Ürək sağlamlığı üçün gecə yuxusuna DİQQƏT EDİN!

Bir qrup alimin apardığı araşdırmalar 6-7 saatlıq gecə yuxusunun ürək sağlamlığı üçün daha faydalı ola biləcəyini ortaya çıxarıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Amerika kardiologiya kollecinin elmi iclasında təqdim olunan araşdırmada, gecə 6-7 saat yatan fərdlərin az və ya çox yatanlarla müqayisədə infarkt, insult riskinin az olduğu aşkar edilib.

2005-2010-cu illər arasında ABŞ-da keçirilmiş Milli sağlamlıq və qidalanma müayinəsi sorğusuna qatılan 14 min 79 orta yaşlı insanın məlumatlarını təhlil edən tədqiqatçılar iştirakçıları gecə yuxu müddətinə görə üç kateqoriyaya bölüblər. Daha sonra, iştirakçıların aterosklerozla əlaqəli ürək xəstəliyi riskini araşdıraraq, yuxu müddəti ilə ürək sağlamlığı arasında vacib əlaqə olduğunu təyin ediblər.

6 saatdan az və ya 7 saatdan çox yatan iştirakçıların ölüm riski daha yüksəkdir. Ürək xəstəliyi ilə əlaqəli səbəblərdən yalnız yuxu miqdarının deyil, eyni zamanda yuxu keyfiyyəti və dərinliyi də vacibdir.

Tədqiqatçılar yaş və genetik xüsusiyyətlər kimi dəyişməz şərtlərlə müqayisədə, pəhriz vərdişləri və asılılıq yaradan maddə istifadəsinin yuxu rejimi ilə yanaşı, ürək xəstəliyinə də birbaşa təsir etdiyini vurğulayıblar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə