Ərimiş buzlaqlar koronavirusdan da təhlükəlidir

Bu gün iqlim böhranı ilə bağlı müxtəlif mülahizələr söylənsə də, bir məqam çox vaxt nəzərə alınmır. Günü sabah Sibirdə və ya Himalayda buzlaqların əriməsi səbəbindən qədim virus və bakteriyaların meydana çıxara biləcəyini təsəvvür edirsinizmi? Burada məsələnin önəm kəsb edən tərəfi bilirsiniz nədir? Buz altından cıxa bilməsi ehtimal olunan virus və bakteriyanın tibbə hələ də məlum olmaması, onun müalicəsində müasir tibbin acizliyi. Məsələn, bəzi alimlər koronavirusu həmin xəstəliklərlə müqayisədə yüngül bir soyuqdəymə kimi dəyərləndirirlər.

SİA xarici medianın xülasəsinə istinad edir.

Bu gün coxları səbirsizliklə koronavirusun aradan yox olmasını gözləyir.

Çoxlarında da, bu kabusun aradan qalxan kimi həyatda itirdikləri üzərində nəzarəti yenidən bərpa edə biləcəyi barədə illüziyalar yaranmaqdadır. Yəni, təbii ki, imkanı olan səyahət edəcək, infeksiya qorxusu olmadan görüşüb-öpüşə biləcək və s. Əslində, coxları hələ ki, bunların həsrətindədir, amma...

...Amma hələ ötən ilin yanvarında xarici nəşrlərin birində, buzlaq əriməsinin insan sağlamlığına yarada biləcək təhlükəli xəstəliklərin meydana gəlməsi ilə bağlı məqalə yer almışdı. Əsas kimi isə, Amerika alimləri tərəfindən 2015-ci ildən bəri aparılan bir araşdırmanın nəticələri təqdim olunurdu. Belə ki, Tibet yaylasının şimal-qərbindəki buz nüvələrinin mikrob tərkibini analiz edən alimlər buz qatının 50 metr dərinliyində 33 qrup virus aşkar etmişdilər. Qeyd edilməlidir ki, bunlardan 28-i qədim mənşəli, hələ ki, elmə məlum olmayan viruslar idi.

Təbii ki, burada risklər nəzərə alınmalıdır. Uzun müddət bu virus və bakteriyalarla qarşılıqlı əlaqəsi olmayan insanın onlara qarşı durmaq üçün lazımi bir antikorlara sahib olmadığı etiraf edilməlidir.

Bundan əlavə, bu sahə üzrə tədqiqat aparanların bəziləri müasir tibbin mövcudluğu dövründə tibbə məlum olmayan bu viruslara qarşı, dərman və peyvənd istehsalına başlaya bilmək üçün etibarlı bir araşdırmaya sahib olmadıqlarını bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə