Polis Akademiyasında “Polis Günü”nə həsr olunan mərasim keçirilib - FOTO/VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilininin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, tədbirdə ümummilli lideri Heydər Əliyevin, habelə respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.
O, Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində DİN-də güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb. Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.
Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyi, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığı vurğulanaraq işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi qeyd olunub.
Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə