Naxçıvan DİM qarşıya qoyulan vəzifələrin icrasını uğurla həyata keçirir

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi aidiyyəti vəzifələrin icrasını fevral ayı ərzində də uğurla həyata keçirib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib. Mərkəzin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, fevralın 24-dən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2020-ci il oktyabrın 14-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. 103 vəzifənin tutulması üçün, ümumilikdə, 341 namizədin iştirak etdiyi müsahibə mərhələsi martın 13-ə qədər davam edəcək. Muxtar respublikanın Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının keçirilməsi fevral ayında da davam edib. Martın 1-nə qədər, ümumilikdə, 2944 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 1539-u müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb. Fevral ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 66 nəfər, müəllimlərin işə qəbulu və sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 112 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə