Novruz gəldi, yaz gəldi

Küləklər qovduqca dumanı-çəni,
Yaşıllıq bürüyür çölü-çəməni.
Süfrəyə yaraşıq dürlü səməni,
Badam çiçəklərdən qurşayaraq zər,
Bizə gətirməkdə Novruzdan xəbər.

Böyük təmtəraq hər evdə-eşikdə,
Ab-hava dəyişib dərədə-dikdə,
Qurar yuvasını şanapipik də,
Qaranquş süzməyi rəvan eyləyər,
Alçaqdan uçaraq cövlan eyləyər.

Yalançı çərşənbə planlarını,
Qurub, yaymaqdadı yalanlarını…
Tovlayıb filankəs-filanlarını,
Novruzu şaşırdıb azdırmaqdaydı,
Yalanı tarixə yazdırmaqdaydı.

Yel Odu coşdurdu, Od cuşa gəldi,
Su Odu söndürdü, tüstü yüksəldi,
Hər üçü Topağın bağrını dəldi,
Dörd ünsür yaratdı bütövlük, vəhdət,
Bundan da cücərdi Novruz, nəhayət.

Göyə bülənd oldu od da, atəş də,
Torpaq məhsul verdi, getdi güzəştə,
Ekvator xəttini keçdi günəş də,
Çillələr-çətinlik tamam sovuşdu,
Novruzlu yeni gün bizə qovuşdu.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə