Nəriman HƏSƏNZADƏ
Xalq şairi
“...mən bu cahana sığmazam!”
Nəsimi
Hörmətlə, Xalq artisti Rasim Balayevə
Nəsimi danışırdı,
yenə üsyan,
şikayət!
Dünya başqa dünyadı:
zaman, əsr,
cəmiyyət.
Bir dəfə asmışdılar,
bu dəfə
susurdular.
Daşa, divara deyil,
tarixə
yazırdılar.
Onun yanında olub,
onu görməmək
olmaz.
Düzünə dediyini,
tərsinə
demək olmaz.
-Səhnələr, tamaşalar,
aktyorlar,
nəhayət, -
yox, bizim vaxtımızda
belə deyildi,
sənət.
Qızların ekran boyu
oyunu,
oyun deyil.
O yeriş özgənindi,
o gülüş,
onun deyil.
O əyləncə, o mahnı,
o həyat,
o cür olmur.
O hikmət bizimkidir,
təqdimat
o cür olmur.
Əxlaq dərsi keçirlər,
susan kimdi,
deyən kim?!
Sənə, mənə üz tutan,
ya tərif
eləyən kim!..
Nəsimi danışırdı,
onda yalan
yoxuydu.
Dar ağacı yoxuydu,
təqib-filan
yoxuydu.
Sən - özündən doğuldun,
şair,
Nəsimi oldun!
Nəsimilər asıldı,
doğulduğu
əsrdə,
abidəsi qoyuldu
qətl olduğu
yerdə.
Bir əsrin iki qütbü, -
Dar ağacı.
Abidə!
Üfüqdə Nəsimidir, -
dan sökülür,
ey Vətən!
Səhər açılır, səhər!
Salam, əsən küləklər...
Bakı şəhəri,
iyun -2023-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə