Bağçalarda növbə problemi niyə həll olunmur? - EKSPERT AÇIQLADI

“Azərbaycanda məktəbəqədər təhsil sahəsində uzun illərdir ki, sistemli şəkildə yığılıb qalmış və strateji qərarlarla həll edilməyən problemlərdən biri bağçalarda növbə problemidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Bu problem sadəcə valideynlərin narahatlığı deyil, həm də təhsil hüququnun, gender bərabərliyinin, sosial ədalətin və uşaq inkişafının birbaşa pozulması ilə nəticələnir. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatlarına əsasən, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 783 təşkil edir və bu bağçalara cəmi 129 802 uşaq cəlb olunub. Halbuki, 1-5 yaş arası uşaqların ümumi sayı təxminən 600 000-dən çoxdur. Bu isə o deməkdir ki, ölkədə məktəbəqədər yaşda olan uşaqların yalnız təxminən 21%-i bağça ilə əhatə olunub. Bu göstərici inkişaf etmiş ölkələrin orta göstəricisi olan 80-95%-lə müqayisədə olduqca aşağıdır.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 19-cu maddəsinə əsasən, məktəbəqədər təhsil uşağın intellektual, fiziki və emosional inkişafına yönəlmiş ilk təhsil pilləsi kimi qeyd olunur. Həmin maddədə məktəbəqədər təhsil müəssisələrinin əlçatan və keyfiyyətli olması tələb olunur. Lakin reallıqda nə əlçatanlıq təmin olunur, nə də keyfiyyət. Əgər məktəbəqədər təhsil qanunla hər bir uşağın inkişaf hüququnun tərkib hissəsi kimi tanınırsa, o zaman bu hüququn pozulması həm də Konstitusiyanın 42-ci maddəsində təsbit olunmuş təhsil hüququnun pozulması anlamına gəlir.

Mövcud infrastruktur bağçalara olan real tələbatı qarşılamaq gücündə deyil. Ən böyük çatışmazlıq Bakı və Abşeron bölgəsindədir. Təkcə Bakının Sabunçu və Binəqədi rayonlarında hər bağçaya orta hesabla 350-400 uşaq qeydiyyatda olsa da, faktiki olaraq həmin müəssisələrin tutumu 150-200 uşaqdan artıq deyil. Bu isə süni şəkildə növbələrin yaranmasına, “yer tapmaq” üçün qeyri-rəsmi ödənişlərin yayılmasına, valideynlərin tanış vasitəsilə yer axtarmasına səbəb olur. Belə hallarda sosial ədalət prinsipi ciddi şəkildə pozulur. Varlı və tanışı olan ailələr üçün yer tapmaq mümkündür, digər ailələr isə ya özəl bağçalara üz tutur, ya da uşaqları evdə saxlayır.

Digər mühüm problem idarəetmənin səmərəsizliyidir. Hazırda bağçaların bir hissəsi Elm və Təhsil Nazirliyinin, bir hissəsi isə yerli icra hakimiyyətlərinin tabeliyindədir. Bu ikili struktur bağça siyasətində vahid strategiyanın formalaşmasına imkan vermir. İcra hakimiyyətlərinin nəzarətində olan bağçalarda şəffaflıq və hesabatlılıq daha zəifdir. Eyni zamanda, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin istifadəsi və planlaşdırılması da optimal deyil. 2024-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsilə ayrılmış vəsait 313 milyon manat təşkil edir ki, bu da ümumi təhsil xərclərinin təxminən 5,8%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 10-12% civarındadır.

Kadr məsələsi də ciddi problemlərdəndir. Bir çox bağçalarda pedaqoji təhsil almamış tərbiyəçilər çalışır. Bu isə uşaqların erkən yaş inkişafına birbaşa mənfi təsir göstərir. Bunun səbəbi həm kadrların azlığı, həm də bağçalarda çalışanların maaşlarının aşağı olmasıdır. Hazırda bağça tərbiyəçilərinin maaşı orta hesabla 400-450 manat civarındadır. Bu məbləğ nə ixtisaslı kadrı cəlb etməyə, nə də keyfiyyətli fəaliyyət göstərməyə imkan verir.

Təlim-tərbiyə proqramları da müasir tələblərə uyğun deyil. Ənənəvi, sovet dövründən qalma metodlara söykənən proqramlar nə oyun əsaslı öyrənməni, nə də sosial-emossional inkişafı stimullaşdırır. STEAM, inklüziv təhsil və erkən yaş rəqəmsal savadlılıq kimi elementlər bağçalarda tətbiq olunmur. Halbuki, Finlandiya, Estoniya, Sinqapur kimi ölkələrdə erkən yaşdan bu metodlar tətbiq olunmaqla uşaqların gələcək təhsilə hazırlığı ciddi şəkildə artırılır.

Bütün bunlarla yanaşı, məktəbəqədər təhsil müəssisələri üçün şəffaf, vahid elektron qeydiyyat sistemi tətbiq olunsa da, bu sistemin effektivliyi hələ də tam təmin edilməyib. Ərizə vermək mümkün olsa da, nəticələr çox zaman əvvəlcədən müəyyən olunmuş kimi görünür, vətəndaşlar sistemin ədalətli işləmədiyindən şikayət edir.

Müsbət tərəf kimi son illərdə bəzi bölgələrdə yeni bağçaların istifadəyə verilməsi qeyd edilə bilər. Həmçinin, özəl bağçaların sayında artım müşahidə olunur. Lakin bu artım əsasən maddi imkanı olan ailələrin seçimidir və universal həll yolu ola bilməz. Dövlət bağçalarının genişləndirilməsi və keyfiyyətinin artırılması əsas prioritet olmalıdır.

Məktəbəqədər təhsilin gələcəyini təmin etmək üçün təxirəsalınmaz addımlar atılmalıdır. İnfrastrukturun genişləndirilməsi, yeni bağçaların tikilməsi və köhnələrinin modernləşdirilməsi dövlət proqramlarında yalnız qeyd olunmamalı, icrası konkret müddətlərlə həyata keçirilməlidir. Təhsil Nazirliyi bağçaların hamısını öz strukturuna cəlb etməklə idarəetmədə vahidlik təmin etməlidir. Tərbiyəçilərin əməkhaqqı artırılmalı, müasir təlim proqramları hazırlanmalı, elektron sistem tam şəffaf və real ehtiyaca əsasən işləməlidir. Eyni zamanda, bağça mühitində inklüzivlik, təhlükəsizlik və gigiyena tələbləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Bağçalarda növbə problemi sadəcə texniki və təşkilati məsələ deyil. Bu, uşağın sosial hüququnun, qadının iş həyatına qayıtmaq imkanının, ailələrin rifah səviyyəsinin göstəricisidir. Bu sahədə geriləmək bütöv təhsil sisteminin zəifliyinin göstəricisidir. Əgər məktəbəqədər təhsilin əlçatanlığı təmin olunmazsa, heç bir PISA nəticəsi və ya ali təhsil islahatı real nəticə verməyəcək. Məktəbəqədər təhsil uşağın gələcək uğurunun təməlidir və bu təməl cəmiyyətin gələcəyidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə