"3-cü doz vaksin tətbiq olunmalıdır" - Tofiq Cahangirov

"Bir iki ilə yaxındır ki, dünya ölkələri yeni növ koronavirus (COVID-19) adlı qlobal pandemiya ilə mübarizə aparır. Virusun mutasiya olunmuş daha təhlükəli ştammları - Britaniya ştammı , Delta plus ştammı, Yota və Mu ştammları qeydə alınıb. Mutasiya sayəsində bu ştammların yoluxma qabiliyyəti təxminən 50 faiz artıb. Ağciyərlər və ürək damar sistemi SARS-CoV-2 virusunun əsas hədəfləridir və nəticədə tromboinflamatuar vəziyyətlə əlaqəli pasientlərdə kəskin tənəffüs çatışmazlığı sindromuna və ürək-damar sisteminin müxtəlif ağırlaşmalarına səbəb ola bilir". SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə hazırda bu cür ağırlaşmaların qarşısını almaq məqsədi ilə ölkəmizdə erkən tədbirlər görülür ki, bunlardan biri də vaksinasiya prosesidir: “İlk növbədə həkim olaraq, vaksinasiya prosesinə münasibətim çox müsbətdir. Bildirmək istərdim ki, tarixən müxtəlif infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə müxtəlif vaksinlər tətbiq olunub və hal-hazırda da tətbiq olunmaqdadır. Çox sevindirici haldır ki, dünya alimlərinin səyi nəticəsində COVID-19 əleyhinə vaksinlər qısa zaman ərzində hazırlandı və dünya əhalisinə uğurla tətbiq olunmağa başladı. Bundan əlavə, vaksinasiya ilə bağlı tərəddüd edənlərə demək istərdim ki, etibarlı olmayan mənbələrdən daxil olan məlumatlara vətəndaşlarımız inanmasınlar. Çünki bu cür mənbələrdən yayımlanan məlumatlar əhalidə vaksinasiya barədə çaşqınlıqlar yaradır. Vaksinasiya olmaqla biz yalnız özümüzü deyil, eləcə də ailəmizi, doğmalarımızı və digər inananları da bu infeksiyaya yoluxmaqdan qorumuş oluruq. Beləki, vaksinasiya olunmadıqda, koronavirus infeksiyası ilə yoluxma zamanı xəstəlik ağır gedişli olur, müxtəlif trombembolik və ürək-damar ağırlaşmlarına,eləcə də ölümə də səbəb ola bilir. Ona görə də dəyərli vətəndaşalarımıza müraciət edərək, hər kəsi vaksinasiya olmağa çağırıram, xüsusən də risk qrupu altında ola pasientlərin vaksinasiyaya cəlb olunması çox əhəmiyyətlidir”.

Tofiq Cahangirovun sözlərinə görə, ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır: “Çox sevindirici hallardan biri də ondan ibarətdir ki,əhalinin COVID-19 əleyhinə vaksinasiya prosesi də müvafiq səhiyyə müəssələrində yüksək səviyyədə təşkil olunub. Bildiyiniz kimi, ölkəmizdə tətbiq olunan Sinovac və Pfizer vaksinləri 2 doz şəklində vətəndaşlarımıza tətbiq olunmaqdadır. Amma son zamanlar bir çox xarici ölkələrdə adları çəkilən vaksinlərin buster və ya 3-cü dozasının tətbiq olunması barədə məlumatlar yayılır. Preventiv məqsədlə tətbiq olunan 3-cü doza xüsusən də yüksək risk qrupunda olan insanlar: tibb işçiləri, yaşı 60-dan yuxarı şəxslər və ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər üçün məqsədə uyğun hesab olunur. Bildiyimiz kimi, yüksək risk qrupuna aid şəxslər arasında həm koronavirus infeksiyasına yoluxma halları tez-tez izlənilir, həm də COVID-19-a bağlı ağırlaşmaların yaranma riski və ölüm riski olduqca yüksəkdir. 3-cü doza vaksin bütün bu fəsadların qarşısını almaqda güclü mübarizə metodudur”.

Tofiq Cahangirov onu da bildirib ki, bəzi yeni məlumatlara əsasən, tətbiq olunan 3-cü doza COVID-19-un yeni yaranmış ştammlarına qarşı da çox güclü qorunma təmin edərək, yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər: “Tədqiqatlara görə, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Azərbaycanda buster dozasının tətbiq olunması ilə bağlı hələ dəqiq qərar qəbul edilməsə də, beynəlxalq təcrübəyə əsaslanaraq ölkəmizdə xüsusəndə, yüksək risk qrupu altında olan şəxslərə COVID-19-a bağlı yoluxma və ağırlaşma riskini azaltmaq məqsədi ilə 3-cü doza vaksinin tətbiq olunmasını qənaətbəxş və məqsədəuyğun hesab edirəm”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə