Dekabrın 25-də görkəmli şərqşünas-tarixçi alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının 85 yaşı tamam olur. Yubileyi ərəfəsində görkəmli alimimizlə Azərbaycan tarixinin tədqiqi və təbliği, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, gənc tədqiqatçıların elmə cəlb edilməsi, həmçinin milli tariximizin obyektiv şəkildə qorunması və təqdim olunması mövzularında geniş və əhatəli söhbət apardıq.
– Hörmətli Nailə xanım, müsahibəyə Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley mərasimində çıxışı ilə bağlı sualla başlamaq istərdim. Dövlət başçısı tədbirdə Azərbaycan tarixinin dərindən, faktlara əsaslanaraq öyrənilməsinin vacibliyini xüsusi qeyd etdi. Sizcə, bu çağırış tarix elmimiz və tədqiqat institutları üçün hansı yeni öhdəliklər və prioritetlər müəyyənləşdirir?
Hələ 10 il bundan əvvəl, Vətən torpaqlarımızın xeyli hissəsinin erməni işğalı altında olduğu o ağır dövrdə, AMEA-nın 70 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan tarixinin tədqiqi və təbliğinin ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Onun sözlərinə görə alimlərimiz zəngin milli tariximizin obyektiv və faktlara əsaslanaraq araşdırılmasını təmin etməli, elmi nəticələri yalnız akademik dairələrə deyil, həm də geniş ictimaiyyətə çatdırmalıdırlar.Sözsüz ki, bu çağırış gənc nəsillərin tarixi biliklərlə təmin edilməsi və vətənpərvərlik ruhunun formalaşdırılması baxımından da xüsusi önəm daşıyırdı.
10 il bundan əvvəl Vətən torpaqlarının bir hissəsi hələ işğal altında idi və prioritet mövzular da əsasən həmin dövrün tələblərinə yönəlmişdi. Bu yanaşma, elmi araşdırmaların keyfiyyətini artırmaq, eləcə də tariximizin təhrif olunmuş səhifələrini bərpa etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ondan sonrakı illərdə, xüsusilə tariximizə qızıl hərflərlə yazılmış şanlı Qələbə illərində Azərbaycan tarixçiləri və alimləri bu sahədə yüzlərlə elmi əsər yaratmış, milli tariximizin müxtəlif dövrlərini dərindən araşdırmışlar. Bu dövrdə aparılan tədqiqatlar yalnız arxiv materiallarının işlənməsi ilə məhdudlaşmayaraq, həm də xalqımızın tarixi yaddaşının zənginləşdirilməsi və gənc nəsillərə çatdırılması məqsədini daşıyır.
AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan alimləri qarşısında dərin məzmunlu nitq ilə çıxış edən ölkə başçısı İlham Əliyev tarixçi alimlərin elmi fəaliyyətini yüksək qiymətləndirmiş, onların zəhmətinin Azərbaycan tarixinin obyektiv şəkildə araşdırılmasında əvəzsiz rol oynadığını vurğulamışdır. Prezident çıxışında qeyd etmişdir ki, milli tariximizin müxtəlif dövrlərini təhrif etməyə çalışan erməni alimlərinin və onların tərəfdaşlarının fəaliyyəti hələ də davam edir və bu, yeni tarixi tədqiqatların aparılması üçün ciddi çağırışdır. Bu baxımdan, Prezident İlham Əliyev Azərbaycan alimlərinin faktlara əsaslanan əsərlərinin sayının artırılmasının, tarixi təhrif və təxribatlara qarşı elmi müdafiənin gücləndirilməsinin və bu istiqamətdə aparılacaq tədqiqatların prioritet mövzularının müəyyənləşdirilməsinin vacibliyini xüsusi qeyd etmişdir. Dövlət başçısı tarixi çıxışı zamanıQarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda, Azərbaycan tarixi haqqında da danışmağın vacibliyini xüsusi qeyd etmişdir. Onun haqlı sözlərinə görə, zəngin tariximiz, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və onların bu istiqamətdə bizə qarşı aparılan təbliğatıbu gün də dayanmır. Ona görə biz öz həqiqətlərimizlə çıxış etməliyik. Sözsüz ki, Prezidentin səsləndirdiyi bu fikirlər tarixçi alimlərin qarşısına ciddi vəzifələr qoymuşdur. Biz yalnız keçmişimizi araşdırmaqla kifayətlənməməli, həm də tarixi həqiqətləri elmi əsaslarla sənədləşdirməli, beynəlxalq elmi ictimaiyyətə təqdim etməliyik. Bu, tarixi irsimizin qorunması və təbliği istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin təşkili baxımından son dərəcə vacibdir. Dövlət başçısı çıxışında, həmçinin, tarixi tədqiqatlarda əsas vəzifələrin müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırmış, tarixçilərin qarşısında duran prioritetləri açıq şəkildə ifadəetmişdir: Azərbaycanın çox zəngin tarixi ilə fəxr edən Prezidentimiz Azərbaycan alimlərini, Azərbaycan ictimaiyyətinireallıqları dünya miqyasında daha da dolğun təqdim etməyə səsləmişdir.
Sözsüz ki, Prezidentin bu çağırışları tariximizin tədqiqi və təbliği ilə məşğul olan bütün qurumların, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin qarşısındakı öhdəlikləri daha da dəqiqləşdirir və prioritet hədəflərin düzgün seçilməsinə kömək edir. Bu hədəflər sırasında dövrləşmə, dövlətçilik, etno-siyasi tarix, islam sivilizasiyası, tarixi coğrafiya və s. məsələ və problemlərə yeni, obyektiv yanaşmaya ehtiyac duyulur. Belə yanaşma tarixçilər üçün həm elmi, həm də strateji araşdırmaların istiqamətini müəyyənləşdirir. Əlbəttə ki, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəsillər arasında tarixi biliklərin təbliği tarixçilərin qarşısında duran vacib məsələlərdən biridir. Tarixi yaşadan Muzeyimizin əsas missiyası tarixi yalnız elmi əsərlərlə deyil, sərgilər, təqdimatlar, konfranslar, kataloqlar,tarixi xəritələrin nəşri və digər ictimai tədbirlər vasitəsilə geniş kütləyə çatdırmaqdır. Bu yanaşma milli yaddaşın qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir. Ölkə başçımızın da qeyd etdiyi kimi, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir.
– Siz AMEA-nın vitse-prezidenti olaraq uzun illər elmin idarə olunması, elmi müəssisələrin yeni çağırışlara uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərmisiniz. Bu dövrdə həyata keçirdiyiniz ən önəmli təşəbbüslər və islahatlar barədə məlumat verməyinizi istərdik?
Əvvəlcə xatırlatmaq istərdim ki, 2007–2012-ci illər ərzində mən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsində çalışmışam. Fəxr edirəm ki, Akademiyanın 75 illik tarixində o zaman vitse-prezident seçilən ilk qadın-alim olmuşam. Bu, yalnız şəxsi uğurum deyil, eyni zamanda Azərbaycan elminin qadın tədqiqatçılara verdiyi dəyərin və onların fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricisi idi. Bu etimad mənim üçün humanitar və ictimai elmlərin inkişafına, elmi fəaliyyətin müasir çağırışlara uyğun təşkili və elmi mühitdə yeni yanaşmaların formalaşdırılması istiqamətində daha məsuliyyətlə və məqsədyönlü şəkildə çalışmağa əlavə stimul yaratmışdı. Vitse-prezident kimi fəaliyyətim dövründə əsas diqqət yetirdiyim məsələlərdən biri humanitar və ictimai elmlərin institusional inkişafının gücləndirilməsi, bu sahələrin müasir elmi çağırışlara uyğunlaşdırılması olmuşdur. Elmi tədqiqatların mövzu dairəsinin genişləndirilməsi, multidissiplinar yanaşmanın təşviqi, tarix, arxeologiya, etnoqrafiya və mədəni irs sahələrində aparılan araşdırmaların beynəlxalq elmi mühitə inteqrasiyası prioritet istiqamətlər sırasında yer almışdır. Gənc tədqiqatçıların elmi layihələrə cəlb edilməsi, dissertasiya mövzularının aktual problemlərə uyğun formalaşdırılması və elmi məktəblərin davamlılığının təmin olunması bu dövrdə həyata keçirilən mühüm təşəbbüslər sırasındadır. Həmin illərdə xüsusilə elmi nəticələrin nəşri, beynəlxalq indeksli jurnallarda məqalələrin dərcinin stimullaşdırılması və xarici elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində də məqsədyönlü addımlar atılmışdır.
– Nailə xanım, bu gün Azərbaycan tarix elminin qarşılaşdığı ən aktual problemlər hansılardır? Sizcə, bu problemlərin həlli üçün elmi ictimaiyyət, xüsusilə də gənc tədqiqatçılar hansı istiqamətlərə daha çox diqqət yetirməlidirlər?
