Tibbi xidmətlərə əlçatanlıq 2020-ci ildə daha da yaxşılaşacaq RƏY - ÖZƏL

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2020-ci ilin dövlət büdcəsinə diqqət etsək növbəti ilin büdcəsini müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcə adlandıra bilərik. Nöbvəti ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çox artıq, ümumilikdə sosial xərclər büdcənin 38,6 faizini təşkil edir. Xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə, ən əsası isə gələn ildən tətbiqinə başlanacaq icbari tibbi sığortanın tətbiqinə yönəldiləcək. Bu, növbəti ildə əhalinin tibbi xidmətlərə əlçatanlığını daha da yaxşılaşacağını deməyə əsas verir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva İcbari Tibbi Sığorta haqqında qanun 1999-cu ildə qəbul edildiyini, layihənin yenidən daha mükəmməl və hərtərəfli şəkildə işlənib hazırlandığını deyib.

Qanun layihəsinin 2020-ci ilin yanvarın 1-dən qüvvəyə mindiyini deyən deputat söyləyib ki, icbari tibbi sığorta respublikada mərhələli şəkildə tətbiq olunacaq: “Növbəti ilin ilk 3 ayı şimal, aprel ayında qərb, daha sonra cənub, son 3 ayda isə Bakı və Abşeronda icbari tibbi sığortanın tətbiqi nəzərədə tutulub”.

İcbari tibbi sığorta bizə nə verəcək?

K.Əliyeva deyib ki, icbari tibbi sığorta əhalinin, ictimaiyyətin çoxdan gözlədiyi qanun layihəsidir: “İnsanlar bu sistemdən çox mühüm fayda əldə edəcəklər. Çünki bu sistemlə vətəndaşlarımız bir sıra xəstəliklərdən sığortalanacaq, hər hansı müalicə və əməliuyatla bağlı prosedurları daha da asanlaşacaq. İndyədək müəyyən xəstəlikdən əziyyət çəkən insanlar, əməliyyat olmağa imkanı çatmayan şəxslər bu sistemin fəaliyyətindən faydalanmaqla öz müalicəsini tibbi müəsisələrindən yüksək şəkildə ala biləcəklər”.

Tibbi sığorta üçün nə qədər vəsait ödəniləcək?

Komitə üzvü vurğulayıb ki, icabri tibbi sığortanın xidmətlərindən faydalanmaq üçün adambaşına 90 manat nəzərdə tutulub: “İşləyən hər kəsin maaşından 2020-ci ilin yanvar ayının 1-dən icbar sığorta üçün ödəniş ayrılacaq. Lakin 18 yaşına qədər çatan uşaqlar, müharibə əlilləri, yaşlı insanlar, işsiz şəxslər dövlət hesabına bu tətbiqdən bəhrələnə biləcəklər. Hesab edirəm ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sosial tələbat idi. İnsanlar səbrsizliklə bu qanunun qüvvəyə minməsini gözləyirdilər. Ümidvaram ki, onların gözləntiləri özünü doğruldacaq. Hər bir Azərbaycan vətəndaşı onlar üçün tətbiq olunan icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək”.

Tibb işçilərinin fəaliyyətinə edəcək TƏSİRLƏR

Deputat qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi həkimlərin üzərinə böyük məsuliyyət qoyacaq: “Çünki gələcəkdə hər bir pasient öz həkimini seçmək hüququna malik olacaq. Aydın məsələdir ki, əgər həkim savadlı, bacarıqlıdırsa, ona tələbat daha çox olacaq. Bu da son nəticədə həmin həkimin aldığı məvacibin artmasına səbəb olacaq. Bu, həkimlərin öz işinə daha məsuliyyətli, savadlı olması vəöz üzərində işləməsinə şərait yaradacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə