Bioloji Təbabət Klinikası uzunömürlülüyə zəmanət verir

Elxan Yaqubov: “Azərbaycan uzunömürlülər diyarı olub, məqsədimiz xəstələrə şəfa verməklə bərabər uzunömürlülülük ənənəsini də bərpa etməkdir”

Əsası 2009-cu ildə dəyərli ziyalı, yüksək vətənpərvərlik keyfiyyətləri ilə seçilən Elxan Ənvər oğlu Yaqubov tərəfindən qoyulmuş Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, Almaniyada istehsal olunmuş bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparır, kimyəvi dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə etmədən insanlara şəfa verir. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Almaniyanın və dünyanın bir sıra tanınmış həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək Klinikada yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər. Eyni zamanda Azərbaycanın taınmış tibb mütəxəssisləri burada mühazirələr oxuyurlar. Buna misal olaraq, hər həftənin şənbə günləri Azərbaycan Tibb Universitetinin Patofizologiya kafedrasının professoru Məmməd Əliyev Bioloji Təbabət Klinikasının həkimlərinə Patofiziologiya mövzusunda mühazirələr keçir. Bunun da məqsədi bioloji tənzimləyici terapiyanın təsir mexanizminin öyrənilməsini təmin etməkdir.

Müsahibimiz Bioloji Təbabət Klinikasının təsisçi direktoru Elxan Ənvər oğlu Yaqubovdur.

- Elxan müəllim, sizin Bioloji Təbabət Klinikasını təsis etməniz hansı zərurətdən yarandı?

- "Planeta" apteklərində gördük ki, Almaniyanın Heel Firmasının preparatlarına çox böyük ehtiyac var. Həm də xəstələrin sağalmasında bunların böyük effekti olur. Sonra biz Heel Firmasına müraciət edib onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da bizə məsləhət gördülər ki, "əgər siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər".

Beləliklə də, 2009-cu ildən Bakı şəhərində 3-cü mikrayonda, Memar Əcəmi metrosunun yaxınlığında S.C.Pişəvari küçəsi 110-da 5 mərtəbəli klinikanı yaratdıq. Klinikaya bioloji təbabəti dərindən bilən və bu sahə üzrə kurs keçmiş həkimləri işə götürdük. Bura xarici ölkələrdən Avropa standartlarına cavab verən tibbi avadanlıqlar gətirdik. Həkimlərimiz bu avadanlıqlarla işləmək qaydalarını xaricdən dəvət etdiyimiz mütəxəssislərdən mükəmməl öyrəndilər.

- Sizdə olan tibbi avadanlıqların çoxu nə dövlət, nə də başqa özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?

- Həkimə xəstənin "daxilindəki" xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsi ilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur.

- Bu klinika yaranandan dünyanın məşhur həkimlərini respublikamıza gətirməklə Azərbaycanda pulsuz seminarlar, mühazirələr təşkil etməklə minlərlə azərbaycanlı həkimləri də bura dəvət etmisiniz. Bu tədbirlərdə iştirak edən azərbaycanlı həkimlər artıq bioloji təbabətlə xəstələri necə sağaltmağın yollarını da öyrəniblər. Əlbəttə, sizin tərəfinizdən bu çox xeyirxah bir işdir. Bu vaxta qədər belə seminar və mühazirələrdə nə qədər həkim iştirak edib və sertifikat alıb?

- Qısa seminarları Azərbaycanın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim keçib. Amma 92 saatlıq bütöv kursu 4500-dən çox həkim keçib və sertifikat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri bizim Sumqayıt, Göyçay bölgələrindəki klinikalarımızda işləyirlər. Xəstələr də onlardan çox razılıq edirlər. Biz bu seminarları Almaniyadan, İsveçrədən və digər xarici ölkələrdən dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə Bakıda yox, Azərbaycanın əksər rayonlarında - Gəncə, Mingəçevir, Sumqayıt və başqa şəhərlərində, hətta Naxçıvan Muxtar Respublikasında da təşkil etmişik.

- Siz artıq bölgələrdə də Bioloji Təbabət klinikasının filiallarını yaratmısınız. Bu çox təqdirəlayiq haldır.

- 14 ildir ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçirir-Göyçayda, Bərdədə, Masallıda, Gəncədə, Naxçıvan şəhərində və sairə bölgələrdən Bakıya gəlməyə imkanları olmayan həkimlərə o bölgələrdə dəfələrlə Almaniyadan və dünyanın ayrı-ayrı yerlərindən olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda da klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay və Sumqayıtda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi Şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Yaxın vaxtlara isə Cənub bölgəsi üçün Masallıda yeni klinikamız açılacaq.

- Hansı xəstəliklər var ki, onlar sizin Klinikada tam müalicə olunur?

- Dünyada müalicəsi çox çətin olan bu xəstəlikləri bizim Klinikada Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla tam müalicə etmək mümkündür. Bunlar qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, sakalios, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz, əsəb xəstəlikləri və başqaları. Artıq bütün bu sahələrdə bizim yeddi ildən çox təcrübəmiz var. Və belə xəstələri çox müalicə etmişik. Ona görə də mən həmvətənlərimizə demək istəyirəm ki, belə xəstəlikləri müalicə etmək üçün xarici olkələrə getmək lazım deyil. Bizim Klinikaya müraciət edin və müsbət effektini də görün.

- Xalqımıza arzularınız istəkləriniz nədir?

- Mən də bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm. Ona görə də biz Bioloji Təbabət Klinikasını yaratmışıq. Ən birinci məqsədimiz budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə almaq üçün böyük pullar xərcləməklə xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etinlər və şəfa tapsınlar. Eləcə də qonşularımız olan Rusiya, Türkiyə, İran və Gürcüstan respublikasindan da xəstələr bizim Bioloji Təbabər Klinikasına müraciət edib, çox az müalicə xərcləri ilə tam sağalsınlar. Çünki həmin ölkələrdə bioloji təbabətlə bağlı klinikalar yoxdur.

Biz əvvəllər uzunömürlü xalq olmuşuq. Bizim məqsədimiz də budur ki, xəstələri tam sağaltmaqla uzunömürlülük ənənəsini Azərbaycanda bərpa edək. Bu sahədə inkişaf etməyimiz üçün əlimizdən gələni edirik və edəcəyik. Bilirsiniz ki, sağlamlıq insan üçün dünyada ən böyük nemətdir. Ona görə də hər bir insan gözəl və mənalı yaşamaq üçün ilk öncə öz sağlamlığının qeydinə qalmalıdır.

Ağalar İDRİSOĞLU, Yazıçı-rejissor, Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə