Mövsümi xəstəliklərdən necə qorunaq? MÜTƏXƏSSİS RƏYİ

Mövsümi xəstəliklərdən necə qorunaq? MÜTƏXƏSSİS RƏYİ

“Payız-qış mövsümündə ön planda olan xəstəlik soyuqdəymə hallarıdır. Çünki, bu fəsildə həm havaların soyuması xarakterikdir, həm də uşaq kollektivlərinin fəaliyyətə başlaması dövrüdür”. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

"Kollektivlər soyuqdəymə xəstəliyinin artmasına səbəb olur"

O bildirib ki, yeni tədris ilinin açılması, uşaqların və gənclərin orta, ali məktəbdə cəmlənməsi soyuqdəymə xəstəliyinin artmasına səbəb olur. Terapevtin sözlərinə görə, yay fəslində orqanizmində möhkəmləndirici tədbirlər aparanlar, düzgün qidalananlar, havadan, günəşdən, sudan, qumdan yaxşı istifadə edib və bunun nəticəsində immun sistemini gücləndiribsə həmin şəxslər payız-qış mövsümündə az xəstələnirlər.

N. Quliyev söyləyib ki, havalar soyuduqdan sonra geyiminə və qidalanmasına düzgün fikir verməyən şəxslərin xəstələnmə halı daha yüksək olur.

"Erkən yaşlı uşaqlarda xəstələnmə riski daha çox olur"

Xəstəliklərin yayılmasına gəlincə, baş pediatr vurğulayıb ki, kollektivlərin çox olduğu yerdə xəstələnmə halı olduqda onun yayılma riski çoxdur: “ Kollektiv yerlərdə soyuqdəyməni törədən adeno, rina, rota, para qrip, qrip kimi yüzlərlə viruslar var ki, onların yayılması halı genişlənir. Erkən və kiçik yaşlı uşaqların soyuqdəymədən xəstələnmə riski böyüklərlə müqayisədə daha yüksəkdir. Buna səbəb onların yoluxmaya həssas olması, immun sisteminin tam formalaşmaması, orqanizmin özünü qoruma funksiyasının hələ tam yetişməməsidir. Erkən yaşlı uşaqlarda böyümə və inkişaf prosesləri, maddələr mübadiləsi sürətlə getdiyi və orqanizmin obrazı gərgin rejimdə olduğu üçün onlarda xəstələnmə ehtimalı yüksək olur. Uşaq orqanizmində toxumalar qanla zəngin olur. Belə olan halda, virusların inkişafına şərait yaranır və bu da nəticə etibarı ilə uşaqlarda xəstələnmə riskini çoxaltmış olur”.

“40-50 yaşlı insanlar da risk qrupuna daxildirlər”

N. Quliyev qeyd edib ki, yetkinlik yaşına çatan insanlar təbiətdə olan canlıların mikroorqanizmlərin bir qismi ilə təmas girdiyi və orqanizm onlarla mübarizə aparmağa öyrəndiyi üçün immun sistemi daha möhkəmlənir: “Belə olan halda, bu yaşlı şəxslərin xəstələnmə şansı daha az olur. Lakin 40-50 yaşdan sonra orqanizmdə zəifləmə getdiyi üçün bu yaşlı insanların mövsümi xəstəliklərə xəstələnmə riski artmış olur”.

"Mövsümi xəstəliklərin atmosfer təzyiqi ilə əlaqəsi yoxdur"

Bəzi mövsümi xəstəliklərin atmosfer təzyiqi ilə əlaqəsi ilə bağlı sualı cavablandıran mütəxəssis bildirib ki, bu, yalnız yaşlı insanlara aid ola bilər: “ Atmosfer təzyiqi, qan təzyiqi, tənəffüs çatışmazlığı, şəkərli diabet, revmatizma xəstəliyi olanda müəyyən rol oynayır. Lakin soyuqdəymə xəstəliklərinin atmosfer təzyiqi ilə heç bir əlaqəsi yoxdur”.

Bu xəstəliklərdən necə qorunaq?

Mövsümi xəstəliklərdən qorunmağın yolları haqqında məsləhətlərini verən Baş pediatrın sözlərinə görə, uşaqlara görə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür: “Çünki, valideynlər uşaqlara qarşı maksimum şəkildə diqqətli olmalıdırlar. Uşaqların haqları pozulmamalı, onlar vaxtında peyvənd olunmalı, qidalanması, geyimi nəzarətdə saxlanmalıdır. Xəstələnən uşaqları məktəbə, baxçaya göndərmək olmaz. Belə halda, valideynlər ya tibb işçisinə müraciət etməli ya da həkimə çağırış edərək uşaqlara düzgün müalicə edilməlidir. Lakin təəssüf ki, bütün valideynlər uşaqlara qarşı diqqətli deyillər. Bu gün Yer Kürəsində ən çox hüquqları pozulan uşaqlardır”.

“Uşaqlardan fərqli olaraq böyüklər mövsümi xəstəliklərə yoluxan zaman düzgün müalicə olunmalıdırlar. Bu müalicə tibb işçisinin, həkimin təyinatı ilə aparılmalıdır. Böyüklər mövsümi xəstəliklərdən qorunmaq üçün orqanizmlərini yay mövsümündə möhkəmləndirməlidirlər. Onlar da xəstələndikləri zaman başqalarını yoluxdurmamalı, yalnız sağaldıqdan sonra fəaliyyətlərini davam etdirməlidirlər”- deyə, N. Quliyev dilə gətirib.

Səhiyyə Nazirliyi bu istiqamətdə hansı işləri görür?

2013-cü ildən Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən uşaqların icbari dispanserizasiya haqqında qanun qəbul edildiyini xatırladan mütəxəssis qeyd edib ki, ölkə başçısının 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib: “Səhiyyə Nazirliyi hər il uşaqları kompleks müayinə cəlb edir. Lakin təəssüf edirəm ki, bəzən valideynlər bu müayinələrdən də imtina edirlər. Belə hala daha çox kənd yerlərində rast gəlinir. Uşaqların icbari dispanserizasiya üçün briqadalar rayon və kəndlərə üz tutsalar da, valideynlər uşaqlarını müxtəlif səbəblərlə müayinələrdən yayındırırlar. Bundan əlavə bilirsiniz ki, Səhiyyə Nazirliyinin bütün bölgələrdə gigiyena və epidemiologiya mərkəzləri fəaliyyət göstərirlər. Onlar hər hansı xəstələnmə halı olduqda təcili xəbərdarlıqlarını genə verirlər, gen respublika geninə göndərilir.Şübhəli hal qeyd olunduqda, referens laboratoriyada törədicini aşkar etmək üçün müayinələr başlanılır. Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri uşaq və böyüklərin xidmətindədir. Bir sözlə ifadə etsək, xəstəliklərə qarşı kompleks işlər görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycanda heç bir xəstəliyin epidemiyası yoxdur. Xəstələnmə var, lakin bir virusun epidemiyası yayılmayıb. Bu, böyük irəliləyişdir. Təbii ki, xəstəliyi sıfıra endirmək mümkün deyil. Çünki, insan orqanizmdə viruslara qarşı daimi immunitet yaranmır. Buna səbəb isə virusların irsi dəyişkənliyə malik olmasıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə