“Medical Plaza”dakı özbaşınalığı kim dayandıracaq? ARAŞDIRMA!

“Səhiyyə Nazirliyinin nümayəndəsi “Medical Plaza”nı bazarla müqayisə etdi”
“Medical Plaza”dakı özbaşınalığı kim dayandıracaq? ARAŞDIRMA!

"Bura xəstəxanadır, yoxsa döyüş rinqi?"

Bakının ən tanınmış xəstəxanalarından biri olan "Medical Plaza" haqqında eşitməmiş deyilsiniz. Elə adıçəkilən xəstəxananın səhərdən gecə yarısına qədər müxtəlif formalarda apardığı ucuz reklamdan da xəbərdarsınız. İnsanlara yüksək səviyyəli tibbi xidmət tələb edən "Medical Plaza" haqqında eşitdiklərimiz deyil, gördüklərimizi, başımıza gələnləri yazacağıq. Əvvəlla, ondan başlayaq ki, "Medical Plaza"dakı özbaşınalıqlar haqqında mətbuatda dəfələrlə tənqidi materiallar gedib. Tibbi personalının "peşəkarlığı"ndan tutmuş "ən müasir üsullarla" görülən cərrahiyə əməliyyatlarının reklamları, yağdırılan təriflər insanların cibini əgirmək üçün əla vasitədir! Vaxt var idi, Vergilər Nazirliyi bu xəstəxananı cərimələmişdi. Bəs problem nədədir? Keçək mətləbə...

Əvvəlla, "Medical Plaza"nın rəhbərliyi müəyyənləşdirməlidir ki, bura tibb müəssisəsidir, yoxsa döyüş rinqi? Əgər tibb müəssisəsidirsə, bəs nə üçün insanların sağlamlığı ilə bağlı olan problemi ya həll olunmur, ya da ki, xəstə aylarla sürünəndən, evin-eşini satandan sonra dərdinə çarə tapılır? Kor bağırsaq (apensit) əməliyyatının 2000 manata başa gəldiyi "Medical Plaza"da əlavə olaraq bir o qədər də qolu zorlulara, mühafizəçilərə pul ödəməli olursan. Dəhşətlisi odur ki, bu xəstəxanada elə bir xəstə və ya xəstənin hər hansı elə bir yaxın qohumu yoxdur ki, mühafizəçilər tərəfindən döyülməsin. Dediklərimizə inanın, çünki bütün bunlar bizim də başımıza gəldi. "Medical Plaza" haqqında eşitdiklərimizi, oradakı qanunsuzluqları araşdırmaq üçün birbaşa oraya yollandıq. Gördüklərimizdən dəhşətə gəldik. Xəstəxananın darvazasında 4 mühafizəçi dayanır, daha sonra əsas girişdə 5 mühafizəçi səni qarşılayır, hər otağın qabağında da bir mühafizəçi... Görəsən, nədən qorxurlar? Onlardan kömək istəyən xəstədənmi, yoxsa aysberqin görünməyən tərəflərindən? Hər halda bu ölkədə heç nə bağlı qalmır, bu da açılacaq. Yəqin ki, biz bir müddət sonra bu tibbi müəssisəsində əslində hansı işlərin görüldüyündən xəbərdar olacağıq.

Maş mühasib: "Ya pul verək, ya da yazmayın, başınız ağrıyar"

"SƏS" TV-nin çəkiliş qrupu içəri girər-girməz, mühafizəçilər tərəfindən əhatə olunduq, qolumuzdan tutub bayıra atmaq istəyənlər də oldu. Çəkilişlə bağlı etdiyimiz bütün xahişlər cavabsız qaldı. Bizə yaxınlaşıb çəkiliş aparmağımıza şərait yaradan olmadı. Baş həkimin xanım köməkçisi əlindəki telefonla sms yazırdı, dili isə bizlə danışırdı. Maya xanımın yanına göndərdilər bizi, onu otaqda tapa bilməsək də masasının üstündəki "yüzlük paçka"ları gözümüzdən yayınmadı. Artıq mühafizəçilər bizə jurnalistikadan dərs deməyə başlamışdılar, bizə vəzifə səlahiyyətlərimizi başa salırdılar. Ağzından süd qoxusu gələn bu gədə-güdələrlə başqa yerdə qarşılaşmq şansını yaratmaq bizə yaraşmadığına görə, onların düşük tənələrinə dözməli olduq. Çox keçmədi, Pərviz adlı bir cavan oğlan gəldi, sən demə, xəstəxananın baş mühasibi imiş. Bizi otağa dəvət etdi və 500 manat da pul təklif etməklə öz zir-zibillərini ört-basdır etmək istədilər. Əgər belə təmizsinizsə, xəstəxana haqqında danışılan biabırçı faktlar düz deyilsə, o zaman nədən qorxursunuz və bizə niyə rüşvət təklif edirsiniz? Bizim suallarımıza cavab verən olmadı, operatorumuz mühafizəçilərimiz tərəfindən təhqir olundu. Pərvizin "bura elə bir adamındır ki, nəsə yazsanız, öz başınız ağrayacaq" deməsi qullağımızı cingildətdi. Belə çıxır ki, xəstəxana "babat" adamındırsa, deməli orada vətəndaşları hər cür minib-çapmaq olar!?

Bizim suallara cavab verən tapılmadı. Məsələn, izah edən olmadı ki, "Medical Plaza"da nə üçün "Lüks" otaqda yatan xəstələrə yaxınları baş çəkə bilər, amma VİP və sadə otaqlarda olan xəstələrə isə baş çəkmək qatıqdan qıl çəkmək qədər çətindir? Mirağa Quliyev "Medical Plaza"da başına gələnləri bizə anlatdı: "Xalam oğlunun dizi əzilmişdi, 20 tikiş atıldı, 2100 manat pul istədilər. Yalvardıq, tikiş atdılar, sonra gedib arvadının qızıllarını satıb gətirib verdik. Sən demə, dizində ciddi problem yox imiş, orada bizdən pul qopartmaq üçün bizi qorxutdular. Guya şikəst qalacaqmış. Ancaq əsas problem bu deyil. Öncə 1800 manat verdik, 300 manat tapa bilmədik, vaxt istədik, ona görə mühafiçələr bizi itələyə-itələyə bayıra atdılar, əmim oğlunun kürəyindən təpiklə vurdular. Elə həmin gün xəstəxanın Gökan adlı baş həkiminin yanına getdik, köməçisi mühafizəçini çağırıb yenidən bizi döydürdü".

"50 manatlıq otaqda xəstənin qohumları girib xəstəyə baş çəkə bilməzlər"

Səhəri gün isə bizi xalam oğlunun yanına buraxmadılar. Dedilər ki, xalan oğlu sadə otaqda yatır, onu görmək istəyirsənsə, "Lüks" otağa keçirmək lazımdır. Bunun üçün də əlavə olaraq 100 manat ödəməlisən: "Yəni hər günə 50 manat otaq pulu verirdik. Dedilər ki, 50 manatlıq otaqda xəstənin qohumları girib xəstəyə baş çəkə bilməzlər, bunun üçün "Lüks" otağa keçirmək lazımdır".

Bu biabırçılığın mahiyyətini biz də anlaya bilmədik, amma görünür xəstəxana rəhbərliyi bunu özü üçün "qayda" kimi müəyyənləşdirib.

Xəstəxanaya baş vurmaqla bir çox şeylərdən də hali olduq. Məsələn, şəxsən mənim e-mail ünvanıma göndərilən məktubda bildirilir ki, "Medical Plaza"da qanunsuz əməliyyatlar aparılır: "Başqa bir xəstəxananın həkimi burada otaq kirayə edərək xəstələrini qəbul edir. Xəstənin dərdinə çarə tapılmayanda isə həkimi də tapmaq olmur. "Medical Plaza" da öz növbəsində belə bir həkiminin olmadığını bildirir. Nəticədə xəstə şikəst qalır. Əgər xəstə bir az irəli gedib haqqını tələb etsə, o zaman mühafizəçilər tərəfindən döyülür. Hara müraciət etsən də xeyiri olmur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənmək istədik. Nazirlikdən "SİA"ya bildirdilər ki, "Medical Plaza" özəl qurumdur: "Təsəvvür edin ki, bazardır. Tutaq ki, kartofun bir kiloqramını 10 manata verir, biz onlara heç nə deyə bilmərik".

Məsələni tam ciddiyyəti ilə araşdırırıq. Bu istiqamətdə araşdırmalarımız dəqiq faktlar üzərində dava edəcək. Qarşı tərəfində mğvqeyini öyrənməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə