Dövrümüzün xəstəliyi allergiyaya səbəb nədir? ARAŞDIRMA

Allergiya ətraf mühitin allergen adlanan bəzi faktorların təsiri ilə əlaqədar orqanizmin cavab reaksiyasıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bu, immun sisteminin patologiyasıdır. Bu termini ilk dəfə 1906-cı ildə avstrialı pediatr Pirke işlətmişdir. İmmunitetin qoruyucu mexanizmi çox mürəkkəbdir. O, orqanizmin "qoruyucusu" olan antitel istehsal edir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Teoretik olaraq hər bir immun reaksiya uğurlu nəticələnməlidir. Amma bəzən immun sistemi öz səlahiyyətlərini artıraraq idarəni itirir. Bu zaman o tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Allergik xəstəliklər orqanizmin xarici mühit amillərinə qarşı hiperreaksiyasıdır. Allergik insanlarda bədənin reaksiya sistemi bir qədər xətalı işləyir. Belə olanda bədən zərərsiz maddələrə də düşmən mövqeyi sərgiləyir və qabarıq şəkildə cavab verir. Alimlərin tətqiqatına əsasən, hər yeddi adamdan biri allergiyadan əziyyət çəkir. Bu xəstəlik müasir dünyamızın xəstəliyidir, çünki təbiətdən uzaqlaşırıq. Belə ki, daha çox qapalı məkanlarda olmaq, suni qidalardan və yarımfabrikat məhsullardan istifadə etmək bizim genimiz üzərində təsir qoyur. Eyni zamanda, havanın kirliliyinin artması bu xəstəlikdə statistikanın artmasına səbəb olub. Allergiya xroniki xəstəliklərdən biridir. Bu xəstəlik həm sivilizasiya, həm də genetik xəstəlikdir. Genetik xəstəlik ona görə deyilir ki, irsiyyət vasitəsilə ötürülür. Əgər valideynlərin biri allergiya xəstəsidirsə, övladın allergiya xəstəsi olması 20-30 faizdir. Valideynin hər ikisi allergiya xəstəsidirsə, övladının allergiya xəstəsi olması 70-80 faizdir.

Bu xəstəlik gündəlik həyatda rast gəlinir və hər hansı bir şeyə qarşı yüksək həssasiyyətdir. Ən çox yayılmış təsirdedici amillər-qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur.

Bununla yanaşı dəri məmulatları, heyvan tükü, kəpək, quş lələyi, kosmetika, məişətdə istifadə olunan kimyəvi maddələr, dərmanlar, bəzi bitki yağları, günəş şüası da allergenlərə aiddir.

Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. Allergiyanın müxtəlif növləri var: pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası və s. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna mövsimi allergiya da deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır. Pollizon ən çox bilinən allergiyalardandır.

Allergik xəstəliklərin digər növü il boyu davam edən allergik rinitdir. Bu xəstəlik ən geniş yayılmış növdür. Burunun selikli qişasının allergik iltihabıdır. Tənəffüs allergenlərinə qarşı bədənin verdiyi cavab reaksiyasıdır. Çünki ağırlaşarsa və qarşısı alınmazsa bronxial astmaya çevrilə bilər. Statistikaya görə, bronxial astmadan əziyyət çəkən -70-80 faiz xəstənin allergik riniti var. Eyni zamanda, dianoz qoyulmamış allergik rinit xəstələrinin 40 faizi bronxial astmadır.

Onun törədiciləri məişət allergenləri – ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləridir. Bu, sifətin, burnun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Allergik xəstəliyin başqa növü bronxial astmadır. Lakin bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması – atopik bronxial astma allergik bronxial astmadır. Onun törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti və s. aiddir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda, xəstəlik də yox olub gedir. Bütün allergik xəstəliklər üçün ən xarakter bir əlamət var: allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.

Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik, əsasən, həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər. Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir.

Mövzu ilə əlaqədar allerqoloq-terapevt Gülnar Quliyeva belə deyib: “Yaz allergiyaları fevral ayının ortalarından artıq çicəklərdə tozlanma prossesi başlayır. Tozlanmada iştirak edən pollemlər ,tozcuqlar mikroskopik ölçülü olur və gözlə görünmür, kilometrlərlə ətrafa yayılır. Allerqoloq-terapevt vurğulayıb ki, bəzi insanların bu tozcuqlara, polemlərə qarşı həssaslığı və ya allergiyası var. Allergiyası olan insanlar bu dönəmdə allergiyası başlayır və burun tutqunluğu, nəfəs almanın çətinləşməsi, burunda qaşınma, qripə bənzər bir hal, burundan selik ifrazı, gözlərdə qum qalma hissi, qaşınma, sulanma, qulaqda, damaqda qaşınmalar kimi şikayətlər olur. Bəzi pasiyentlərdə bronxial-astma, polen allergiyası xəstəliyi var. Bu isə yaz mövsümündə astmanın kəskinləşməsinə səbəb olur. Bizə ən çox müraciət edilən mövsüm allergiyasıdır və xroniki xəstəlikdir. Bu mövsüm pasiyenti müalicə etsək də, bu prosesin gələcəkdə təkrarlanma ehtimalı böyükdür. Düzənli müalicə alan pasiyentlərdə sakitləşmə və yaxud bir necə il xəstələri narahat etmir. Lakin bu xəstələr daim özlərinə nəzarət etməli həkimə müraciət etməlidirlər. Zamanında düzgün müalicə olunmazsa, mövsüm allergiyası bronxial astma ilə fəsadlaşa bilər.

Ümumiyyətlə, allergiya əlamətlərini soyuqdəymə, qrip kimi başa düşürlər. Bizə müraciət edirlər ki, iki aydır qripəm immunitetim aşağı düşüb. Müayinə etdikdə isə məlum olur ki, bu, yaz allergiyasıdır. Qeyd edim ki, qrip viral infeksiyadır və bir həftə -10 gün ərzində yekunlaşır. Xəstələrimiz bu zaman soyuqdəymə əleyhinə dərman preparatları qəbul edirlər. Bu isə vəziyyətlərinin ağırlaşmasına səbəb olur. Xatırladaq ki, astma öldürücü xəstəlik deyil və hazırda müasir dərmanların köməyi ilə tam nəzarət altına almaq olur. Dərman müalicəsi zamanı biz elə edirik ki, xəstəmiz sağlam insan kimi yaşayır. Qeyd edim ki, xəstəlik xronikidir. Bronxial astma xəstələrimizdə hər gün nəfəs yolu ilə dərman çəkərək tənəffüs yollarındakı iltihabı allergiyanı söndürür və bronxlardakı spazmı aradan qaldırır. Bu xəstələr davamlı və düzənli olaraq həkim nəzarətində olmalı həyat tərzinə diqqət etməlidirlər. Bu isə allergiyanın ağırlaşmasının qarşısını alacaq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə