"Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Araz" zavodunda yaralanan şəxslərin həyati təhlükəsi yoxdur". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 yaralı müalicə olunur ki, onlardan da 3-ü yaxın saatlarda evə buraxılacaq: "Digər 4 nəfərin vəziyyəti nəzarətdədir. Axşama qədər həmin şəxslərdən bir neçəsinin evə buraxılması gözlənilir".
L.Bayramova qeyd edib ki, "Araz" zavodunda yaralanan şəxslərdən biri ötən gün Bakıya gətirilib: "Yaralı Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib".
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib. Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB