Ətraf mühiti çirkləndirməyək! Dr. Şəhla Mirzəzadə

“Saglam ətraf mühit sağlam insan deməkdir. İstifadə etdiyiniz fərdi qoruyucu vasitələri-maska və əlcəkləri tullantı qabına ataq! Ətraf mühiti çirkləndirməyək!”

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin ətraf mühitin mühafizəsi ilə bağlı məqaləsini Sizə təqdim edirik.

2020-ci ildə koronavirus pandemiyasının bütün dünya gündəmini zəbt etməsi artıq insanları daha diqqətli olmağa məcbur etdi. İnsanların böyük bir qismi koronavirusdan qorunmaq üçün gigiyena qaydalarına riayət etməli, sosial məsafəni gözləməli və tibbi maskalardan istifadə etməli olduqlarını anladı. İnsanlar arasında tibbi maskalardan istifadə göstəricilərinin artması xəstəliklə mübarizədə bir tərəfdən mütəxəssisləri sevindirsə də, digər tərəfdən fərqli bir ətraf mühit problemini özü ilə gətirdi.

Belə ki, bir çox insanlar istifadə etdikləri fərdi qoruyucu vasitələri-maska və əlcəkləri əksəriyyət hallarda tullantı qablarına deyil, ətraf mühitə atmağa başladı. Nəticədə təbiətdə minlərlə il qala biləcək bu vasitələr ətraf mühit üçün kifayət qədər təhlükəli və ciddi bir problemə çevrilməyə başladı. Pandemiyadan əvvəl bütün yer kürəsi üçün qlobal bir təhlükə olan ətraf mühit çirklənməsi pandemiya dövründə daha da ağırlaşdı.

Alimlər dünya miqyasında pandemiyanın hər ayında 129 milyard üz maskası və 65 milyard əlcək istifadə edildiyini və təbiətə atılan bir maskanın yoxa çıxmasının təxminən 500 il çəkəcəyini qeyd edirlər. Beləliklə, fərdi qoruyucu vasitələrin ətraf mühitə atılması ciddi çirklənməyə səbəb olur və nəticədə insan sağlamlığına zərərli təsir göstərir. Dünyada ölümlərin 23% -i və əlilliyin 22% -i çirklənmə ilə əlaqədardır. Digər tərəfdən maskaların ətraf mühit atılması dolayısı yolla koronavirusun yayılması üçün də zəmin yaradır. Buna görə də koronavirusla mübarizədə əvəzsiz rola malik olan fərdi qoruyucu vasitələri doğru şəkildə istifadə etmək və daha sonra tullantı qablarına atmaq lazımdır. Bu həm pandemiya ilə mübarizədə, həm də ətraf mühiti çirklənmədən qorumaq üçün vacib əhəmiyyətə malikdir.

Unutmamaq lazımdır ki, sağlam ətraf mühit sağlam insan deməkdir!

Bütün xəbərlər Facebook səhifəmizdə