Təhsil naziri Gürcüstana səfəri çərçivəsində azərbaycandilli məktəblərin vəziyyəti ilə tanış olub

Sentyabrın 23-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Gürcüstana səfər edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir ilk öncə ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edib. Sonra isə Misir Mərdanov Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkinlə görüşüb. Görüşdən sonra hər iki ölkənin təhsil nazirləri Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan Tbilisidəki M.F.Axundov adına 73 nömrəli azərbaycandilli məktəbə gələrək buradakı təmir işləri ilə tanış olublar.

Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının durumu ilə bağlı qonaqlara ətraflı məlumat verib. O, daimi qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür edib. Sonra nazirlər Fondun dəstəyi ilə əsaslı təmir olunmuş Qardabani şəhərindəki 3 nömrəli azərbaycandilli məktəbdə kollektivlə görüşüblər. Bundan əlavə, həmin gün nazirlər Fondun dəstəyi ilə Dmanisi rayonunun mərkəzində əsaslı təmir olunmuş 2 nömrəli məktəbə də baş çəkiblər.

Səfər çərçivəsində çıxış edən təhsil naziir Misir Mərdanov bildirib ki, gürcüstanlı soydaşlarımızın müasir tipli məktəblərdə təhsil almaları üçün Azərbaycan rəhbərliyinin, Heydər Əliyev Fondunun qayğı və diqqəti əvəzsizdir: "Əminəm ki, yüksək keyfiyyətlə təmir olunan, müasir avadanlıqla təchiz edilən məktəblərin kollektivləri bu qayğıya təhsildə yüksək uğurlarla cavab verəcəklər".
Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin isə öz növbəsində Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın azərbaycandilli məktəblərində həyata keçirilən "Təhsilə dəstək" layihəsini alqışlayıb və belə xeyirxahlığa görə Fondun kollektivinə, onun prezidentinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə