Ölkəmizdə “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla reallaşır

Ölkəmizdə “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla reallaşır

Bu gün bütün dünyanın mübarizə apardığı qorxunc, öldürücü “COVID-19” virusu milyonlarla insanın həyatına təhlükə yaradıb. Bir ildən artıqdır ki, pandemiyaya qalib gəlmək məqsədi ilə insanlar həmrəy olub, qlobal səviyyədə tədbirlər reallaşıb. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının yaranma səbəblərinə dair açıqladığı hesabatında SARS-CoV-2 virusunun ilkin olaraq yarasalarda yarandığı və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçdiyi göstərilib. O da qeyd olunub ki, 2019-cu ilin sonunda dünyada sürətlə yayılmağa başlayan koronavirusa yoluxanların sayı 127 milyon nəfəri ötüb, virusla əlaqədar ölənlərin sayı isə 2,78 milyon nəfərdir. Bu statistik rəqəm insanların bu yoluxucu xəstəliklə üz-üzə olduğunu göstərir.Təbii ki, bu gün Azərbaycanda da “COVID-19” pandemiyası ilə ciddi şəkildə mübarizə aparılsa da hadisələrin gedişi bir o qədər də ürəkaçan deyildi. Artıq bu günə qədər ölkəmizdə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir. Yoluxma və ölüm saylarındakı artım vaksinasiyanı qaçılmaz edib. Məlumdur ki, qızılca, difteriya, göy öskürək kimi bir sıra infeksiyalarla mübarizədə minlərlə insanların həyatını xilasda vaksinasiya rol oynayıb. Bu baxımdan bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Təbii ki, peyvənd olunan şəxsdə bu arxayınçılıq yaratmamalıdır, çünki, bu vaksin “COVID-19”-a yoluxan xəstənin vəziyyətinin kəskinləşməməsinə kömək edir. Peyvənd olunan hər bir vətəndaş tələb olunan qaydalara ciddi şəkildə əməl etməlidir.

Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Bu günə qədər ölkəmizdə 526 min 401 nəfər “COVID-19” əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Hər gün vaksin olunmaq üçün minlərlə insan könülü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır. Yoluxma hallarının artımının qarşısını almaq üçün hər bir vətəndaş maska taxmalı, sosial məsafə prinsiplərinə və əl gigiyenası qaydalarına əməl etməlidir. Müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunmasında Azərbaycan vətəndaşları səfərbərlik nümayiş etdirməlidir. Əks halda sərt karantin rejiminin tətbiqi qaçılmazdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə