2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilib

Bu gün Azərbaycan Respublikasında əhalini keyfiyyətli tibbi xidmətlə təminatını yaxşılaşdırmaq, eləcədə müvafiq bilik və bacarıqlara malik kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərini müzakirə etmək məqsədi ilə geniş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər o, cümlədən rezidenturaya keçid mərhələsi haqda kollegiya iştirakçılarına qısaca məlumat verib.

Daha sonra rezidentura təhsilinin təşkili və görülmüş nəzəri işlər barəsində danışmaq üçün söz Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayevaya verilib. Aparat rəhbəri 19 iyun 2009-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsili müəyyən edildiyini deyib. Bu işdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır.

Z. Mustafayeva qeyd edib ki, Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunan təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi 23 iyul 2010 il tarixində rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında 57 nömrəli əmr imzalayıb. Bu əmrə əsasən, 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, xarici ölkələrin təcrübəsinə əsaslanaraq siyahıda olan 40 ixtisas üzrə rezidenturada təhsil müddəti, o cümlədən rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikalarının siyahısı təsdiq edilib. Eyni zamanda bildirilib ki, 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub. Bu plana əsasən, səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə olan mövcud və proqnozlaşdırılmış tələbata uyğun olaraq, 2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilib və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulub.

Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından uğursuz keçən həkimlərə gəldikdə isə, Z.Mustafayeva bildirib ki, onlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin mövcud olan vakansiyalarına əsasən həmin müəssisələrə müraciət edə və işlə təmin ola bilərlər.

Uğurla imtahanları keçən və rezidenturaya qəbul olan, hər hansı bir ixtisasla təmin olunan həkim tələb olunan sənədləri müəyyən olunan müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Rezidenturaya qəbul müəyyən olunan qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

Rezidenturaya qəbul qaydalarına gəlincə isə aparat rəhbəri vurğulayıb ki, rezidenturaya qəbul imtahanlarında həm 2011-ci ilin məzunları, həmdə yaş məhdudiyyəti qoyulmadan, həkimlər iştirak edə bilər. Z.Mustafayeva çıxışının sonunda ölkəmizdə rezidentura təhsilinin tətbiqi sahəsində görülən və görüləcək işlər bu sahədə qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcəyini əminliklə qeyd edib.

Daha sonra rezidenturaya keçidlə əlaqədar olaraq yüksək ixtisaslı həkim mütəxəssislərinin hazırlanmasında ATU kollektivinin qarşısında duran əsas vəzifələri məruzə edən Tibb Universitetinin rezidentura şöbəsinin müdiri H. Bağırov bu sahədə görülən praktiki işlər haqqında kollegiya iştirakçılarına məlumat verin. H.Bağırov bildirib ki, rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunub. Bu cədvələ müvafiq olaraq baza alı tibb təhsili səviyyəsində istiqamətlər müalicə işi və pediatriya, stomatologiya, tibbi biologiya, tibbi profilaktika üzrə qruplaşdırılıb. Rezidentura səviyyəsi üzrə baza və imtahana düşən fənlərin proqramları ATU-nun 100 nəfər ekspert müəllimləri tərəfindən hazırlanıb, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilib. Məruzəçi ATU kollektivinin, yeni keyfiyyətli mütəxəssis-həkim kadrlarının hazırlanması işində qarşıda duran vəzifələr haqqında məlumat verib.

ATU-nun rektoru akademik Ə.T. Əmiraslanov çox böyük və məsuliyyətli bir işin - rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini və bu istiqamətdə atılan addımlar, yeni işıq üzü görən elmi nəşrlər, rotasiya kimi məsələlərə də toxunub. Daha sonra rezidentura mərhələsinə keçidə dair kollegiya iştirakçılarını maraqlandıran suallar səsləndirildi və bu səpkidə müzakirələr aparılıb. Sonda Səhiyyə naziri Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülən işləri məqbul hesab etdiyini kollegiya iştirakçılarının nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə