaq daha doğru olar. Çünki, bu, daha təhlükəsiz, daha sağlam və əbədi enerjidir...

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə