Məktəblər açılarsa yaranacaq problemlər - KÖŞƏ YAZISI

Təhsil dövrü yaxınlaşdıqca, valideynlərin narahatlığı artır. Övladı bağçaya, hazırlığa, məktəbə, ali təhsil ocağına üz tutacaq insanlar çətin durum qarşısındadırlar.

Görəsən, koronavirus qorxusu canımızdan çıxıbmı? Uşağı təhsil ocağına göndərməyə hazırıqmı?

Ölkənin təhsil camiyəsi Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpasını müzakirə edir. Pandemiya ilə əlaqədar olaraq məktəblərin açılması real görünmürdü. Məktəblərdə şagirdlər və müəllimlər arasında sosial məsafənin saxlanılmasını təmin etməyin çətin olacağı əsas gətirilirək ənənəvi məktəblərin açılması ilə bağlı müxtəlif fərqli mülahizələr irəli sürülür. Şagirdlərin məktəblərdən uzaqlaşması tədris proqramını mənimsəyə bilməməsi ilə yanaşı, şagirdlərin məktəb mədəniyyətinə qüsurlu təsirlər göstərə biləcəyi ayrıca bir məsələ olaraq ortaya atılıb. Eləcə də, bir sıra ekspertlər karantin şəraitinin aradan götürüləcəyi təqdirdə açılması tələb olunan ilkin müəssisənin məhz məktəblərin olması qənaətindədir.

Covid-19 virusunun dünyada tüğyan etdiyi, canlar aldığı bir dövrdə insan sağlığının hər bir məsələnin önündə dayandığı barədə fikirlər təhsil müəssisələrinin bağlı saxlanılmasını şərtləndirirdi. Pandemiyanın hələ bitmədiyini nəzərə alaraq təhsil müəssisələrinin növbəli şəkildə açılması ilə bağlı qərarın nə dərəcədə mövcud şəraitə adekvat olduğu da mübahisəli qarşılanır. Əslində məsələyə yanaşmada şagirdlərin də fikirləri fərqlidir. Onsuz da pandemiya şəraiti bütün sahələrdə onlayn, virtual münasibətləri formalaşdırıb. Onsuz da təhsil proqramlarında kifayət qədər geriləmələr oldu. Məktəblərin açılması hansı üstünlüyə, yaxud narahatlığa səbəb ola bilər. Ümumiyyətlə məktəblər açılmalıdırmı, yoxsa yox?

Sirr deyil ki, şagirdlərin heç də hamısı evlərinə yaxın məktəblərdə təhsil almır və dərsə getmək üçün ictimai nəqliyyatdan istifadə edir. Bu isə 2-3 həftədən sonra avtobuslarda sıxlığın nəzərə çarpacaq dərəcədə artacağından xəbər verir. Sərnişin yükünün böyük hissəsini metro çəkə bilər. Yeraltı nəqliyyat isə koronavirus pandemiyasına qarşı görülən mübarizə tədbirləri çərçivəsində aylardır bağlı idi. Hazırda metro işləsə də tələbə və şagirdlərin yaradacağı sıxlıq əlavə risklərə səbəb ola bilər.

Distant təhsil sisteminə rahatlıqla alışan uşaqlarla yanaşı, çətinlik çəkən, əsəbləşən, psixoloji gərginlik yaşayan uşaqlar da olub. Buna görə də həmin şagirdlərin də vəziyyətini nəzərə almaq lazımdır. Digər tərəfdən, məlumdur ki, məktəbləri açan, yeni tədris ilində ənənəvi qaydada prosesə başlayan ölkələrdə pandemiya şəraiti ilə əlaqədar xüsusi təlimatlar var və bu sənədlərdə şagird sayı da əsas götürülür. Ənənəvi məktəb sisteminə adaptasiya prosesi yalnız tədrisdə deyil, uşaqların bir-biri ilə münasibətlərində də özünü göstərəcək.

Belə ki, mütəxəssislərin fikrincə burada əsas yük müəllimlər və valideynlərin üzərinə düşür. Valideynlərlə yanaşı müəllimlər də çox diqqətli olmalıdırlar. Çünki dərs prosesində valideynlər uşaqlardan bir neçə saatlıq uzaqlaşacaqlar və əsas çətinlik müəllimlərin üzərinə düşəcək. Vəziyyətə uyğunlaşmaq təxminən 2 aya yaxın çəkəcək. Bu zaman valideynlər, müəllimlər uşaqlara qarşı həddindən artıq həssas olmalı, onların üzərinə getməməli, mümkün qədər sərbəstlik verməlidirlər. Onlar uşaqların əvvəlki güvənini özünə qaytarmağa çalışmalıdırlar. Əks halda cəmiyyətə güvənsiz, özünə inamsız, özünükiçildən fərd yetişdirəcəklər.

Daha çox yuxarı sinif şagirdlərinə nəzər yetirmək lazımdır. Ən çətin, problemli mərhələ onları gözləyir. Ona görə ki, illərdir pandemiya ilə üz-üzə qalmışıq, yaşlılarda bu, psixoloji problemlərlə müşahidə olunsa da, uşaqlarda daha mürəkkəb psixoloji böhran prosesi hələ başa çatmayıb. Pandemiya dövrü uşaqlarda fizioloji, anatomik, psixi və sosial keyfiyyətlər baxımından həyatın bir mərhələsindən digərinə keçid dövrünü bütünlüklə əhatə edib. Yeniyetmə orqanizmi üçün bu dövr çox əhəmiyyətlidir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə