Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının nadir və kəsilməkdə olan bitkilər laboratoriyasında əsasən ölkəmizdə, eləcə də Qafqazın təbiətində və dünyada olan bir çox nadir və nəsli kəsilməkdə olan bitkilərin toplanması, bu bitkilərin yerli şəraitə uyğunlaşdırılması işləri görülür. Xüsusən də Azərbaycan təbiətinə daha çox fikir verilir. Bundan əlavə, dərman bitkilərinin Mərkəzi Nəbatat Bağında toplanılması və öyrənilməsi də əsas hədəflərdəndir.
Bununla bağlı AZƏRTAC-a müsahibə verən laboratoriyanın müdiri Yusif Zeynalov deyib: "Çalışdığımız odur ki, dərman bitkiləri də istehsal edək. Dərman bitkilərinin çoxu xaricdən gətirilir. Buna ehtiyac yoxdur. Çünki bu bitkilərin hamısı Azərbaycanın təbiətində mövcuddur. Artıq dərman bitkiləri sahəsi yaratmışıq, təxminən 100-dən çox dərman bitkisini gətirib burada çoxaltmağa çalışırıq. Hədəfimiz budur ki, yaşıl apteklərdə satılan dərman bitkilərini burada yetişdirərək, yəni apteklərimizi dərman bitkiləri ilə özümüz təmin edək. Artıq bu istiqamətdə işlərə başlamışıq".
Alim vurğulayıb ki, dərman bitkilərini təkcə toplamaq şərt deyil, onları həm də düzgün qurutmaq lazımdır. Onun sözlərinə görə, xaricdən gətirilən dərman bitkilərinin çoxu düzgün qurudulmur. Bitki günəş şüalarının altında qurudulursa, onun kimyəvi tərkibi tamamilə ölür. Bunun da xəstəyə heç bir faydası olmur. Bitkilərin 99 faizi kölgədə qurudulmalıdır.
"Respublikamızda bir çox bitkilərin nəsli kəsilmək üzrədir. Bu bitkiləri qorumalı, yenidən təbiətə qaytarmalıyıq. Çünki təbiətdə bu cür bitkilər yox olarsa, gələcəkdə həmin bitkiləri yalnız rəsmlərdə görə bilərik. Ona görə də çalışırıq ki, bu bitkilərin heç olmasa bir hissəsini laboratoriyamızda artıraraq təbiətə geri qaytaraq", - deyə Y.Zeynalov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB