Noyabrın 1-dən etibarən Almaniyada tibb sahəsində yeni qanun qüvvəyə minəcək. Qanuna əsasən hər bir alman vətəndaşı ölümündən sonra öz orqanlarından istifadə edilməsinə, yəni başqa bir şəxsə köçürülməsinə yalnız özü qərar verəcək. Bundan sonra sığorta vərəqlərində vətəndaşın öz orqanlarından istifadəyə icazə verib-verməməsi barədə band olacaq. Amma almanların bu qanuna necə münasibət göstərəcəyi hələlik tam bəlli deyil. Məsələ burasındadır ki, bu yaxınlarda bütün Alman tibb sahəsinin üstünə kölgə sala biləcək cinayətin üstü açılıb. Məlum olub ki, donor orqanların köçürülməsi ilə məşğul olan həkimlər imkanlı xəstələrə növbədənkənar orqanlar köçürərək bundan pul qazanırmışlar. Özü də bu hal bir klinikada deyil, hələlik məlum olduğuna görə ikisində baş verirmiş. Polis Höttingen və Reqensburg klinikalarında aşkara çıxarılan bu cinayətin son hadisə olmadığı və başqa klinikalarda da belə halların üzə çıxarılacağı qənaətindədir.
Məlum olduğu kimi, Beynəlxalq Səhiyyə Təşkilatı və cinayət məcəlləsi insan orqanlarının alverini qadağan edir. Bununla bərabər bir çox dövlətlərdə ölən şəxsin orqanlarından təmənnasız olaraq istifadə edilməsi barədə qanun mövcuddur. Təbii ki, tibbdə hegemonluq edən Almaniyada da bu qanun mövcuddur. Alman həkim heç bir maddi maraq güdmədən ölmüş insanın hər hansı bir orqanını buna ehtiyac duyan pasiyentə köçürə bilər. Belə ehtiyacı olanlar isə kifayət qədərdir və onlar öz növbələrini gözləyirlər. Qalmaqal da bu üzdən yaşanmaqdadır. Həkimlər orqanlara ehtiyacı olanlara növbəyə görə deyil, bank hesablarındakı məbləğin iriliyinə əsasən xidmət göstəriblər. Bununla da son dərəcə sanballı imicə malik olan alman həkimlərinin və ümumilikdə tibbin üzərinə ciddi ləkə salıblar. Belə bir vəziyyətdə yeni qəbul olunacaq qanunun nə dərəcədə effektli olacağı xeyli şübhə doğurur. İnsan orqanlarının öz məqsədlərinə uyğun olaraq xəstələrə köçürən həkim barədə öyrənən donor, orqanlarından istifadə olunmasına razılıq verəcəkmi? Prinsipial almanlarda buna müsbət cavab vermək xeyli çətin görünür.
Şahin Abasov
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB