Bayram günlərində kimlərin sayı kəskin artdı?

Bayram günlərində kimlərin sayı kəskin artdı?

Bakıda bayram günlərində təcili yardıma müraciət edənlərin sayında artım olub. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Kəmalə Tağıyeva deyib. O, bildirib ki, bayram günlərində təcili yardıma müraciət edənlərin sayında artım müşahidə olunub: "Bayram günlərində stansiyaya 13 147 çağırış daxil olub. Bu çağırışlar nəticəsində 989 nəfər xəstəxanaya yerləşdirilib. Əgər hər gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 1500-1600 çağırış daxil olurdusa, dekabrın 31-də bu say 1800-dən çox olub. Yanvarın 1-də çağırışların sayı 2000, yanvarın 2-si, 3-ü, 4-də isə bu say 1950-1960-dan aşağı düşməyib. Yalnız dünən çağırışların sayı bir qədər aşağı düşüb və 1700 çağırış qeydə alınıb. Klinikalar bu günlərdə işləmədiyindən təcili yardıma müraciət edənlərin sayı daha da artıb. Zərərçəkənlər arasında dəm qazı, qidadan zəhərlənmə, baş, diş ağrısı, qida ilə bağlı müraciətlər olub. Ölkəmizdə bayram süfrələri qarışıq və müxtəlif olduğundan baş verən hadisələrlə bağlı müraciət edənlərin sayı da artır. Bu hadisələr isə adətən normal hesab edilir".

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi həmçinin bildirdi ki, dəm qazından stansiyaya 100 müraciət daxil olub. Onların 60 nəfəri xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə