Xuraman Muradova “HUMAY MİLLİ MÜKAFATÇISI” oldu

Milan Hospitalın sahibkarı, iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Vektor Elmlər Akademiyasının Fəxri Professoru, Türkiyə Onur Medalına layiq görülən, Ankara Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, Akademiyanın Beynəlxalq Qızıl Ulduz Medalı Mükafatçısı Xuraman xanım Muradova bu il “HUMAY MİLLİ MÜKAFATINA” layiq görüldü. Xuraman Muradova bu böyük mükafata Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə layiq görülüb. Onu da vurğulayaq ki, bu mükafat hər il yalnız bir yazıçıya verilir. Bu il həmin mükafatın sahibi məhz çox maraqlı şair-nasir, yazdığı şeirlərə peşəkar mahnılar yazılan, şeirləri qardaş Türkiyədə də çox maraqla qarşılanan Xuraman Muradova layiq görülüb.

Biz də bu böyük mükafat münasibətilə maraqlı şair-nasir Xuraman Muradovanı təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Xuraman Muradovanın son vaxtlar yazdığı bir neçə şeirini çoxminli oxucularımıza təqdim edirik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Azərbaycan
Şərəfimin, qeyrətimin,
Neçə min illik tarixin,
Qəhrəmanlıq adısan.
Mübarizlik yollarımın,
Sən sönməyən odusan!
Boy atıbdı hər daşında,
Ərənliyin, müdrikliyin
Tarix adlı yaddaşında
Bir dünyadı igidliyin,
Azərbaycan!

Ulusumun, türkümün,
Ərşə qalxan ünüsən.
Vətən-Vətən böyüyən,
Dünəni, bu günüsən.
Bilinməyən sədlərinin,
Yollarından çox keçilib,
Parçalanmış ürəyinin,
Şərbətindən çox içilib.
Azərbaycan!

Sınmamısan, bacarmısan
ayaq üstə dayanmağı,
İnamından güc alaraq,
Xalqın üçün haqq yolunda,
Bacarmısan tək yanmağı.
Ədalətin, həqiqətin,
Asılmısan haqq üzündən,
Azadlıq adlı nəfəsin,
Duyulubdu hər sözündən.
Azərbaycan!

Ey şanlı, ulu vətənim,
Bu dünya durduqca mənim,
Tarixləşən, müdrikləşən,
Qəhrəman, igid, ərənim.
Səni elə sevirəm ki,
Gözüm kimi, sözüm kimi,
Ürəyimdə Vətən adlı,
Sönməyən bir közüm kimi.
Səni elə sevirəm ki,
Özüm kimi...
Özüm kimi, Azərbaycan!

Gözün aydın, ay Vətən
44 günlük müharibə,
Sənə zəfər gətirdi.
Qol açdığın oğullar,
Özün sənə yetirdi.
Gözün aydın, ay Vətən!

30 illik həsrəti,
Gözlərindən sildilər.
Məğlub adlı ləkəni,
Səndən təmizlədilər.
Gözün aydın, ay Vətən!

Cəsarətin, qüdrətin,
Dilə gəlmişdi bir an.
Bu hünərin önündə,
Sanki donmuşdu zaman.
Gözün aydın, ay Vətən!

Düşmənə göstərmisən,
O dəmir yumruğunu.
Sən türk oğlu, türk kimi,
Göstərdin kim olduğun.
Gözün aydın, ay Vətən!

Vətən
Səni sevən ürəyim,
Hər an sənlə döyünür.
Sən mənim eşq məbədim,
Mənim könül dünyamsan,
Sən bu Vətən dünyamda,
Sən mənim öz anamsan.
Vətən!

Başı bəlalar çəkən,
Qanlı bir keçmişin var.
Neçə yerə bölünüb,
Parçalandın min dəfə.
Amma, heç sarsılmadın,
Haqq-ədalət yolunda.
Yazıldı zəfər adın.
Vətən!

Azadlığın eşqiylə,
Yanan odlu ürəyin.
Mətinləşdi, bərkidi,
Mübarizə yolundan,
Çəkinmədin heç zaman.
Tarix-tarix yaşadın,
Zirvə-zirvə ucaldın.
Vətən!

Sorağısan səsimin,
Ərşə qalxan ünündə.
Çiçək-çiçək dil açdın,
Həqiqətin önündə.
Qərinələr içində,
Neçə min il tarixin,
Silinməyən yaddaşın.
Özün boyda dərd daşın,
Vətən!

Dünən igid yaraqlım,
Bu gün zəfər soraqlım,
Dirilən ümidlərim,
Açılan kilidlərim,
Sənin zəfər adındı!
Azadlıq adlı səsim,
Şirin ana nəfəsim,
Vətən, Vətən, ay vətən!!

Azərbaycan-Türkiyə
Əzəldən bir doğulub,
Birgə boy atmısınız,
Adı, ruhu, qanı, bir,
Kökü, soyu, canı bir,
Siz doğma qardaşınız,
İşıqlı gələcəyə,
Azərbaycan-Türkiyə!

Tarix boyu bir olub,
Yolunuz, məqsədiniz.
Dünyaya car çəkibdi,
Türk adlı haqq səsiniz,
Sizin bu varlığınız,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!

Baş əyməz türk övladı,
Düşməninə, yadına.
Sadiq olub hər zaman,
Özünün türk adına.
Layiqdir ərənliyə,
Layiqdir hər sevgiyə,
Azərbaycan-Türkiyə!

Daşınızda doğmalıq,
Sözünüzdə qürur var.
Yenilməz vüqarınız,
Düşmənin bağrın yarar.
Siz ey doğma şahinlər,
Turana gedən yolun,
Göyərən ümidləri,
Sülhün göyərçinləri!
Nə mutlum Türküm deyə,
Azərbaycan-Türkiyə!

Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı...
Hər yer sükut içində...
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir səs gəlir...
Bir ana layla deyir,
Ürək yandıran ahla.
Salamlayır gecəni,
Açılmayan sabahla...
Gah coşğun, gah da həzin,
gah da harayla deyir.
Bir ana xiyabanda
oğluna layla deyir…
Oğlunun baş daşını
öpərək qucaqlayır.
Ana elə göynəyir,
ana elə ağlayır....
Deyir “hardasan oğul,
niyə geri dönmədin?
Sənsiz sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına gəlmişəm
deyiləsi sözüm çox,
Bura son ümid yerim,
Gediləsi yerim yox”...
Ana boynunu büküb
için-için sızlayır.
Oğlunun baş daşını
həsrətlə qucaqlayır.
Birdən ah cəkib susur,
Şəhid oğul önündə
sanki səcdəyə durur...
Ahı göyü yandırır,
ahı yeri yandırır...
Oğulun səsi gəlir…
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
“Ağlama, can ay ana,
Şəhid anasısan sən!
Bu torpağın, bu yurdun
enməz Qalasısan sən!”
Oğlun şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların cənnətidir
yaradanın dərgahı.
Bir başını qaldır sən,
Vətən göylərinə bax.
Şəhidin gülümsəyir,
ordan sənə baxaraq.
Sevinclə o göylərdən
səni müjdələyəcək.
Son nəfəsində səni
cənnətə götürəcək...
Şəhidlər xiyabanı...
hər yer sükut içində.
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə…
Uzaqdan bir səs gəlir,
Bir ana layla deyir,
gah coşğun, gah da həzin,
Gah da harayla deyir.

Xocalı harayım
O gecə Xocalı qana boyandı,
O gecə vətənin ürəyi yandı,
O gecə haqq da özü haqqını dandı,
İçimi qanla yedim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...

Körpə süngülərin körpə harayı,
Oxladı sinəmi neçə min sayı,
Can verdi bir anda illərim, ayım,
Mən də bir qurban idim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...

Qan içdi torpağım, qana boyandı,
O gecə Xocalı alışdı, yandı,
O gecə elə bil həyat dayandı,
Bilmədim yerdəmi, ya göydə idim
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...

Qanlı Xocalım laylay...
İnlədi yaralı bir aslan kimi,
Zaman ömrümüzün qəddar hakimi,
Gözünü sığadı əcəl qan kimi,
Mən dərdə boyanıb,
mən kədər dindim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...

Laylay Xocalım laylay,
Başı bəlalım laylay,
Dünyan qana boyandı,
Qaldı nə halım, laylay...
Qanlı Xocalım laylay..

LAÇIN
Aramızda otuz ilin nisgili,
Aramızda illər qaldı, ay Laçın.
Bu namərdlər, bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can Laçın...

Bir dünyalıq həsrət oldun gözümdə,
Bitdin dodağımda, bitdin sözümdə,
Zülmətə çevrildi hər gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can Laçın...

Şəhid harayından göyərən daşın,
Dərddən nalə çəkib ağaran başın,
Hər daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay Laçın.
Can Laçın...

Baba yurdum səndə qalıb, qocalıb,
Sanki dünya ömürümdən öc alıb,
Daha qəm-kədərim arxada qalıb,
Gözlərim sevincdən boldu, ay Laçın.
Can Laçın...

Qurbanlar kəsdim ki, arzuma yetəm,
Çiçək olub Laçın qayanda bitəm,
Gül qoxulu yamaclarında ötəm,
Xoş bu günün, xoş bu halın, ay Laçın.
Can Laçın...

Duydun azadlığın xoş nəfəsini,
Eşitdin zəfərin şən nəğməsini,
Xuraman səsinə qatıb səsini,
Sevincindən qanad çaldı, ay Laçın.
Can Laçın…

Vətən adlı şəhidlər
“Şəhidlər ölməzdilər,
Şəhidi ağlamazlar”.
Bu sözün arxasında
Milyon qəhrəmanımın,
Tükənməyən taqəti,
Bitməz cəsarəti var.
Şəhidin ölməzliyi,
İgidin dönməzliyi,
Mərmi-mərmi ucalan,
Oğul mübarizliyi,
Bir də Vətən sevgisi,
Onun sönməzliyi var.
Vətən ağrılarından,
Vətən sancılarından,
Doğulan oğulların,
Şəhidlik zirvəsində,
Qeyrəti var, adı var..
O ad ki, əbədidir,
O ad ki, müqəddəsdir.
O ad Vətənlə birgə,
Çəkilən qoşa səsdir.
Vətən adlı oğullar,
Vətən adlı şəhidlər,
Vətən adlı zirvənin,
Yenilən nəfəsidir.

Ata
Çoxdan gözləyirdim yolunu ata,
Arzum, muradımsan, bilirsən bunu.
İstəmərəm saçlarına dən düşə,
Sənsiz həyatımın yoxdu bir sonu.
Mənə ürək verən, ürəyim ata.
Süfrəmdə bərəkət, çörəyim ata.

Mənim hər dəqiqəm, hər bir anımsan,
Damarda çağlayan, axan qanımsan,
Arzular məskəni olan canımsan,
Həyatımın özü, adısan ata,
Ömrümün mənası, dadısan ata.

Ürəkdən yazıram tükənmir sözüm,
Sənsiz işıq görsə kor olar gözüm,
Saçına gül-çiçək çələngi düzüm,
Bənövşə ətirli mehriban ata.
Hər sözümə “haycan” deyən can ata,

Səni candan sevən bir övlad kimi,
Sənə həmdəm olan, şirin ad kimi,
Şəninə boy verən bir soyad kimi,
Dərdimə qalanım, hayanım ata,
Fəxrim-vüqarımsan, ad-sanım ata.


Səcdənə gəlmişəm Şuşam
Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.
Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.

Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.

Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdü nədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.

Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam.

Mən göy adamıyam
Mən göy adamıyam, yerlə işim yox,
Mən göydən gəlmişəm, göy adamıyam.
Haqqın aşiqiyəm, haqqın günəşi,
Ağıl adamıyam, bəy adamıyam.

Gözü yaşlı haqqın sinəsin açıb,
Nə gecəyə sığdım, nə də gündüzə.
Çəkib içimdəki qaranlıqları,
Dönmüşəm harayçı, coşğun dənizə.

Mən göy adamıyam, yerə sığmaram,
Gizli gələn payız, səssiz yağışam.
Gülən azadlığa bir salam verib,
Haqqın güzgüsünə qonan naxışam.

Su kimi durulur ömrün illəri,
Göyün söz yarağı, sözün yeriyəm.
Yerlə-göy arası mələk libaslı,
Haqqın sərhəddiyəm, sözə dirəyəm.

Mən göy adamıyam, eşidin məni,
Göyün göy qurşağı, səma rəngiyəm.
Gülən azadlığın əlindən tutub,
Yerin nəfəsinə çəkən biriyəm.

Asıb günahından günahkarları,
İldırım oluram, şimşək çaxıram.
Dənizdə yuyulan ləpələr kimi,
Sahildən sahilə ümid axıram.

Mən Təbriz yoluyam, Dərbənd yoluyam,
Salıram yolumu ayrılıqlara.
Bu ağır yolları alıb çiynimə,
Ümid daşıyıram, ümid yollara.

Mən qartal vüqarlı, dağ havalıyam,
Mən Vətən ruhluyam, şəhid məkanlı.
Dodağımda günəş-günəş söz açıb,
Olmuşam Vətənə mən ikicanlı.

Mən göy adamıyam, göylərdən enib,
Haqqın-həqiqətin zümzüməsiyəm.
Xuraman adında bir Vətən qızı,
Azərbaycan adlı Vətən səsiyəm.

AYASOFİYAM
Allahu Akbər deyirəm,
Ruk edib səcdə edirəm,
Sənin ücün dua edirəm,
Müqəddəs, yenilməz Qalam,
Ayasofiyam, Ayasofiyam!

Peyğəmbərimin nur üzü,
Fatehi Mehmetin özü,
Sən ruhumun görən gözü,
Könlüm səndən alar ilham,
Ayasofiyam, Ayasofiyam!

Hardan baxsam görrəm səni,
Sən eyy dünyanın gözəli.
Hüriiyyətimin əzəli,
Sən Rəbbimizdən bir nişan,
Ayasofiyam, Ayasofiyam!

Toprağında səcdə izi,
Tariximin ulus izi,
Nəfəsində rəhmət sözü,
Sən ey ürəklərdə qalan
Ayasofiyam, Ayasofiyam!

Uca səs gəlir göylərdən,
Dəstə-dəstə mələklərdən,
Aləmlərin tək Rəbbindən,
Üzərinə olsun salam
Ayasofiyam, Ayasofiyam!

Bu şeiri söylər Xuraman,
Dualarım sənlə hər an,
Canım olsun sənə qurban
Can Azərbaycandan salam
Ayasofiyam, Ayasofiyam!!!

Bütün xəbərlər Facebook səhifəmizdə