Qeyd etdiyim kimi, bu gün Azərbaycan tarix elminin qarşısında duran ən aktual problemlərdən biri milli tariximizin bütün mərhələlərinin obyektiv, faktlara əsaslanan və müasir elmi metodologiyalarla yenidən tədqiq edilməsidir. Eyni zamanda, tariximizin müəyyən mərhələlərinin uzun illər məqsədli şəkildə təhrif edilməsi bu sahədə elmi arqumentlərə əsaslanan, sənədlərlə təsdiqlənmiş tədqiqatların sayının artırılmasını zəruri edir. Tarix elmi yalnız keçmişi öyrənmək deyil, həm də milli yaddaşı qorumaq və gələcək nəsillərə düzgün şəkildə ötürmək missiyasını daşıyır. Bu baxımdan tarixi ədəbiyyatın, xüsusilə orta və ali məktəb dərsliklərinin məzmununa xüsusi diqqət verilməlidir. Vahid konsepsiyaya əsaslanan, yaş səviyyəsinə uyğun dildə yazılmiş, mühüm tarixi məqamları təqdim edən dərsliklərə və tarixi kitablara ehtiyac böyükdür.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tarixi irsinin kompleks şəkildə öyrənilməsi, arxiv materiallarının, arxeoloji tapıntıların və yazılı mənbələrin elmi dövriyyəyə cəlb edilməsi tarix elminin qarşısında duran əsas vəzifələrdəndir. Əldə olunan elmi nəticələrin beynəlxalq elmi ictimaiyyətə düzgün və sistemli şəkildə təqdim olunması da aktual problemlər sırasındadır. Bu problemlərin həlli üçün sözsüz ki, formalaşmış, yüksək biliyə, zəngin təcrübəyə və səriştəyə malik tarixçilərin birgə fəaliyyəti zəruridir. Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsində yüksək elmi hazırlığı ilə seçilən onlarla gənc alim fəaliyyət göstərir və elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Əlbəttə, məhz bu alim və mütəxəssislər öz fəaliyyətlərini Prezidentimizin yubiley tədbirindəki çıxışında vurğuladığı aktual məsələlərin həllinə adekvat şəkildə qurmalıdırlar. Onlar müstəqil Azərbaycanın tarixi, dövlətçilik,Vətən müharibəsi, Türk dünyası, həmçinin Vətən müharibəsi, siyasi və iqtisadi proseslər və beynəlxalq əlaqələr kimi sahələrdə müasir elmi yanaşmalar əsasında, yeni elmi baxış bucağındantədqiqatlar aparmalı, əldə olunan nəticələri obyektiv və faktlara əsaslanan şəkildə təqdim etməlidirlər. Yalnız bu halda tarix elmi cəmiyyətin inkişafına real töhfə verə və milli kimliyin möhkəmləndirilməsində öz rolunu layiqincə yerinə yetirə bilər.Tarix yalnız elmi monoqrafiyalar və akademik məqalələrlə məhdudlaşmamalı, muzey ekspozisiyaları, sərgilər, elmi-populyar nəşrlər və maarifləndirici layihələr vasitəsilə həm elmi ictimaiyyətə, həm də geniş oxucu auditoriyasına çatdırılmalıdır.
– Milli Azərbaycan Tarixi Muzeyinin direktoru kimi illərdir bu müəssisənin təkcə sərgi məkanı yox, həm də elmi-mədəni mərkəz kimi inkişafına böyük töhfələr vermisiniz. Bu gün Muzeyin elmi-tədqiqat və maarifləndirmə fəaliyyətində hansı yenilikləri və perspektivləri qeyd edə bilərsiniz?
Bu il Milli Azərbaycan Tarixi Muzeyinin 105 ili tamam olur.Yarandığı ilk gündən mədəni-maarif və elmi tədqiqat müəssəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin fondlarında 300 minədək maddi abidə qorunur. Bu gün bu kolleksiya tamaşaçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. Əlbəttə ki, Muzey elmi tədqiqat işləri ilə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: Muzeyin simasını, yəni onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numuzimatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir, xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.
2005-ci ildən “milli” statusunu almış tarix muzeyi dövlətin, ölkə Prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi mədəni ocağına çevrilmişdir. Onun dəfələrlə, hər dəfə köklü dəyşikliklərə məruz qalan ekspozisiyası həm zəngin materialına görə, həm də elmi texniki təchizatına görə dünyanın tanınmış muzeylərinin ekspozisyası səviyyəsindən heç də geri qalmır. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki tarixi görkəmini qoruyaraq, müasir muzey tələblərinə uyğun şəkildə bərpa və təmir edilmişdir. Bu tədbirlər muzeyin elmi, sərgi və mədəni-maarif funksiyalarının daha səmərəli həyata keçirilməsinə imkan yaratmışdır.
Bu gün Muzeyimizin fəaliyyətinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etdiyi uğurlara və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi təşkil edir. Sözsüz ki, tarixi həqiqətləri əks etdirən ekspozisiya obyektiv vahid tarixi konsepsiya əsasında təşkil olunmalıdır. Bunun üçün tarixçi alimlərimizin milli tariximizin, mədəniyyətimizin, obyektiv və əsaslı konseptual tədqiqinə yönəlmiş araşdırmalarına ehtiyac vardır.
Üç ildən bəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində fəaliyyətini davam etdirən Muzeyimiz elmi fəaliyyətini də qətiyyən azaltmamış, əksinə, zamanın tələbinə görə daha da artırmışdır. 2001-ci ildən etibarən hər il “Milli Azərbaycan Tarixi Muzeyi” adı ilə elmi toplu nəşr edilir. Hər il onlarla sayda tarixə aid elmi məqalə və kitab, eləcə də müxtəlif məzmunlu kataloqlar çap olunur. Bu nəşrlər Muzeyin zəngin kolleksiyası əsasında hazırlanır və oxuculara, tədqiqatçılara və maraqlananlara tariximizin müxtəlif sahələrini təqdim etməkdəmühüm rol oynayır. Elmi ictimaiyyət üçün geniş məlumat mənbəyi olan bu kataloqlar arxeologiya, etnoqrafiya, numizmatika və siyasi tarix sahələrini əhatə edir.
Son vaxtlar çapdan çıxan kataloqlardan biri də muzeyimizin fondunda ən böyük kolleksiyası qorunan akademik Ziya Bünyadova həsr olunmuşdur. 700-dən artıq qiymətli materialı özündə birləşdirən bu kolleksiya əsasında hazırlanan kataloqa alimin fotoşəkilləri, sənədləri, əlyazmaları və s. daxil edilib. Mən burada akademikin müqəddəs Quranımızın tərcüməsini təqdim edən əlyazmalarını xüsusi qeyd etmək istərdim. Bu kataloq həm akademik irsin qorunması, həm də gənc tədqiqatçılar və ziyarətçilər üçün əhəmiyyətli məlumat bazasının yaradılması baxımından böyük önəm daşıyır.Akademik Ziya Bünyadova aid əşyalar arasında görkəmli alimlərin (V.Minorski, Ç Dousett, Bəhriyə Uçoq, S.Şişman, A.Şıxsəidov, V.Beylis və b.) xaricdən gələn məktubları xüsusiləəhəmiyyətlidir. Biz bu məktubları da ayrıca kitabça şəklində nəşr edərək, onları elmi ictimaiyyətin, tədqiqatçıların və maraqlananların diqqətinə təqdim etmişik. Bundan başqa, Etnoqrafiya fondundan xalçalar, milli geyimlər, çini qablar, numizmatika fondundan isə müxtəlif dövlətlərin pullarına aid kataloqlar və s. hazırlanıb. Bu nəşrlər yalnız kolleksiyanın təsviri üçün deyil, həm də eksponatların qorunması və elmi əsaslarla təqdim edilməsi məqsədini daşıyır.
Milli Azərbaycan Tarixi Muzeyi təkcə eksponatların sərgilənməsi ilə məhdudlaşmır, tariximizin təbliği və gənc nəslin maarifləndirilməsi baxımından da mühüm funksiyaya malikdir. Muzeyin elmi-tədris fəaliyyəti, hazırladığı sərgilər, kataloqlar və elmi nəşrlər gənclərin milli tarix və mədəniyyət barədə biliklərinin artırılmasına xidmət edir və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verir. Muzeydə həm orta məktəb şagirdləri, həm də ali təhsil müəssisələrinin tələbələri ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Bu fəaliyyət yalnız tariximizin təbliği məqsədilə deyil, həm də gənc nəsildə milli tariximiz və mədəniyyətimizə dair biliklərin artırılması üçün təşkil olunur. Bununla yanaşı muzeydə gənc rəssamların və həvəskar şagirdlərin əsərlərinin sərgiləri keçirilir, onların yaradıcılığını nümayiş etdirmək və ictimaiyyətlə paylaşmaq məqsədilə müsahibələr və tədbirlər hazırlanır. Belə yanaşma, gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, onların tarixi-mədəni maarifləndirilməsinə də xidmət edir.
– Uzun illər elmi və ictimai fəaliyyətlə məşğul olan bir alim kimi, gənc tarixçilər və tədqiqatçılar üçün hansı tövsiyələriniz var? Sizcə onların elmə maraq göstərmələri, bu sahədə uğur qazana bilmələri üçün ən mühüm amillər hansılardır?
Gənclərin elmə maraq göstərməsi və bu sahədə uğur qazanması üçün əsas amilin nə olduğunu birmənalı şəkildə müəyyən etmək asan deyil. Burada bir neçə amil mühüm rol oynayır. Elmə marağın formalaşmasında ailə, sosial mühit və əlbəttə ki, zamanın özü əsas rol oynasa da, uğurun başlıcamənbəyi insanın öz zəhməti, təcrübəsi, biliyi və sözsüz ki, ilahidən gələn istedad səviyyəsidir. Yəni, həm xarici təsirlər, həm də fərdi keyfiyyətlər bir araya gəldikdə gənc tədqiqatçıların elmə marağı və uğuru təmin olunur. Bu isə elmi potensialın inkişafı və gələcək nəsillərin düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tarix xalqın milli yaddaşı və kimliyidir; keçmişimizi öyrənməklə dünənimizi aydın dərk edir, milli şüurun formalaşmasına və mənəvi dəyərlərin qorunmasına töhfə veririk.Dünənimizi düzgün anlamaq bu günümüzü doğru qiymətləndirməyə, bu günümüz isə sabahımızı müəyyənləşdirməyə imkan yaradır. Tarixi biliklər cəmiyyətin inkişaf yolunu və gələcək prioritetlərini müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan tariximizin öyrənilməsi və elmi əsaslarla cəmiyyətə çatdırılması milli birliyin möhkəmlənməsinə və gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edir.Vətənpərvər olmaq isə vətəni sevməkdir, vətəni sevmək üçün isə onu tanımaq lazımdır, tanımaq üçün bilmək, öyrənmək öyrəndiklərini təqdim etmək mühümdür.
Onu da deyim ki, tarixi yalnız peşə ixtisası seçimi edənlər deyil, Prezidentimizin də vurğuladığı kimi, bütün vətəndaşlar bilməlidir. Bu bilik milli kimlik, vətənpərvərlik və gələcək nəsillərin düzgün istiqamətləndirilməsi üçün əsasdır.
– Nailə xanım, gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Sizcə, bu yubileyin keçirilməsi türkoloji irsin tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından Azərbaycan elmi, xüsusilə Milli Azərbaycan Tarixi Muzeyi qarşısında hansı yeni vəzifələri qoyur?
Əlbəttə, 1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultay yalnız həmin dövrün türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymaqla kifayətlənməmiş, bu gün də öz tarixi əhəmiyyətini qoruyub saxlamışdır. Qurultay, dövrün türkdilli xalqlarının qarşılıqlı ədəbi və elmi əlaqələrinin genişləndirilməsinə mühüm töhfəvermiş, türk xalqlarının elmi, mədəni və mənəvi tarixində fundamental əhəmiyyət kəsb edən hadisə kimi tarixə düşmüşdür. Bu gün türk dövlətləri vahid mövqedən çıxış edir, ortaq dəyərlər və məqsədlər ətrafında birləşərək qlobal gücə çevrilməkdədir. 2026-cı ildə Bakıda keçiriləcək Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı isə ölkəmizdə türkologiya elminin tarixinə geniş və dərin nəzər salmaq üçün əlverişli imkanlar yaratmışdır.Tariximizə, mədəniyyətimizə və elmimizə dair yüz minlərlə artefaktın qorunduğu Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır. Təəssüf ki, bu Qurultayın yüzdən çox iştirakçısı 1930-cu illərin sonlarında millətçi və pantürkist adlandırılaraq, əks-inqilabi fəaliyyətdə günahlandırılmış və repressiyaya məruz qalmışdır. Onların arasında Salman Mümtaz, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə, Abbasmirzə Şərifzadə, Ülvü Rəcəb eləcə də, muzeyin direktorları Mövsüm Salamov, Davud Şərifov, arxeoloq və etnoqraf Ələskər Ələkbərov və digər ziyalılarımız vardır. Milli Azərbaycan Tarixi Muzeyi bu görkəmli ziyalılarımızın həyat və fəaliyyətini, Vətənə, elmə sevgilərini təqdim etmək məqsədilə “Güllələnmiş türkologiya” adlı sərginin təşkilini nəzərdə tutmuşdur. Bu sərgi tarixi yaddaşı qorumaq, bugünkü, xüsusilə gənc nəslin xalqımızın represiyyaya məruz qalmış görkəmli, vətənsevər elm və mədəniyyət xadimlərinin xatirəsinə olan ehtiramını nümayiş etdirmək, adlarını və əməllərini əbədilləşdirmək baxımından müstəsna əhəmiyyətlidir.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB