Pandemiya uşaqlarda narahatlıq və stresə səbəb olur

Mütəxəssislər Covid -19 pandemiyası səbəbiylə yaşanan narahatlıq və stresin uşaqlarda psixoloji pozğunluğu artırdığını söyləyərək, ailələri xəbərdar ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uşaqların maraqları nəzərə alınaraq, ailə ilə keyfiyyətli vaxt keçirmək lazımdır.

Uşaq və gənclər psixiatriya mütəxəssisi Emel Sarı Gökten, pandemiya dövründə uşaqların psixologiyasını daha yaxşı anlamaq üçün müşahidələr aparıb: “Uşaqlar, gənclər, yetkinlər və yaşlılar pandemiyadan mənfi təsirlənib. Pandemiyanın gətirdiyi məhdudiyyətlər uşaqlarla gənclərin yalnız bu gününə deyil, həm də gələcəyinə təsir edəcək”.

Sevdiklərinizi itirmək qorxusu ən böyük yükdür.

Emel Sarı Gökten sözlərinə belə davam edib: “Bu günə qədər bir çox uşaq bu virus səbəbindən özünün və yaxınlarının xəstə olduğunun şahidi olub. Xəstəlik və yoluxma qorxusu ilə yanaşı, məktəblərin bağlanması və dərslərinə davam etmə səyləri onlar üçün çox çətindir. Onlayn təhsil ilə akademik müvəffəqiyyətin qorunması effektiv öyrənmə imkanlarını azaldıb. Dostlardan uzaq durmaq məcburiyyəti onların sosiallaşma prosesinə mənfi təsir edib. Yaşlarının ən enerjili vaxtında evdə qapalı qalıblar. Bütün bunlar uşaqların və gənclərin psixologiyasına mənfi təsir edir”.

Günün böyük qismini monitor qarşısında keçirirlər

Pandemiya dövründə onlayn təhsilini davam etdirən uşaqlar hər gün ekran qarşısında və uzun müddət hərəkətsiz olurlar.

Müəyyən aludəçilik ortaya çıxır

Həkimin sözlərinə görə, uzun müddət ekran qarşısında olmaq bəzi psixiatrik xəstəliklər üçün risk yaradır: “Xüsusilə, aludəçilik pandemiya dövründə artıb. Həmçinin, virusun yayılmasının qarşısını almaq üçün əl gigiyenası və təmizlənmə qaydalarına dair tez-tez xatırlatmalar etmək lazımdır. Gənclərdə isə pandemiya dönəmində depressiya və narahatlıq xüsusilə artıb. İnternet və kompyuter oyunlarına aludəçilik ailələri ən çox narahat edən başqa bir problemdir”.

Uşaqların maraqlandığı sahələrdə yeniliklər edin

Monitor arxasında saatlarla vaxt keçirmək uşaqları fiziki cəhətdən hərəkətsizləşdirərək, həddindən artıq kökəlməsinə səbəb olur. Xüsusilə, kompyuter oyunları və sosial mediada həddindən artıq vaxt keçirmək uşaqların akademik sahələrə olan marağını azaldıb. Beləliklə, onlar dərsə də məsuliyyətsiz yanaşırlar.

Həkim onu da qeyd edib ki, ailələr övladları ilə birlikdə edə biləcəkləri fəaliyyət mövzusunda yaradıcı olmalıdırlar: “Valideynlər uşaqlarının sevdikləri və maraqlandıqları sahələri bilməli, onlarla vaxt keçirməlidirlər. Ailənin hər bir üzvünün evdə olduğu vaxt müəyyən istirahət zamanı ayrılmalıdır. Bu ayrılan vaxt həm uşağın həm də böyüyün enerjisini yerinə gətirəcək”.

Ailə ilə keyfiyyətli vaxt keçirin

Çətin zamanların öhdəsindən gəldikdə, insanlar daha da güclənəcək. Bu dövrü bir fürsət dövrü olaraq da görmək olar: “Bu dövrdə gündəlik həyatda vaxt tapa bilmədiyimiz məsələlərə diqqət yetirə bilərik. Zəif olduğumuzu düşündüyümüz sahələrə daha çox önəm verməliyik. İndi texnologiyanın formalaşması ilə internetdə bir çox inkişaf sahəsini izləmək mümkündür. İncəsənət və idmanla əlaqəli fəaliyyətlər, xarici dil öyrənmə problemi, dərslərdəki çatışmayan məqamlar və ailəmizə ayırmağımız lazım olan, lakin sıxlıq səbəbindən təxirə salınan vaxtı kompensasiya etməyə çalışmalıyıq. Valideynlərin bədbin deyil, gələcəyə ümid bəsləyərək bu ümidi uşaqlarına aşılaması həm özləri, həm də övladlarının psixoloji sağlamlığı üçün yaxşı olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə