(“İmam Şamil” pyesi ilə bağlı ressenziya)
Çox yazıblar Qafqaz xalqlarının sevimli qəhrəmanı imam Şamildən - əxlaq və imanı, ruh və mənəviyyatı, ağıl və düşüncəsi böyük olan o kamildən.
Çox yazıblar Şamilin mərdlik və qəhrəmanlığından, yadelli qəsbkarlara, xüsusən rus çarizminə hədsiz amansızlığından.
Çox yazıblar Şamilin yurdsevərliyindən, Şamilin vətən, xalq, millət, azadlıq, istiqlal başkeçərliyindən.
Çox yazıblar Şamilin hərbi şücaətlərindən, ən gərgin, ən kritik məqamlarda belə, ümid və inamını, gələcəyə baxışını qeyb etməməsindən, məslək və əqidəsinə sonadək sadiqliyindən, azadlıq duyğusundan, dönməz aşiqliyindən.
Çox yazıblar Şamil hərəkatının Rusiya imperiyasını lərzəyə gətirməsindən, bu hərəkatın Qafqaz və Dağıstan xalqlarına nəfəslik, oksigen balıncı olmasından, bu hərəkatın dünya hərb tarixində oynadığı müstəsna rol və əhəmiyyətindən.
Yazıblar Şamil haqqında o dövrün görkəmli tarixçi və siyasətçiləri, o dövrün mətbuat və informasiya agentlikləri, o dövrün tanınmış şərhçi və analitikləri.
L.Tolstoy, R.İ.İvanov, V.V.Bartold, D.Danlov ... yazıblar Şamil hərəkatının mütərəqqiliyindən, böyük Rusiyanı çalxalandırmasından, Qafqaz və Dağıstan xalqlarını ayağa qaldırmasından.
Azərbaycan filosofu Heydər Hüseynovun alim qələmində gerçək siması canlandırılıb imam Şamilin və onun müridizm hərəkəatının gerçəkliyi.
Azərbaycan Xalq yazıçısı Mehdi Hüseyn 1940-1941-lərdə özünün “Şeyx Şamil” dramında heykəlləşdirib Şamilin monumental bədii obrazını.
Azərbaycanın dünyaca məşhur ictimai-siyasi xadimləri İmam Mustafayev və Sadıq Murtuzayev “İmam Şamil” romanında məharətlə epikləşdiriblər imam Şamil obrazını və şəxsiyyətini, Şamilin azadlığa və xalqına vurğunluğunu, elinə-obasına məcnunluğunu.
İstedadlı qələm sahibi Məhəmməd Tahirin “Üç imam” romanı da Şamil haqqında yazılmış maraqlı əsərlərdən öz bədii siqləti və sanbalı ilə heç də geridə qalmır.
Real əfsanəvi qəhrəman Şamilin döyüş və savaşlarda keçən həyatını əks etdirən daha bir əsər qabağımdadır. Bu, tanınmış yazıçı-dramaturq, istedadlı rejissor və teatr xadimi, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İmam Şamil” ikihissəli tarixi faciəsidir.
Çeçen xalqının (Dağıstan xalqlarının) azadlıq və istiqlaliyyət, müstəqillik –özgürlük uğrunda uzunmüddətli şanlı mübarizəsini ön plana çəkir bu dramda Ağalar İdrisoğlu. Elə bir azadlığı, elə bir müstəqilliyi ki, illərlə onu arzulamış, illərlə onun həsrətini çəkmişdir çeçen xalqının (Dağıstan xalqlarının) hər bir qızı, hər bir oğlu. Bu əlyetməz müqəddəs azadlığın həsrətini çəkənlər çoxdan da çox idi. Fəqət azadlığa açılan güllələrə ilan kimi atılanlar heç yox idi. Hamı, hər kəs qovrulurdu odunda minillik əsarətin. Fəqət kimsə qucağından ayrılmırdı kəsafətin - ətalətin. Gah o küncdə, gah bu küncdə hamı, hər kəs elə “mus-mus” deyirdi. Fəqət kimsə bircə yolda olsun belə heç Mustafa demirdi. Deyə də bilməzdi. Çünki çar Rusiyasının zülmü hədsiz dərəcədə amansız idi, “Rusların top atəşindən vahiməyə düşən zəif xanlıqlar, rus boyunduruğuna girdikdən sonra özlərinin müdhiş gələcəyini hiss eləyib azadlıq yoluna qayıtmaq istərkən dərhal amansızlıqla məhv edilirdilər” (I hissə, II epizod, səh.224)
Əsarət, vəhşilik, amansızlıq, sən demə, öz bətnində öz cəllad və qisasçısını, öz başkəsənini də hazırlayırmış, özündən xəbərsiz özünə qəbir də qazıyırmış. Bu “cəllad”, bu “qisasçı”, bu “başkəsən”, bu “qəbirqazan” çeçen xalqının (Dağıstan xalqlarının) mərd və mübariz oğlu imam Şamil idi. O Şamil ki o, əzilən -əzdirilən, alçalan-alçaldılan xalqların hay-harayçısı, arxa-dayağı, pənahı – ümidiydi. O, öz şəxsi həyatında azadlıq və istiqlalın nə olduğunu, hansı gücə-qüdrətə malik olduğunu zaman-zaman anlamış və azadlıq eşqilə yandıqca yanmışdı. Əzablar, işgəncə və zülmlər imam Şamilin qulaqlarına sanki belə pıçıldamışdır:
Azadlıq – hər ölkənin
ən ilkin əlifbası,
Azadlıqsız bir ölkə -
dünyanın xarabası.
Ağalar İdrisoğlunun Şamili, hər şeydən əvvəl, azadlıq və müstəqillik ideyasının ruporu-daşıyıcısıdır. Şamil özündən qat-qat güclü bir qüvvə ilə - rus çarizmi ilə üz-üzədir, pəncə-pəncəyədir. Bu bizə allahlar allahı Zevslə qeyri-bərabər mübarizəyə girişən Prometeyi xatırladır. Prometey bəşəriyyətin xoşbəxtliyi naminə Zevs ilə mübarizə aparırdı. Şamil isə öz xalqının oğurlanmış azadlıq və istiqlalını xalqına qaytarmaq naminə çarizmlə ölüm-dirim savaşı başlamışdı. Əlbəttə, dramatik münaqişələrdə hər iki qəhrəman cismani baxımdan rəqibinə basılır. Çünki cəmiyyətin, mühitin normativ irəliləyişləri, daşlaşmış qanun və ehkamları hər iki qəhrəmanın fərdi istəyindən daha güclü, daha amansız və dirənişlidir. Mühit onunla hesablaşmaq istəməyənlərdən intiqam alır. Oxucu isə bu məğlubolmada belə hər iki surəti (qəhrəmanı) zamanla, mühitlə çarpışan, çirkabla barışmayan əzəmi fəci obrazlar kimi qəbul edir və onların ideal və məramlarını özününkü bilir.
“İmam Şamil”də mütləq qəhrəmanlıq ruhu yaşayır. Əslində qəhrəmanlığın özü faciədir. Qəhrəman (imam Şamil) məhz ona görə qəhrəman sayılır ki, o, adi insanların alışdığı gündəlik hüquqi-normativ sənədlər, həm də xalqa-millətə zidd sənədlər çərçivəsinə sığmır, xalqına (bəşəriyyətə) yeni həyat norması, yeni gündəlik həyat tərzi təqdim edir. Deməli, yeniliklə köhnəlik toqquşur, əsarətlə azadlıq kəllə-kəlləyə gəlir, torpağın, vətənin əsil sahibləri ilə gəlmələr-əcnəbilər, həm də işğalçı əcnəbilər üz-üzədir, qənşər-qənşərədir. Budur, vətənin xilaskar oğlu Şamil rusların Klugenov adlı generalını, onun təmsil etdiyi rus çarizminin işğalçılıq siyasətini çılpaqlığı ilə necə də üzünə çırpır: “Nikolay dediyin o adamı mən tanımıram. Əgər o, Rusiya çarı adlanırsa, bəs onun əsgərlərinin buralarda, Qafqazda, bizim vətənimizdə nə işi var? Axı bura Rusiya deyil. Bura bizim müqəddəs vətənimiz, dədə-baba yurdumuzdur, rusların yox. Çar əsgərlərini buradan çəksin, bizi sərbəst buraxsın. Biz heç kimin təbəəliyini qəbul etmirik. Tarix boyu qafqazlılar sərbəst yaşayıb, həmişə də öz torpaqlarını yadellilərdən mərdanəliklə, igidliklə qoruyublar. Ona görə də dünya xalqları qafqazlılara qartal vüqarlılar deyiblər”. (I hissə, VII epizod, səh. 242-243)
General Klugenov çarizmin Qafqaza sülh, əmin-amanlıq, dostluq, qardaşlıq gətirəcəyini təkrar-təkrar çərənləyəndə Şamil generalın başdan-başa hiylə-kələk dolu sözlərini kəsir, generala daha kəskin, daha sərt cavab verir: “Biz özümüz bir-birimizlə (yəni Dağıstan xalqları ilə - M.X) sülh, əmin-amanlıq yarada bilərik. Elə tarixlər boyu da mehriban olmuşuq. Rus çarının tabeçiliyində yaşamaq istəmirik. Hər millət özünün azadlığını hər şeydən üstün tutur. Sizlər bu torpaqları vuruşla, günahsız qan tökmək bahasına zəbt eləyibsiz. İnanmıram ki, həmin xalqlar sizi ürəkdən sevsin, özlərinə böyük qardaş bilsinlər. Bu, sadəcə sizin təxəyyülünüz, siyasətinizdi... Bizə başqasının mollalığı lazım deyil. Sülhü özümüz də qoruyub saxlaya bilərik” (I hissə, VII epizod, səh. 243)
I Nikolay hər nə qədər çalışsa da, Şamil onunla görüşmür, Nikolayın hər hansı missiya ilə Çeçenistana gəlməsinə razılıq vermir. Get-gəllər, şifahi danışıqlar bir fayda verməyəndə Nikolay Şamilə məktub göndərərək onunla Tiflisdə görüşmək arzusunda olduğunu bildirir. Sözübütöv, andı – məramı pozulmaz Şamilin kəskindən kəskin cavabı sarsıdır Nikolayı: “Qəti cavabım isə belədir: Fani vücudumun parça-parça ediləcəyini, canımı verdiyim bu vətən torpağında daş üstündə daş qalmayacağını bilsəm belə, qərarımı əsla dəyişməyəcəyəm. Nə qədər ki, sizin axırıncı əsgərinizçin bu yerlər qəbiristanlığa çevrilməyib, qoşunlarınızı tez bir zamanda Qafqazdan çıxarın. Bilin ki, vətən torpağı heç vaxt heç kimə pay verilmir”. (I hissə, XIII epizod, səh. 244)
Sarsıdır, təbiətindən çıxarır ittiham dolu bu məktub Nikolayı. Hiddətlənir, qeyzlənir imperiyanın başında duran o ayı. Və Nikolay Qafqaz xalqlarını həmişə itaətdə saxlamaqçın daha müdhiş bir istila və intiqam planı hazırlayır. Bu plan əslində Nikolayın yox, imperator Böyük Pyotrun işğalçılıq planı, Böyük Pyotrun öz gələcək nəsillərinə vəsiyyətidir: “Qafqaz xalqlarını həmişə itaətdə saxlamaq lazımdır ki, onlar Avropa ölkələrinə yürüş edib, həmin ölkələri ələ keçirə bilməsinlər. Çünki qafqazlılar döyüşkən və birliksevən xalqlardır. Onlar asanlıqla Avropanı tam ələ keçirə bilərlər. Onda bizim vəziyyətimiz də yaxşı olmaz. Yadınıza salın Atillanı. Avropanı ələ keçirəndən sonra dünyaya ağalıq eləmək istəyirdi, alınmadı. Böyük Pyotrun bu vəsiyyəti bizimçün həmişə müqəddəs ayə olmalıdır”. (I hissə, XIII epizod, səh. 246)
Qafqaz xalqlarını ram etmək üçün Nikolay hökuməti digər vasitələrdən də istifadə edir: rusların tanınmış şair və yazıçılarını, filosof və siyasətçilərini Qafqaza göndərir, onların qafqazlılarla görüşlərini təşkil edir, Qafqazda pulsuz məktəb və xəstəxanalar açdırır, rus qadınlarının kütləvi şəkildə Qafqaza ekspansiyasını gerçəkləşdirir, erməni nüfuzluları ilə əlaqələri daha da möhkəmləndirir, spirtli içkilərin istifadəsini genişləndirir və s. Bütün bu ələalma, bütün bu işğaletmə vasitələri nə Şamilin, nə də xalqın iradəsini qıra bilmir və xalqda rus imperializminə rəğbət oyatmır.
Çeçenlərin (Dağıstan xalqlarının) dəli-divanəsidir. Məcnunudur imam Şamil. El-obasının, onun gözəlliklərinin atəşlərə yanan pərvanəsi, cünunudur Şamil. Başından keçir, lakin çeçenlərdən, dağıstanlılardan keçmir. Gavurların zəhərini içir, lakin vətəninin şərbətini onlara içirmir. Ruslarla barışığa razı olmur, fəqət on iki-on üç yaşlı Camaləddin oğlunu gavurlara girov göndərməkdə tərəddüdlənmir Şamil. Bu, Şamil vətənpərvərliyinin ucalıq və möhtəşəmliyinin təsdiqidir. Bu, Şamil yurdsevərliyinin əyaniliyi, görküdür: “Mən boş yerə xalqı qırğına vermək istəmirəm. Qaladakı (Axilqo qalası nəzərdə tutulur – M.X) qocaları, qadınları, uşaqları xilas etmək naminə oğlum Camaləddini girov verirəm. İbrahim peyğəmbər də Allah yolunda oğlu İsmayılın qurban kəsilməsinə razılıq vermişdi. Mənim oğlum İsmayıl peyğəmbərdən artıq deyil. Gedin arvadım Cavharata deyin ki, Cəmaləddinin ən bahalı paltarını geyindirsin, onu bura göndərsin” – (I hissə, IX epizod, səh. 249)
Oxucu (tamaşaçı) dram boyu Şamili müxtəlif situasiyalarda, müxtəlif obrazlarla təmasda görür, arzu və istəklərinin şahidi olur. Bu məqamlarda da Şamil gah dalğın –kədərlidir, gah məğlub-zəfərlidir, Şamil gah məşvərət şurasının rəhbəri Ağsaqqalla, gah müridlərlə görüşür, gah doğmaları ilə (anası Banu Mesedi, övladları Qazi Məhəmməd, Camaləddin, Nəfisət) görüşür, gah da çar ordusunun generalları ilə (Qurko, Klugenov, Vrangel, Baryatinski) diplomatik danışıqlar aparır, gah İlisu sultanı Danyal bəylə, gah Dağıstanın II İmamı Həmzətlə, gah da əfsanəvi sərkərdə Hacı Muradla söhbətləşir, bu və ya digər məsələləri müzakirə edirlər. Bu xətlərdə oxucu (tamaşaçı) Şamili bacarıqlı və mahir sərkərdə, istedadlı və məharətli hərb xadimi kimi görür, azadlıq və istiqlal savaşçısı kimi alqışlayır, bəzən də amansızlığının və ya quzu kimi məsumluğunun şahidi olur. Şamil hansı vəziyyətdə, hansı psixoloji-mənəvi gərginliklərdə olursa-olsun, azadlıq eşqi, vətən suverenliyi, vətən müstəqilliyi onu bir an da belə tərk etmir, övladlarını belə Vətənə qurban verməkdə israrlı və qətiyyətlidir. Pyesin II hissəsinin XIX epizodunda iki qardaşın (Camaləddin və Qazi Məhəmməd) söhbətləşməsindən məlum olur ki, Şamilin böyük oğlu Camaləddin 17 il rus çarı Nikolayın tərbiyəsi altında böyümüş, Nikolayın yalan-hədyanlarına inanmış, Nikolayın hiyləgər siyasəti onu yolundan azdırmış və sarayda onu qəti inandırmışdılar ki, Şamil çarizmə qarşı apardığı otuz illik müharibədə haqsızdır və məğlubiyyəti labüddür. Camaləddin atası məğlubiyyətə uğramasın, Qafqaz xalqlarının qırılmasına son qoysun deyə atasına ruslara təslim olmağı tövsiyə edir. Bu, Şamili hövsələdən çıxarır və o acı-acı gülümsəyərək deyir: “Nikolay Qafqazı qan çanağına döndərib. Belə bir qəddarla, başqa xalqların torpağını istila eləyən, günahsız insanları qətlə yetirən, ona itaət, biət eləməyənləri zorla Sibirə sürgün eləyən bir qatillə mən necə barışa bilərəm? Düşmən dəyirmanına su tökən belə oğul isə mənə lazım deyil. O ölməlidir”. (II hissə, XIX epizod, səh. 288).
Kiçik oğlu Qazi Məhəmməd atasına yalvarır-yaxarır, Camaləddinin vərəm xəstəliyinə tutulduğunu, müalicəyə ehtiyacı olduğunu söylədikdən sonra atanın qəzəbi soyuyur və o, Cəmaləddinə kəsdiyi ölüm hökmünü Karataya sürgünlə əvəzləyir. Karata sürgünü də döndərə bilmir Camaləddini çarizmin mürtəce siyasətindən. Təcrübəli həkimlər də Cəmaləddini xilas edə bilmir vərəmin canüzən məşəqqət və əziyyətindən: “Tiflisdən gələn həkimlər çox çalışsalar da, heç bir nəticə vermədi. Camaləddin otuz bir yaşında dünyasını dəyişdi. Gözlərini əbədi yumdu. Bu ağır dərd Şamilin belini bükdü”. (II hissə, XIX epizod, səh. 289)
Yuxarıdakı etiraf Məşvərət şurasının rəhbəri Ağsaqqalındır. Şamilin etirafları daha dəhşətli, daha amansızdır. Dəhşətli-amansız olduğu qədər də səmimidir, real və həyatidir. Şamilin etirafları həm ata etiraflarıdır, həm imam etiraflarıdır, həm də sərkərdə etiraflarıdır. Bu etiraflarda təəssüf də var, peşmançılıq da. Bu etiraflarda inam da var, inamsızlıq da. Bu etiraflarda məsləkinə, tapındığı yola satqınlar da görünür, məslək və əqidəsinə sabit-qədəmlər də! Bu etiraflarda rus çarizminin “Parçala, hökm sür!” mürtəce siyasətinə nifrət də dalğalanır, qəzəb də aşır-daşır. Bu etiraflarda Şamilin aldanışları da hayqırır, Şamilin səbirsizlikləri də! “Oğul, oğul! Sənin ölümün belimi sındırdı. On yeddi il həsrətini çəkdim. Gecəm-gündüzüm sən oldun. Allaha yalvarırdım ki, səni gavurlardan xilas eləyim... Xilas elədim. Axırı da belə. Artıq yavaş-yavaş başa düşürəm ki, sən düz deyirmişsən... Gərək sənə qarşı elə qəzəblənməyəydim. Sənə səbrlə qulaq asaydım. Qəzəb şeytan əməlinin dəhşətli bir hissəsidir... Səbirli olub Hacı Murada qulaq assaydım, başımıza bu qədər müsibətlər gəlməzdi. Ruslar bizim səbirsizliyimizdən ustalıqla istifadə edib, Qafqaz xalqlarını parçalayıb, torpaqları əsarətə saldılar. Gərək səbrimi basıb, heç olmasa sənə axıra qədər qulaq asaydım, oğlum. Artıq görürəm ki, xalqın qüvvəsi sarsılıb. İnsanların mənə inamı azalıb. Dağlıların rus imperiyasına qalib gəlmək əzmi artıq itib... Etibar bəslədiyim naib Gibit Mohama gavurların tərəfinə keçib, Tilitili kimi döyüş əhəmiyyətli bir gözəl yeri də onlara təslim eləyib. Bu yandan da Danyal bəy ruslara satıldı. Mən ona çox etibar eləyirdim. Hacı Muraddan sonra o mənim sağ əlim idi. Ruslar onu ələ almaqla mənim artıq sağ qolumu da kəsdilər”. (II hissə, XIX epizod, səh.290)
İmam Şamilin yuxarıdakı monoloq-etirafından məlum olur ki, otuzillik üzücü- yorucu müharibə Şamil hərəkatında parçalanma, çatlar yaratmış, xəyanət və satqınlığa yol açmış, müridlərin Şamilə inamını azaltmış və hətta Şamilin ən yaxın naibləri belə (Danyal bəy, Gibit Mohuma) Şamilə arxa çevirib ruslara satılmışlar. Hərəkatın öz əvvəlki monolit və möhtəşəmliyini itirməsində Şamilin özünün səbirsizliyi, qəzəbini cilovlaya bilməməsi, yaxın silahdaşlarının ağıllı məsləhətlərini qulaqardına vurması da az rol oynamamışdır. Dramın II hissəsinin XX epizodu başdan-başa Şamilin öz səhvlərini dərk etməsi səhnəsidir. Adını çəkdiyim bu epizodda Danyal bəy Şamilin üç böyük səhvini Şamilə xatırladır: 1) Müstəqil Ümumqafqaz Müsəlman dövlətinin yaradılmasına etirazınız; 2) naiblərə inanıb Hacı Muradı rəhbərlikdən uzaqlaşdırmağınız; 3) Cəmaləddini eşitməməyiniz. “Böyük İmam! Bizim bu müqəddəs müharibədə uduzmağımızın ən böyük səbəbi sizin bu üç böyük səhvinizin nəticəsində baş verir” (II hissə, XX epizod, səh. 292, 293)
Şamil hərəkatı güclü-qüdrətli hərəkat idi. Rusiyanı lərzəyə gətirən, çarın yuxusunu qaçıran hərəkat idi. Hərəkatın başçısı Şamilin və habelə onun cəsur əsgərlərinin qəhrəmanlıqları, döyüş qabiliyyətləri nəinki Qafqazda, hətta Rusiyanın dərinliklərində dildən-dilə dolaşır, sülhsevər rus xalqının əzilmişlərinə ruh və ilham verirdi. Bu hərəkatın cəsarət və qorxmazlığını rus ordusunun sayılıb-seçilən generalları belə etirafda bulunublar. Bu həqiqət çar generalı Qurkonun I Nikolaya göndərdiyi məktubunda görün, necə də parlaqcasına öz ifadəsini tapır: “Böyük Əlahəzrət! Şamilin yüksək əsgəri qüdrətini, ən mürəkkəb vəziyyətlərdən dərhal baş çıxarıb qərar verə bilməsini, idarəetmə qabiliyyətini təqdir eləməmək nadanlıq olardı. Maddi imkanları məhdud, silah, hərbi sursat baxımından çətinlik çəkən Şamilin bunları heç hiss etdirməməsi onun böyük təşkilatçılıq, yaradıcılıq bacarığına dəlalət eləyən keyfiyyətlərdir. İndiyədək Qafqazda Şamil qədər təhlükəli, qüvvətli, xalq tərəfindən çox sevilən düşmənlə qarşılaşmamışıq. Axulqo döyüşündən sonra o, tam azğınlaşıb... onun qarşısında çox çətinliklə duruş gətirə bilirik. Şamil Məhəmməd peyğəmbərin dünyanın dörddə üçünü sarsıtdığı zamandakına bənzər dini, əsgəri bir şöhrət qazanıb”. (II hissə, XIII epizod, səh.264)
Çar hökuməti Şamil hərəkatını sarsıtmaq, içəridən parçalamaq üçün hər cür alçaqlığa-əclaflığa əl atır, qafqazlılar arasında iğtişaş yaradır, cavanları spirtli içkilərə, narkotik vasitələrə həvəsləndirir, yoxsul dağlılara pul-para vəd edir, Şamili aradan qaldırmaq üçün çeşidli vasitələr arayıb-axtarır: “rusların bu siyasəti nəticəsində 1843-cü ilin əvvəlində Çeçenistanda Yuxarı Burtanay əhalisi mənə (imam Şamil nəzərdə tutulur – M.X), şəriətə qarşı çıxıb bizim təbəəliyimizi rədd elədilər... Ən dəhşətlisi budur ki, çoxlu cavanlarımız da artıq rusların əli ilə spirtli içkiyə, narkotik vasitələrə aludə olublar. Onları bu yoldan çəkindirmək də artıq çətinləşib. Çünki onlar xristianlığı qəbul eləməklə Nikolaydan yaxşı ənamlar da alıblar... Yadellilərin puluna, var-dövlətinə aldanıb, vətəni satanların cəzası ölümdür”. (II hissə, XIII epizod, səh.265)
Dramaturq Ağalar İdrisoğlu əsər boyu açır-tökür çarizmin həm öz xalqına, həm də türk-müsəlman xalqlarına vəhşilik və idbarlığını.
Tarixi faktları bədiilik aynasında parlaq şəkildə əks etdirməklə dramaturq əyaniləşdirir, fokuslaşdırır çarizmin ağılasığmaz zorakılıq və qəddarlığını.
Dramaturq tarixi sənəd və faktlara söykənərək oxucularına (tamaşaçılarına) demək istəyir ki, Nikolaylar, Aleksandrlar və daha sonrakı çarlar özlərinin işğalçılıq siyasətlərində babaları I Pyotrun vəsiyyətinin həm davamçıları, həm də icraçılarıdırlar: “Qafqazdan sonra bizim bir problemimiz qalır. Bu da Azərbaycandır. Azərbaycanı farslarla bölüşməyimiz bizə böyük itkidir. Mən (Nikolay nəzərdə tutulur – M.X) tezliklə Azərbaycanın Cənub hissəsini də farslardan alıb hökmən Rusiya ilə birləşdirəcəm. Çünki böyük sərvətləri olan Cənubi Azərbaycan nə qədər ki, farsların əlindədirsə, onlar bu sərvətlə bizim ölkəyə də hücum edə bilərlər ki, Şimali Azərbaycanı da ələ keçirsinlər.”Onlar bilirlər ki, Bakı neftini farslar ələ keçirə bilsələr, böyük sərvət qazanarlar. Ona görə də Qafqazdan sonra cənubda bizim bir qorxulu düşmənimiz varsa, o da farslardır. Sonra da Orta Asiya ölkələrini işğal eləyib Rusiya ilə birləşdirməliyik” (I hissə, X epizod, səh. 254)
Ağalar İdrisoğlu çar generallarını (Vorontsov, Klugenav, Vrangel, Qurko (bunların bəziləri tarixi şəxsiyyətlərdir) danışdırarkən məlum olur, onların hamısı işğalçı- qisasçıdır, türk xalqlarına nifrətli – hiddətlidir, çeşidli işgəncə yaradıcılığında mahirdir – qadirdir.
Rus çarizmi yalançı – hədyançıdır, soyğunçu-talançıdır, çoxdur vədi, lakin vədlərinə yoxdur əhdi, hiyləgərdir – kələkbazdır, ayıqlıqda- sayıqlıqda keçəl qazdır: “Biz Qafqaza yalnız əmin-amanlıq, sülh gətirməkçün gəlmişik. Bütün qafqazlılarla da həmişə doğma qardaş kimi mehriban yaşayacağıq. Biz bu dostluğu həmişə hər şeydən üstün tutacağıq. Bunu siz özünüz də görəcəksiniz. Bizim birliyimiz, dostluğumuz bütün dünya xalqları üçün bir görk olacaq. Bunu gələcək tarix də sübut edəcək”. (II hissə, XXI epizod, səh 298) “... Bu da bizim siyasətdir. İndi söz verək, təki təslim olsun (burda söhbət Şamildən gedir – M.X). Amma sonra heç bir şərti qəbul olunmayacaq. Belə eləməsəydik, Şamili diri ələ keçirməyə güman az idi. Bizə isə onun diri ələ keçirilməsi bütövlükdə qələbə qədər vacibdi. Əgər o, döyüşlərdə ölsə, qafqazlılar bunu bizə bağışlamaz, yenə də bizimlə müharibəyə başlayarlar”. (II hissə, XXI epizod, səh.299)
Çarizm din qardaşlarını, məslək-amal yolçularını bir-birinin üstünə qaldırmaqda, aralarında düşmənçilik toxumu səpməkdə çox-çox pərgardır, çox-çox ustazəndir. Bu çirkin oyunda ruslara işləyən yerli dönüklərin fəallığı heç də az olmayıb: “Sizin aranızda (Şamil və Hacı Murad nəzərdə tutulur – M.X) bu düşmənçiliyi yaradan bizim ruslara işləyən dönüklərimizdir. Onlar ruslardan pul alıb, sizi bir-birinizə qarşı düşmən eləyib vuruşa qaldırmaq istəyirlər ki, bizim gücümüz zəifləsin. Mən həyatın bütün sərt üzünü görmüşəm. Adamların daxilində olan iblis xisləti çox vaxt onlara üstün gəlib. Onlar özlərindən güclü insanların həmişə aralarını vurur, düşmənçilik yaradırlar. Sənin (yəni imam Şamilin – M.X) naiblərinin arasında da belələri var” (II hissə, XVII epizod, səh. 272). Elə bu məkrin, bu hiylənin gücü Hacı Muradı, Danyal bəyi, daha neçə-neçə muridi imam Şamilə düşmən kəsdirdi, Şamil hərəkatına məğlubiyyət yaşatdı. Nəticədə 1852-də Hacı Murad döyüşlərin birində qəhrəmancasına həlak oldu və Vorontsov onun başını kəsdirdi, Sankt-Peterburqa Nikolaya ənam göndərdi. Sonralar bu başı Peterburqdakı Hərbi Akademiyanın muzeyinə eksponat kimi bağışladılar. Danyal bəy isə rusların qoltuğuna sığındı, hətta general-mayor rütbəsi ilə mükafatlandırıldı.
Rus-çeçen müharibəsi Çeçenistanı da əldən saldığı, yorduğu kimi Rusiyanı da gücdən-taqətdən salmışdı. Belə ki, Rusiyada kəndli üsyanları baş qaldırmış, xalq etirazları ölkəni ağzına almış, valideynlər isə övladlarını ordu sıralarından yayındırırdılar: “... Bu döyüşlərdə biz çox adam itirmişik. Bizim bu dağlılarla döyüşməyə gücümüz qalmayıb. İnsanların da bu müharibələrə görə bizə inamı azalıb. Artıq adamların çoxu öz övladlarını müharibəyə göndərmək istəmir, çar Nikolaydan sonra taxta çıxan II Aleksandra öz etirazlarını açıqca bildirirlər... Açıq etiraf eləyim ki, əgər bu müharibə bir qədər də uzansaydı, bəlkə, biz özümüz təslim olacaqdıq. Qafqazdan birdəfəlik əl çəkəcəkdik. Çünki Qafqaz adı gələndə insanlarımızda böyük qorxu xofu yaşanır. Əsgərlərimizin Hacı Muradın kəsilmiş başını görəndə qorxudan necə pərən-pərən düşdüyünü özüm görmüşəm.” (II hissə, XXI epizod, səh. 300) Bu, Qafqazın canişini, rus generalı Baryatinskinin etirafıdır, Baryatinskinin rus çarizminin müharibədəki məğlubiyyətinin anonsudur.
“İmam Şamil”də Şamil yalnız sərkərdə, imam deyil. O, eyni zamanda, həyat yoldaşıdır, balalarına atadır, sədaqətli dostdur, haqqın tərəfdarıdır, din xadimidir. O, din xadimi - rəhbəri olsa da, onun üçün şəriətin qanunları yox, xalqın iradəsi, vətənin mənafeyi daha müqəddəsdir, daha önəmli, daha əfzəldir. Düşmənlərilə üz-üzə dayananda da o, sarsılmazdır, qətiyyətli – cürətlidir. Tapındığı yola- məsləkə son nəfəsinədək inamlıdır – sədaqətlidir.
Oxucu (tamaşaçı) “İmam Şamil” dramının I hissəsinin VII, XI; epizodlarında II hissəsinin XII, XVII, XXI, XXIII epizodlarında imam Şamilin ucaldığına, azmanlığına, işğalçılara amansızlığına, çeçen xalqının (Dağıstan xalqlarının) xoşbəxt sabahına inandığına heyran kəsilir və imam Şamilin xalqına müraciətlə dediyi: “Ey vətən dağlarının şərəfli qoruyucuları! Azadlığı yalvarışla almaq mümkün deyil. Onu zorla, güclə almalıyıq. Bizdən siz nəvələrə qalacaq ən böyük miras istiqlal, hürriyyət uğrunda vuruşmaq, yeri gələndə də bu yolda şəhid olmaqdır. Məhv olsun səfil əsarət, yaşasın şanlı-şərəfli ölüm! Vətənin azadlığı yolunda şərəfli ölümü üstün tutan milləti isə təslim etmək mümkün deyil!” (II hissə, XXIII epizo, səh.304) monoloq - xitabına candan-ürəkdən inanır və bu sözlərin işığında son verərək amanlara – ahlara, yola çıxır daha aydın, daha nurlu sabahlar uğrunda vuruşlara başlayır.
Ağalar İdrisoğlunun “İmam Şamil”i çeçen və Dağıstan xalqlarını (elə digər xalqları da) sabahlara çağıran, azadlıq və istiqlala kökləyən vətənpərvərlik və qəhrəmanlıq dramıdır.
Ağalar İdrisoğlunun “İmam Şamil”i əsarətə - məşəqqətə, köləliyə-qulluğa güllə atan dünənki imam Şamillərin, Hacı Muradların bugünkü nəvə-nəticələrinə keçmişin salamıdır.
Ağalar İdrisoğlunun “İmam Şamil”i rus çarizminə, onun işğalçılıq siyasətinə, çeçen xalqına ( habelə digər xalqlara) amansızlıqla yaşatdığı faciə və məhrumiyyətlərə, Rusiyanın xəstəlik simptomlarına XXI əsr yazıçısından ən kəsərli poetik ittihamnamədir.
Azərbaycanın kino və teatr xadimləri müharibə və işğlalların baş qaldırdığı bu günlərdə Ağalar İdrisoğlunun “İmam Şamil” faciəsinə müraciət etsələr, həm müharibənin zirehli qatarlarının sürətini ləngidər, həm də müharibələrə can atan qan-qadalı dövlət başçılarına: “Durdurun müharibələri, durdurun! Xalqlar, millətlər müharibə yox, sülh və əmin-amanda, dostluq və qardaşlıqda yaşamaq istəyirlər” mesajını ötürərlər. Oxucu (tamaşaçı) isə müharibəyə nifrətin əyani ifadəsini kino ekranlarında, ya teatr səhnələrində görəndə müharibə və işğallara nifrəti birə-beş artar, onlar da haqq səslərini milyonların səsinə qataraq belə haray çəkərlər: “Müharibə əcəl zəngidir (Ernest Hemenquey). Susdurun bu zəngin vahiməli səsini. Dondurun bu zəngin ölüm saçan nəfəsini, ey insanlar, ey qan havalı başlılar, ey ürəyi daşlılar!”
Qeyd: Məqalədəki sitatlar Ağalar İdrisoğlunun 2021-də “Şah İsmayıl Xətai” pyeslər toplusunun I cildindən alınmışdır.
Musa XANBABAZADƏ,
filoloq - ədəbiyyatşünas
Bütün xəbərlər Facebook səhifəmizdə