Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır.
İkincisi, deyək ki, xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.
Hər il dünyada süd vəzi xərçəngi (SVX) diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir. Bu şişlərin 30-dan çox növü məlumdur. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.
Bəs nə etməli? Bu müdhiş xəstəlikdən necə qorunmalı?
Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:
• Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;
• Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;
• Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;
• Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;
• Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;
• Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;
• Süd vəzində böyümə, quruluşun və ya rəngin dəyişilməsi, asimmetriya müşahidə olunursa.
Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.
İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.
Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir. Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları arasında ən geniş yayılmışlarımammoqrafiya və USM-dir.
Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur.
Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrinin qmammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir.
Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.
Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Ultrasəs müayinənin ən üstün cəhətlərindən biri budur ki, aparatın şüa yükü azdır, bu müayinəni təkrar-təkrar keçirmək olar və zərərsizdir, həm də bu müayinədə bədxassəli şişlərin paycıqları da aşkarlanır.
USM və doppleroqrafiyadan ibarət kompleks müayinə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Xoşxassəli törəmələrin (həmçinin maye tərkibli törəmələrin) aşkar edilməsindəbu iki müayinənin birgə kombinasiyasının həssaslığı və spesifikliyi orta hesabla 95%-dir. Onu da bilmək lazımdır ki, SVX-nin müəyyənləşdirilməsində USM mammoqrafiya ilə yanaşı metod kimi yararlıdır. Amma əgər qadın hamilədirsə, ya da körpəsinə süd verirsə, həmin halda diaqnoz qoyulması üçün USM yeganə metoddur.
Bir vacib məqam da var: döşünüzdəki patologiyanın süd vəzi xərçəngi olduğuna 100% əmin olmaq üçün mütləq və mütləq histoloji və patohistoloji müayinələrdən keçməlisiniz. Bəzən xəstələrdə belə bir qorxu olur ki, döşümə punksiya edildikdən sonra xərçəng yayıldı və ya bıçaq dəydikdən sonra artdı... Onkoloq kimi sizi əmin edirəm ki, bu fikirlərin heç bir elmi əsası yoxdur! Bilin ki, ultrasəs müayinəsi vasitəsilə süd vəzində əllə hiss olunmayan şişi təyin etmək olur, ancaq onu dəqiqliklə xərçəng adlandırıb xoşxassəli törəmələrədən diferensiasiya etmək mümkün olmur. Buna görə də bir sıra alimlər mütləq olaraq biopsiya keçirilməsinə tərəfdar çıxırlar. Belə müayinələrdən qorxmaq lazım deyil. Əsas məsələ xəstəliyi vaxtında aşkarlamaqdır, dəqiq diaqnozun qoyulmasıdır və inamla bu bəlaya qarşı mübarizə aparmaqdır. Heç vaxt inamınızı itirməyin. Çünki əhval-ruhiyyəniz, psixoloji durumunuz xəstəliyə qalib gəlməkçün vacib şərtdir. Həkiminizə və qəbul etdiyiniz müalicəyə inamınız möcüzələr yarada bilər.
Müasir təbabətdə elastoqrafiya, maqnit-rezonans mammoqrafiyası (MRT), mammossintiqrafiya, pozitron-emission tomoqrafiya (PET), radiotermoqrafiya adlanan diaqnostika metodlarından da geniş istifadə edilir.
İtirilmiş sağlamlığı bərpa etmək və xəstəliyə qalib gələ bilmək üçün sadaladığımız müayinələrin hər birinin özünəməxsus rolu var. Öncə müayinə, dəqiq diaqnoz, sonra isə əsaslı müalicə. Yorulmadan, usanmadan müalicə prosesini intizamla başa vurmaq. Unutmayın ki, vaxtında aşkar olunan xəstəlik və düzgün aparılan müalicə sizin həyatınızın qarantıdır. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada yüz minlərlə qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! Necə? Əlbəttə ki, ciddi müalicə yolu ilə!
Təbabətin hazırkı durumuna görə, SVX-nin müalicə yolları bunlardır:
1. cərrahi əməliyyat
2. kimyəvi dərman müalicəsi
3. radioterapiya və yaxud şüa müalicəsi
4. hormonal müalicə
5. immunoterapiya.
Bəzi xəstələrdə problem cərrahi əməliyyatdan sonra aradan qalxır. Bəzilərində isə müalicəni tamamlamaq üçün kimyəvi dərman müalicəsinə, radioterapiyaya və digər metodlara da ehtiyac olur. Bunu həkim müəyyənləşdirir. Bilin ki, yerli və ya sistem xarakteri daşıyan həmin müalicə vasitələrinin hər biri sizin həyatınızı qorumaq üçündür. Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. SVX-yə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun.
Yerli (lokal) müalicə süd vəzindəki törəməni aradan qaldırmağa və ya kiçiltməyə yönəlir. Bu, cərrahi yolla, ya da şüa verilməsi vasitəsilə həyata keçirilir. Sistem müalicə dedikdə isə kimyəvi dərman müalicəsi, hormonal müalicə və immunoterapiya nəzərdə tutulur. Həmin müalicələr qan dövranı vasitəsilə bədənin bütün nahiyələrindəki şiş hüceyrələrini məhv edir və yaxud nəzarətdə saxlayır.
SVX ilə mübarizədə qadınlar bir sıra çətinliklərlə qarşılaşır. Əsasən mənəvi-psixoloji mahiyyət daşıyan həmin çətinliklər sırasında kimyəvi terapiyadan sonra saçın tökülməsi, xarici görünüşün və həyat tərzinin dəyişilməsi, əgər döş kəsilib götürülübsə qadında özünü qiymətləndirmə dərəcəsinin aşağı düşməsi kimi faktorları qeyd edə bilərik. Bunlar vəziyyəti daha da dramatikləşdirir. Əlbəttə, hər bir qadın gözəlliyinə gözəllik qatan döşlərinin yerində qalmasını istəyər. Amma unutmayaq ki, həyatımız görünüşümüzdən daha qiymətlidir, yaşamaq əsl hünərdir.
Yüzlərlə xəstə ilə təmasda olmuş onkoloq kimi deyə bilərəm ki, mammoqafikskrininq sayəsində xəstəliyi erkən mərhələdə aşkarlayaraq öncə orqansaxlayıcı əməliyyatlardan, sonra isə şüa müalicəsindən istifadə etməklə bu problemi qismən həll etmək mümkündür, yəni döşünüzü saxlamaq olar. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən həmin prosesi aparmaq hər zaman mümkün olmur.
Cərrah planlaşdırılan əməliyyatın növünü təyin edərkən xəstəliyin hansı inkişaf mərhələsində olduğunu, əsasən də birincili şişin ölçüsünü və lokalizasiyasını nəzərə alır. Törəmənin ölçüsünün süd vəzinin ölçüsünə olan nisbətinə diqqət yetirir. Bu məqamda xəstənin yaşı da mühüm rol oynayır. Yəni həm xəstəliyin proqnozu, həm də döşün saxlanılmasının xəstə üçün vacibliyi nəzərə alınır. Bütün bunları tibbi və insani baxımdan saf-çürük edəndən sonra cərrah iki yoldan birini seçir: ya radikal mastektomiya (döşün kəsilib götürülməsi), yaxud lampektomiya və kvadrantektomiya həcmində orqansaxlayıcı əməliyyat taktikasını tətbiq edir.
SVX ilə mübarizədə bu mərhələyə gəlib çatıbsınızsa bilin ki, orqansaxlayıcı əməliyyatlar əsasən xəstəliyin erkən mərhələsində (I və II mərhələdə) tətbiq olunur. Döşünüzdə kiçik ölçülü törəmələr varsa, cərrahiyyə əməliyyatından sonra şüa müalicəsi ala bilərsinizsə, o halda döşünüzü qorumaq şansınız çoxdur. Bir məqamı da nəzərə alın ki, törəmənin onkoloji xüsusiyyətindən asılı olaraq orqansaxlayıcı əməliyyatdan sonra eyni süd vəzində xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı da var. Bu ehtimalildə 0,5%-dən 1 faizədəkdir. Süd vəzi xərçənginin cərrahi yolla müalicəsində yalnız törəmənin çıxarılması kifayət etməz. Kanser kütləsinin götürülməsindən əlavə qoltuqaltı limfa düyünləri də çıxarılmalıdır.


Sonradan sürprizlərlə qarşılaşmamaq üçün əməliyyatdan əvvəl həkiminizlə ətraflı söhbət edin. Müalicə prosesinin gedişatı barədə dəqiq bilgi alın. Əməliyyatdan sonra kimyəvi dərman müalicəsinə ehtiyac olarsa, xəstə əvvəlcə kimyəvi terapiyanı, sonra isə şüa müalicəsini qəbul etməlidir. Şüa müalicəsi qəbul edəcəyinizə, müntəzəm surətdə davamlı olaraq yoxlama-nəzarət (kontrol) müayinələrinə vaxtlı-vaxtında gələcəyinizə həm həkiminiz, həm də özünüz əmin olmalısınız. Bir özünüzə də sual verin: mən bu prosesə hazırammı? Nəzərə alın ki, uzun müddət davamlı nəzarət altında olacaqsınız. Fiziki ağrılara, mənəvi sıxıntılara dözə biləcəksinizmi? Yaşamaq, doğmalarınızın yanında olmaq, həyatdan həzz almaq istəyirsinizsə, dözməlisiniz. Sarsılmadan qətiyyət göstərməlisiniz. Özünüzdə bu gücü tapın. İnsan oğlu çox güclü və iradəlidir. Bəzən adi günlərdə ağlımıza belə gətirə bilmədiyimiz gücü ekstremal vəziyyətlərdə müşahidə edir, özümüzə heyran qalırıq. Özünüzə və gücünüzə güvənin.
Ümumiyyətlə, SVX-nin müalicəsi bir neçə mütəxəssis – onkoloq, radioloq, patomorfoloqlar tərəfindən aparılır. Xəstənin psixoloji vəziyyətindən asılı olaraq əməliyyatdan əvvəl, ya sonra psixoloq və psixiatorların da konsultasiyasına ehtiyac yarana bilər. Orqansaxlayıcı əməliyyatın icrası mümkün olmayan xəstələrdə mastektomiya əməliyyatı yerinə yetirilir ki, bu zaman süd vəzi regionar limfa düyünləri ilə birlikdə blok şəklində kəsilib götürülür.
Mastektomiya – şiş kütləsinin ətrafındakı sağlam süd vəzi toxumasının regionar limfa düyünləri ilə birlikdə çıxarılması əməliyyatıdır. Bu halda xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı orqansaxlayıcı əməliyyatlara nisbətən 3-8% azdır. Müasir dövrdə xəstənin öz toxumalarından və yaxud protezlərdən istifadə etməklə süd vəzində rekonstruktiv əməliyyatlar icra edilir. Yəni qadına süni döş qoyula bilir. Unutmayın, tibb elmi sizin üçün bu imkanları da yaradıb.
Qadınları ən çox qorxudan müalicələrdən biri kimyəvi dərman müalicəsidir. Onun optimal müddəti 4-6 aydır. Bu terapiya xərçəng hüceyrələrini öldürən dərmanların damar yolu ilə bədənə yeridilməsindən və ya həb şəklində qəbul olunmasından ibarətdir. Həmin dərmanlar qan dövranına daxil olaraq bütün bədənə yayılır, beləcə uzaq orqanlara yayılmış xərçənglərin aradan qaldırılmasını təmin edir. Nəzərə alın ki, xəstəliyin erkən mərhələlərində belə, xərçəng hüceyrələri SVX-dən qoparaq qan dövranı yolu ilə yayıla bilər. Bu hüceyrələr əlamətlərlə (simptomlarla) müşayiət olunmaya bilər, hətta rentgenoloji müayinələr zamanı görünməyə və fiziki müayinədə aşkar edilməyə bilər. Ancaq gizli-gizli, altdan-altdan öz işini görən bu mənfur hüceyrələr böyüməyə davam etsələr, bədənin başqa bölgələrində yeni şişlərin meydana gəlməsinə səbəb olarlar. Bax, kimyəvi dərman müalicəsi məhz belə hüceyrələri tapıb məhv etmək üçün tətbiq olunur. Müalicə sxemi seçilərkən dərmanların kənar təsirlərinə və xəstənin digər xəstəliklərinə mütləq diqqət edilməlidir. Xəstə bilməlidir ki, kimyaterapiya nəticəsində saç tökülməsi, ürəkbulanma, qusma, halsızlıq, ishal və ya qəbzlik, aybaşı nizamsızlıqları, dırnaq və dəri dəyişiklikləri, həmçinin erkən menopauza riski var. Amma bu kənar təsirlərin çoxu keçicidir, yəni müvəqqətidir. Cərrahiyyə əməliyyatından sonra kimyaterapiyanın tətbiqi döş xərçənginin yenidən əmələ gəlməsi ehtimalını azaldır.
Bilin ki, SVX yeni aşkar edildikdə belə döşdə mikrometastazların varlığı ehtimal olunur. Bu səbəbdən, son 30 ildə mikroskopik metastazları yox etməyi hədəf götürən qoruyucu (adyuvant) kimyaterapiya və hormonoterapiya təyin edilir. Həkim müvafiq adyuvant müalicə planını seçərkən bir sıra faktorlara diqqət edir: xəstənin yaşı, şişin diametri, qoltuq altındakı metastatik limfa düyünlərinin miqdarı və s.
Kimyaterapiya bitdikdən sonra hormonal reseptorları müsbət olan xəstələrə hormon müalicəsi təklif edilir. Radioterapiyada isə yüksək enerjili şüalar vasitəsilə xərçəng hüceyrələri məhv edilir və ya kiçildilir. Şüa müalicəsinə əməliyyatdan təxminən bir ay sonra başlanılır, 6-7 həftə boyunca həftənin 5 günü davam edilir. Hər seansı bir neçə dəqiqə çəkən şüa müalicəsi ağrısızdır. Lakin yan təsirləri ola bilir. Məlumunuz olsun ki, süd vəzi toxumasında və dəridə meydana gələn dəyişikliklər 6 aydan 12 ayadək müddətdə itir. Bəzi qadınlarda isə müalicədən sonra süd vəzi daha kiçik və daha möhkəm hala gəlir.
Gördüyünüz kimi, sağlamlığınıza həssas yanaşma, xəstəliyin müalicəsinə ağıllı və təmkinli münasibət sayəsində süd vəzi xərçənginə də qalib gəlmək mümkündür. İradəli olun və xəstəliyə deyin: "Süd vəzi xərçəngi, MƏN SƏNDƏN GÜCLÜYƏM!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB