Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildiriblər ki, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün mayın 15-də və 16-da təşkil edilən eksternat imtahanında 381 nəfər iştirak edib. Onlardan 334-ü imtahanda uğur qazanıb.

Eksternlər hərəsində on sual olmaqla 14 fənn (Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, insan və cəmiyyət, iqtisadiyyatın əsasları, fizika, astronomiya, kimya, biologiya, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən (rus dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə DİM-in saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə