Z nəsli rəqəmsal texnologiyanı atıb kitab oxuyarmı? - YAZIÇI MÜNASİBƏT BİLDİRDİ

"Bu, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində çox ciddi problem halına gəlib və artıq həyəcan təbili çalınır. Z nəsli uşaqları portativ, sürətli rəqəmsal texnologiyanı qoyub zamanını kitab oxumaqla keçirərmi? Əlbəttə, keçirməz". Bu sözləri SİA-ya açıqlamasında yazıçı İradə Aytel bildirib.

Onun sözlərinə görə, bundan sonra daha asosial-təbiətdən uzaq, sevgisiz, vecsiz, virtual aləmin yeni-yeni nəsilləri dünyaya gələcək: "Bu elə qarşısıalınmaz axın, elə tufandır ki, onu dayandırmaq, durdurmaq insan gücü xaricindədir. Biz yalnız o tufanın gücünü azalda bilən sədlər qura bilərik. O sədlər isə musiqidir, ədəbiyyatdır, incəsənətdir..."

Müsahib gənclərdə ədəbiyyata qarşı maraq oyatmanın həlli yolunu onların maraq dairələrinə uyğun yazılan əsərlərin yazılmasında, kitabların təbliğatında görür: "Gəncləri ədəbiyyata meylləndirmək üçün elə əsərlər yazılmalıdır ki, o əsərlər oxunsun. İkinci növbədə elə əsərlərin təbliğatı gücləndirilməlidir. Ən güclü təbliğat məkanı efirlərdir. Bu gün hansı efirdə kitab təbliğatı ilə qarşılaşırıq? Demək olar ki, heç birində. Ömründə bircə dənə də olsun bədii kitab oxumayan, sevgini pulda görən müğənnilər efirlərdən ədəbiyyat adamlarına dərs keçirsə, o ədəbiyyat necə inkişaf edə bilər? Bu gün ruhu, mənəviyyatı cilalayan poeziya yox, rahat qazanc yolları öyrədən bayağı verilişlər daha çox təbliğ edilir. Bunların yerinə maarifləndirici, ruhlandırıcı proqramlar hazırlanmalıdır. Bu proqramlara hansısa yazıçı, şair dəvət edilməli, onun kitabları barədə polemikalar olmalı, yarışlar keçirilməlidir.

Üçüncü ən güclü təbliğat məkanları sosial şəbəkələrdir. Sosial şəbəkələr üzərindən də bu sadaladıqlarımı həyata keçirmək olar. Bu işə nəzarəti birbaşa dövlət öz üzərinə götürməli, təhsil müəssisələri, böyük şirkətlər də yardımçı olmalıdır.

Nəhayət, valideynlər də kənarda durmamalıdır. Əgər istəyiriksə övladımız təmiz vicdanlı, böyük ürəkli, qorxmaz, cəsur, halal böyüsün, ona bədii kitablar oxutmalıyıq. Daha doğrusu biz oxumalıyıq, onlar bizdən örnək almalıdır. Övladı tərbiyə ilk növbədə özünütərbiyədən başlayır".

Müəllif: Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə