Türkiyədə azərbaycanlı alimin yubileyinə həsr olunan konfrans keçiriləcək

İyulun 10-dan 13-dək Türkiyənin Ahi Evran Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunan "Morri tipli fəzalarda operatorlar və tətbiqləri" mövzusunda konfrans təşkil ediləcək. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan verilən məlumatda deyilir ki, konfransda bu sahədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər və ümumiləşmiş Morri tipli fəzalar, onların tətbiqləri ilə bağlı tədqiqatlara qoşulmaq istəyən riyaziyyatçılar iştirak edə bilərlər.

Konfransın işi "Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri", "Morri tipli fəzalarda integral operatorlar", "Morri tipli fəzalarda elliptik, parabolik və hipoelliptik tənliklərin həllərinin requlyarlığı", "Tərpənməz nöqtə nəzəriyyəsi və onun tətbiqləri" bölmələri üzrə təşkil olunacaq.

Təqdim edilən məruzələrin xülasəsi konfransın materiallarından ibarət topluda çap olunacaq. Seçilmiş və rəydən keçmiş işlər məqalə şəklində "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri"nin "Riyaziyyat" buraxılışının xüsusi nömrəsində dərc ediləcək.

Maraqlananlar ətraflı məlumatı https://omtsa.ahievran.edu.tr/ linki vasitəsilə əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə