ADU-da illik konfrans öz işinə başladı FOTOLAR

ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş TEC-in illik konfransı öz işinə başladı

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransın plenar iclasında ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov artıq ənənə halını almış universitetin Tələbə Elmi Cəmiyyətinin illik konfransının keçirildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə diqqət göstərdiyini bildirən professor bu təşəbbüsün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də davam etdirildiyini və gənclərlə daima görüşlər təşkil edərək onlara hər bir sahədə qayğı göstərdiyini diqqətə çatdırıb. O, hazırda gənclərdə vətənpərvərlik hislərinin güclü olduğunu deyib. TEC-in üzvlərinin sayının ilbəil artdığını söyləyən D.Yunusov konfransda 24 bölmə üzrə 1200-dən çox məruzənin dinləniləcəyini diqqətə çatdırıb. Konfransda fərqlənən tələbələrin mükafatlandıralacağını və beynəlxalq konfransa göndəriləcəyini qeyd edən D.Yunusov bütün tələbələri aktiv olmağa səslədi, onlara uğurlar arzulayıb.

Sonra tələbələrin çıxışları dinlənilib. Pedaqoji (ingilis dili-alman dili) fakültənin ESSEX-4 qrupunun tələbəsi Səbinə Şərifova "Xarici dillərin tədrisində innovativ metod və yanaşmalar" mövzusunda məruzə ilə çıxış edib. O, xarici dillərin tədrisinin aktuallığından söz açaraq tələbələrə aşılanan biliyin həyatda da tətbiq etməyin zəruri olduğunu diqqətə çatdırıb. S.Şərifova dilin öyrənilməsinin müəllimin seçdiyi metoddan asılı olduğunu deyib. Howard Gardnerin 1983-cü ildə əsasını qoyduğu "Multiple İntellengences" nəzəriyyəsi haqqında ətraflı məlumat verən tələbə hər bir insanın səkkiz zəka növünə sahib olduğunu, lakin onlardan yalnız birinin digərlərindən fərqləndiyini söyləyib.

Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 338a qrup tələbəsi Aytən Kamandarlı "Fransız dilində etimoloji dubletlər" mövzusunda çıxış edib. Etimoloji dubletlərin yaranma yollarından danışan A.Kamandarlı onların eyni qrammatik kateqoriyaya aid olmasının vacibliyini bildirib. O, etimoloji dubletlərlə yanaşı, etimoloji tripletlərin də dilin lüğət tərkibinin zənginləşməsinə xidmət etdiyini söyləyib.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin 146A qrup tələbəsi Nərmin Zamanova "Cəbəllütariqin geosiyasi xəritəsindəki mövqeyi" adlı məruzəsində adıçəkilən boğazın adının ərəb sərkərdəsi Tariq ibn Ziyadın adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Avropanı Afrikadan ayıran bu boğazın çox əlverişli coğrafi məkanda yerləşdiyini söyləyən N.Zamanova eyni zamanda onun İspaniya və Böyük Britaniya arasında münaqişəli ərazi olduğunu bildirdi. O, cari ildə keçiriləcək referendumun Cəbəllütariq boğazının siyasi statusuna təsir edəcəyini söyləyib.

Pedaqoji (ingilis dili-alman dili) fakültənin ESSEX 6 qrupunun tələbəsi Nərgiz Allahyarova "Что такое инклюзивное образование"mövzusunda məruzə ilə çıxış etdi. O, təlim-tərbiyənin erkən yaşlardan başlayaraq insanın həyatında vacib rol oynadığını deyib.

Pedaqoji (ingilis dili-alman dili) fakültənin 304 qrup tələbəsi Gülnar Xəlilova "Hüseyn Cavid yaradıcılığında qadın azadlığı problemi" mövzusunda məruzə ilə çıxış edib. O, H.Cavidin pyeslərində qadının cəmiyyətdə və ailədə tutduğu mövqedən bəhs edərək qadın azadlığı probleminə toxunub.

Daha sonra TEC-in sədri, professor Əsgər Zeynalov konfransın gedişatı və strukturu, həmçinin bölmə iclasları haqqında məlumat verdi, tələbələrə uğurlar arzulayıb.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirir.

Qeyd edək ki, üç gün ərzində davam edəcək konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, fərqlənən tələbələr mükafatlandırılacaq.

Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə