Qardaş bacısına 18 bıçaq zərbəsi vurub

Astara şəhərində qardaş bacısını ağır yaralayıb. Astara Rayon Polis Şöbəsinin müstəntiqi Elman Quliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə sentyabrın 2-də, saat 11.00 radələrində baş verib. Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Fərhad Beytulla oğlu Xəlilov qısqanclıq zəminində bacısı, Astara şəhərinin S.Vurğun küçəsi ev 117 – də yaşayan 1984-cü il təvəllüdlü Gülnarə Beytulla qızı Xəlilovaya 18 bıçaq zərbəsi vurub.

Zərərçəkmiş ağır vəziyyətdə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada onun üzərində dərhal cərrahiyə əməliyyatı aparılsa da, həkimlərin fikrincə, G.Xəlilovanın vəzyəti ağır olaraq qalır.

Polisin həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətmiş Fərhad Xəlilov yaxalanıb. O, bacısını əxlaqsız hərəkətlərinə görə öldürmək istədiyini bildirib.

Qeyd edək ki, F.Xəlilov bir uşaq atasıdır və Bakıda yaşayır. İki uşaq anası olan G.Xəlilovanın əri isə həbsxanadadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə