Xuraman Əzimova: “Hər bir tibb işçisi özünü xəstənin yerində qoyanda və xəstəyə böyük diqqəti olanda, doğması kimi baxanda, xəstədə inam, ümid, həyat sevərlik artar”
Keçən il noyabr ayının 27-də ürəyimdə dəhşətli ağrılar olduğuna görə Təcili Tibbi Yardım Stansiyasının həkimləri məni Sumqayıtdakı 1 Nömrəli Xəstəxananın kardeologiya şöbəsinə apardılar. Mən burada bir neçə dəfə müalicə almışdım və həkimlər - şöbə müdiri Cabir Məcidov, Sevinc xanım Əliyeva, Lətafət xanım Orucova və başqaları əllərindən gələni etmişdilər ki, mən sağalım. Yenə də onlar bacardığını edirdilər ki, sağlamlığım qaydasına düşsün. Açığı, mən iynədən qorxuram. Tibb bacılarının çoxu mənim damarlarımı tapmaqda çətinlik çəkirlər. Amma bir tibb bacısı elə ustalıqla damarlarımı tapıb, inyə vururdu ki, onun peşəkarlığına heyran olurdum. Həm də hər bir xəstə ilə çox diqqətlə, mehriban davranırdı. Bu tibb bacısı Xuraman Ərşad qızı Əzimova bir yazıçı kimi diqqətimdən yayınmadı.

O, 1982-ci ilin yanvar ayının 28-də Sumqayıt şəhərində dünyaya gəlib. 1997-ci ildə buradakı 28 nömrəli tam orta məktəbi bitirib. 1999-cu ildə Bakı Tibb Texnikumuna qəbul olub və 2000-ci ildə oranı əla qiymətlərlə bitirib. Təyinatla Sumqayıtdakı 2 Nömrəli Xəstəxanaya işləməyə göndərilib. On il burada çalışandan sonra, onun yüksək bacarığını görüb 1 Nömrəli Xəstəxanaya dəvət ediblər. Xuraman xanımdan öyrəndim ki, pandemiya dövründə ən ağır xəstələrin sağalması üçün əlindən gələni edib və hətta özü də bu xəstəliyə tutulub və möcüzə nəticəsində sağ qalıb. O, deyir ki,“həmin dövr çox ağrılı idi. Xeyli itki verdik. Elə bil ki, biz də silahsız döyüşüb, xəstələri var qüvvəmizlə bu bəlanın əlindən almağa çalışırdıq. İnsanlar həyatlarını itirirdilər və biz də onları qorumaqda gücsüz idik. Bundan dəhşətli şey yoxdur ki, görürsən xəstə gözünün qarşısında ölümlə üz-üzədir və sənə yalvarır ki, məni yaşadın, amma sən ona lazım olan köməkliyi eləyə bilmirsən. Əvvəl yaşlılar dünyasını dəyişirdi və sonra artıq cavanlar da bu xəstəliyə tutulurdu. Çoxu deyirdi ki, “kiçik yaşlı körpəm var. Heç olmasa onu böyüdüm və sonra ölüm”. Biz tibb işçiləri həmin vaxt böyük stresslər keçirirdik. Mən hətta qorxudan, gərginlikdən allergiya xəstəliyi tapsam da, 7 ay həmin şöbədə işlədim”.
- O dövrdə sizin əməyiniz lazım olan kimi qiymətləndirildimi?
- Açığı, xeyr. Heç əmək kitabçamızda da qeyd olunmadı ki, biz pandemiya dövründə xəstələrə xidmət etmişik. Əmək haqqımız da lazım olan kimi verilmədi. Əslində həmin vaxt bizə söz vermişdilər ki, lazım olan kimi əmək haqqı alacaqsınız. Axı biz həqiqətən də silahsız döyüşə girmişdik və xəstələri bu dəhşətli xəstəliyin əlindən almağa çalışırdıq. Çox vaxt da buna nail olurduq. Özümüz karonavirusa yoluxsaq da, ayaq üstə idik və xəstələrə qulluq edirdik. Həmin dəhşətli hadisədən iki ildən çox vaxt keçsə də yadımıza düşəndə çox kövrəlirik. Özünüz görürsüz ki, mən danışa-danışa ağlayıram. Çünki həmin xəstələr gözlərim qarşısına gəlir. Ana vardı ki, ölüm ayağında idi və oğlu pəncərədən ona baxırdı. Bizə deyirdi ki, oğlum soyuqda dayanmasın, getsin evə. O, özü də şəkər xəstəsi idi. Gedib evdə heç olmasa çörək yesin. Həmin vaxt görürdük ki, xəstənin saturasiyası aşağı düşüb və son dəqiqələrini yaşayır, ona deyirdik ki, oğlun burada gözləyir. Son sözün varsa de, ona söyləyək. Belə analar özlərini yox, övladlarını düşünür və onların ac-susuz qalmasına dözə bilmir, məhz onların sağlamlığı qeydinə qalırdılar. Xəstələr əlimizdə keçinirdi və biz onlara heç nə eləyə bilmirdik. Bu virusu dünya yayayanların, bu bəlanı insanlar arasına gətirənlərin görəsən anaları, bacıları, övladları yoxdurmu? Məgər onların yaxınları bu bəladan ölməyiblərmi? Doğrudanmı onlar yenə də belə dəhşətli xəstəliklər fikirləşəcəklər? İndi həkimlərlə, tibb bacıları ilə söhbət eləyəndə mən həmin xəstələrin adını deyəndə onlar təəccüb eləyirlər ki, iki ildə mən onların adlarını yadımdan çıxarmamışam. Axı onların adlarını, soyadlarının necə unutmaq olar? Bunlar çoxlu dəhşətli hadislərlə zəngin olan kitabın mövzusudur.
- Siz indi ən çətin, ağır şöbə sayılan kardeologiyada işləyirsiniz. Burada görürəm ki, əllərinizdən gələni edirsiz ki, xəstələr sizdən razı qalsın. Əksər xəstələrin şıltaqlığına, səbrsizliyinə dözürsünüz. Bu haqda nə deyə bilərsiniz?
- Burada çalışan hər bir insan başa düşməlidir ki, çox çətin bir sahədə işləyir. Onun vicdanı özünə nəzarətçi olmalıdır. Özünü həmin xəstənin yerində qoymalıdır və hər bir xəstəyə özünün doğması kimi baxmalıdır. Onda xəstədə sağalmasına böyük inam, ümid olacaq. Bizim şöbənin müdiri Cabir Məcidovun sayəsində burada çox böyük mehribançılıq hökm sürür. Bütün həkimlər – Sevinc xanım Əliyeva, Lətafət xanım Orucova, Vəfa xanım Əliyeva, Aida xanım Məmmədova, Tahir Səfərli, Arif Abdurrahmanov və tibb bacıları öz işlərini mükəmməl bilirlər. Şükür ki, təkcə bizim şöbədə yox, bütövlükdə tibb ocağımızda çalışanlar xəstələrə qarşı bütün həkimlərimiz hədsiz diqqətcildirlər. Bu da baş həkim Mətləb Musayevin qayğıkeşliyindən irəli gəlir. O, çox yaxşı həkim olmaqla yanaşı, dəyərli insandır, mərhəmətlidir. Hər həftə şöbələri gəzir və xəstələrin müalicəsinə nəzarət eləyir, təyinatına baxır. Xəstələrin özlərindən soruşur ki, bizim işçilər sizə necə yanaşırlar? Pandemiya dövrü də o, bizimlə çiyin-çiyinə işləyirdi. Özü iki dəfə koronavirusa tutulsa da, hər an bizim yanımızda idi və hamıda ruh yüksəkliyi yaradırdı. Həmin vaxt baş həkim Nazim Hüseynquliyev hepatit sirroz olduğuna görə xəstələrə yaxın durmurdu. Amma onun işini Mətləb həkim görürdü. Xəstələrə böyük ümid verirdi. Sonra Mətləb həkimin bacarığını, təşkilatçılığını, savadını görüb, onu bizim xəstəxanaya baş həkim təyin etdilər. Az bir vaxtda görürsünüz ki, həmının sevimlisinə çevrilib, böyük hörmətini qazanıb.

- Bir tibb işçisi kimi 18 ildir ki, bu sahədə çalışırsınız. Əhalimizə arzunuz nədir?
- Bir arzum var ki, pandemiya və qanlı müharibələr bir də olmasın. Allah bütün xəstələrə şəfa versin. İstəmirəm ki, kimsə xəstə olsun. Mən bədii ədəbiyyatı çox sevirəm. Məşhur yazıçı Migel de Servantesin belə bir maraqlı kəlamı var: “Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir”. Ona görə də hər kəs öz sağlamlığını qorumalıdır. Qarabağ müharibəsindəki qələbəmizdən sonra bu, daha vacibdir. Axı bizim bir millət kimi qarşıda gör nə qədər işlərimiz var. Sağlam olmalıyıq ki, Qarabağda böyük quruculuq işləri görək. Sağlam olmalıyıq ki, bütün köçkünlərimiz, qaçqınlarımız doğma yurdlarına qayıda bilsinlər.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB