"Ani diqqətsizlik xəstənin həyatının itirilməsinə gətirib çıxara bilər" - HƏKİM İZAH ETDİ

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslər zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdır. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.

Statistika göstərir ki, ölənlərin 80%- i məhz ilk yardım göstərilməməsi ilə bağlıdır. İlk yardım ilə təcili tibbi yardım ifadələri bir-birlərinin yerinə istifadə edilməkdədir. İlk yardımın əsas tədbirləri hansılardır? İnsanlar ilk yardım zamanı əsas nələrə diqqət etməlidir? SİA mövzu ilə bağlı terapevt Vəfa Hüseynovanın fikrini öyrənib.

O bildirib ki, ilk yardım ev şəraitində də aparıla bilər: "Zərərçəkənin hansı vəziyyətdə olduğundan asılı olaraq yolda, avtomobildə, qatarda və s. olmasından asılıdır. Ancaq təcili tibbi yardım isə təcili yardım həkim və feldşer tərəfindən göstərilməlidir. Burada vaxt çox önəmlidir. İstivurma zamanı ilk yardım xəstəyə rahat şərait yaradılmalıdır, kölgəlikdə yerləşdirilməli çox insan istivurma zamanı elə bilir ki xəstə uzanmalıdır amma bu yanlışdır, çünki uzanan zaman beyinə qan axması güclənir, bu da xəstəyə ziyan vuran bilər.

İlk yardım zərərçəkənə göstərilən ilk tibbi köməkdir. Bu zaman əsas məqsəd təcilli tibbi yardım maşını gələnə qədər xəstənin vəziyyətini nəzarətdə saxlamaqdır. Yadda saxlamaq lazımdır ki, zaman çox əhəmiyyətlidir, çünki ani diqqətsizlik xəstənin həyatının itirilməsinə gətirib çıxara bilər. Əgər xəsarət alan adam danışa bilirsə, onunla ünsiyyətdə olmaq lazımdır. Beynin fəaliyyət göstərməsi ilk növbədə həmin insanın ayıq olmasını göstərir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə