Üçrəngli bayrağa sevdalı şair - ƏHMƏD CAVAD

Azərbaycanın Dövlət Bayrağına itthaf

Mən onu böyük məmnuniyyət və qürur hissi ilə poeziyamızın bayraqdarı, hətta İstiqlalımızın ilk sevdalısı adlandırıram. Söhbət istiqlal ruhlu şeirləri ilə Cümhuriyyət poeziyamıza dəyərli töhfələr bağışlayan, böyük Turan aşiqi, bayraq sevdalısı, Vətən, millət fədaisi, İstiqlalımızın tərənnümçüsü, ictimai və siyasi xadim, Azərbaycan Dövlət Himninin söz müəllifi, sayğıdəyər şarimiz Əhməd Cavaddan gedir. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ağır və ziddiyətli bir dönəmdə azad ruhunun, qaynar ilhamının qanad çalması ilə “Azərbaycan, Azərbaycan!” nidasını ilk dəfə şeiriyyətə gətirən, Şanlı bayrağa sevdalanmış, İstiqlaliyyətimizin həmişəparlaq ulduzu Əhməd Cavad! O Əhməd Cavad ki, Azərbaycanın azadlığı, milli müstəqilliyi naminə, şanlı və şərəfli mübarizə yollarında bütün ömrünü fəda etdi. O Əhməd Cavad ki, 1920-ci ilin baharında istiqlaliyyəti əldən getmiş Vətənində kommunistlər tərəfindən güllələrdən deşik-deşik olmuş Azərbaycanın üçrəngli, şanlı bayrağını xain əllərdən xilas edərək ömrünün sonuna qədər göz bəbəyi kimi sevə-sevə qoruyub saxlaya bildi. Çünki 23 aylıq ömür sürmüş Cümhuriyyət bayrağının köksünə tuşlanan imperiya gülləsi sanki şairin kövrək qəlbinə tuşlanmışdı. Bayrağa olan bu qədər sonsuz sevgi, sayğı nədən irəli gəlirdi, haradan qaynaqlanırdı?

Çoxdandır ayrı düşdüm,
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum
Gizlicə ağlamaqdan.

Bayraq həsrəti şairin nigaran baxışlarında, ürəyinin döyüntüsündə, gözlərinin yaşında,eşqinin hərarətində ehtiva etmişdi.O, çox yaxşı bilirdi ki, zaman keçəcək, Vətəninin istiqlaliyyəti Şəhid qanlarıyla bərpa ediləcək, xalqı, milləti üçrəngli bayraq deyəndə fəxarət və ehtiram hissi ilə şairin solmaz xatirəsini yad edəcək.
Türkün bayrağına candan sevdalanan şairin hələ 1914-cü ildə Gəncədə böyük ruh coşqusuyla qələmə aldığı “Çırpınırdı Qara Dəniz” şeiri Türk dünyasının sarsılmaz qardaşlıq birliyinə bir ərmağan olmaqla yanaşı, mənəvi, saf, incə duyğuların tərənnümüdür. Bir sözlə, bayrağa sevginin mükəmməl, dolğun ifadə tərzini tapmış bu möhtəşəm, nümunəvi əsər Əhməd Cavadın istiqlal ruhlu poetik dünyasının şedevridir.
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.

İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!

Xalqının, millətinin milli şüuruna, mənəviyyat və məfkurəsinə vətənpərvərlik hissləri aşılayan bayraq sevgili, ay-ulduz təcəssümlü şeirlər Əhməd Cavad poeziyasının yaşayan ruhu, qaynar nəfəsi, mili ahəngi, istiqlaliyyət rəmzidir. Səkkizguşəli ulduzla ayı iftixar hissiylə şeirlərinə baş tacı edən şair bundan qürrələnir, zövq alırdı. Ümumilikdə türkçülük, Turançılıq məfkurəsi Əhməd Cavad poeziyasının amal qayəsi, eşqi, gücü, qüdrətidir. Əhməd Cavadın mənəvi dünyasını Türkün şanlı bayrağından ayrı təsəvvür etmək də qeyri mümkündür.
Üçrəngli bayrağımızın yaranış tarixinə nəzər salaq.“Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar!” məfkurəsinə sığınan türkoloq, alim Əli bəy Hüseynzadə Azərbaycanın milli bayrağını təsis edərkən türkçülük ideologiyasına əsaslanmışdı. Azərbaycanın üçrəngli bayrağının rənglərinin təyin edilməsində Əli bəy Hüseynzadə ilə yanaşı istiqlal şairimiz Əhməd Cavadın da xüsusi xidmətləri olmuşdur. Məlum olduğu kimi bayrağımızda əks edilən mavi rəng türkçülüyün, qırmızı rəng müasirliyin, yaşıl rəng isə islami dəyərlərin təzahürü anlamına gəlir. Səkkizguşəli ulduzla aypara isə Türk xalqlarının milli simvolu kimi dəyərləndirilir.
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.
Bu tarixi qərardan ilhamlanan Bayraq sevdalı şair Əhməd Cavadın duyğulu misraları al bayrağı oxşamaqdan da yan keçmədi. Onun təsvir etdiyi şanlı Cümhuriyyət bayrağı məsum Şəhid qanlarından rəng almışdı sanki:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!

Nədən gözüm, bu bənzəyiş
Şəhidlərin qanına?
O qürbətdə can verənlər
Neyçün qıyar canına?

Beləliklə, şairin duyğulu hisslərlə tərənnüm etdiyi bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişilməsi məsələsi qaldırıldı. Həmin qərardan:Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycanın dövlət bayrağı haqqında qərar qəbul edəndən sonra Fətəli Xan Xoyskinin 1918-ci il 9 noyabr tarixində imzaladığı qərara əsasən deyilirdi: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.”
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Əhməd Cavad hələ 1919-cu ildə Bakıda Azərbaycan Cümhuriyyətinin Parlament binası üzərində bayrağımızı dalğalanan görərkən sonsuz qürur hissi çulğamışdı qəlbini. Dilindən bədahətən süzülən ölməz misralarıyla:
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -
Dinlətsin dərdini aha, bayrağım!

Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

Əhməd Cavad Azərbaycan bayrağının rənglərini bütünlüklə qədim Türk xalqlarının- Oğuzların və Anadolu Türklərinin mənsub olduğu Qayi soyundan aldığına işarə edirdi. Tarix qaynaqlarında Qayi boyu Oğuz boyları arasında yaranan ilk qədim boylardan biri hesab olunurdu. Bundan əlavə Əhməd Cavad bədii boyalarla təsvir etdiyi milli bayrağımızın simasında Azərbaycan Türklərinin Elxanilər sülaləsinə mənsub olduğunu da demək istəyirdi. Hələ qədim zamanlardan Elxanilərin yaşadığı əzəli-əbədi Türk torpaqları Azərbaycana məxsus idi. Şair əsrlərlə davam edən Elxani hökmranlığının qaldırdığı əski Türk bayrağını Azərbaycanın üçrəngli milli istiqlal bayrağıyla bərabər tutaraq, onu Türkçülüyün simvolu kimi dəyərləndirirdi. Şair sevinc göz yaşlarıyla üçrəngli bayrağı qürurla salamlayaraq kölgəsinin düşdüyü mübarək yeri öpmək üçün bütün varlığıyla can atırdı. Əhməd Cavad milli bayrağın sorağını şanlı Türküstanın istiqlaliyyət beşiyi sayılan Azərbaycan yurdundan başlayaraq qədim Türklərə məxsus olan Quzğun dənizindən ta ki bütün Turan torpaqlarınadək almaq istəyirdi. Üçrəngli bayrağı daima yüksəklərdə görmək eşqi, amalı və diləyilə yaşayan şair bu bayraq uğrunda canından, qanından keçməyə hazır idi. Keçdi də...
1919-cu ildə Parlamentin açılışında Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyərək vurğulamışdısa, bir şair kimi onun böyük sayğı və rəğbət bəslədiyi Əhməd Cavad da mənəvi atasının sözünə qüvvət verərək bayrağa olan sonsuz ehtiramını coşquyla ifadə etmişdi:
Təmiz alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil!

Belə ki, 70 il hökm sürənSSRİ imperiyasının əsarətindən qurtularaq, öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağının bəraət dövrü yetişir. Üçrəngli bayraq 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilir. 1991 -ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edir. Beləliklə, üçrəngli bayrağımız 70 ildən sonrailk dəfə Naxçıvanda dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncama əsasən 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
2020-ci il noyabrın 8-i Azərbaycanın tarix salnaməsinə zəfər nidasıyla həkk edildiyi şanlı və şərəfli gündə bir sıra istiqlal aşiqləri kimi Əhməd Cavadın da nigaran ruhu şad oldu.Qarabağımızın Haqq savaşı uğrunda mübarizəyə atılan comərd oğullar öz qanları, canları bahasına 30 illik yol gözləyən əsir torpaqlarımızda bayraq ucaltdılar. Vətən, Torpaq, Bayraq uğrunda candan keçən Qəhrəman fatehlər İstiqlaliyyət Şəhidi Əhməd Cavadın ruhundan sanki xeyir-dua almış oldular. Murovdağ zirvəsində, Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada İndi azad Qarabağın Xarı Bülbül nəfəsli yelləri məğrur-məğrur dalğalandırır şanlı bayrağımızı. Əhməd Cavadın da vaxtilə azad və müstəqil Azərbaycanına ithaf etdiyi alovlu misraları bu günümüzün carçısıdır sanki.
Xəzər yuyar ayağını,
Bayraq etdim növrağını,
Öpdüm azad torpağını!
Canım-gözüm, gözüm-canım,
Azərbaycanım!
Can, can,
Can, Azərbaycan!

O bəzənmiş yara baxın,
Bu sərvətə, vara baxın!
Cənnətindir Qarabağın!
Canım-gözüm, gözüm-canım,
Azərbaycanım!
Can, can,
Can, Azərbaycan!

Hər dəfə üçrəngli bayrağımızı başımız üzərində dalğalanan gördükcə bu bayraq uğrunda mübarizə və mücadilələrə atılaraq, cavan ömrünü Vətəninin istiqlaliyyəti uğrunda fəda edən Əhməd Cavad əfəndini qürur və ehtiram hissi ilə yad etməklə şərəf duyuram!
Üçrəngli bayrağının doğuluş günü mübarək olsun, bayraq qədər fikri uca, yenməz, özü, sözü dəyərli, əziz və möhtərəm şair Əhməd Cavad əfəndi!

Sevinc Ədalətqızı
Tədqiqatçı, publisist

Bütün xəbərlər Facebook səhifəmizdə