“Azərbaycanda özəl məktəb və liseylərin illik təhsil haqlarının baha olmasının bir neçə ciddi və bir-biri ilə bağlı səbəbi var. Bu məsələyə yalnız qiymət prizmasından deyil, struktur, iqtisadi və hüquqi müstəvidə yanaşmaq vacibdir. Təhsil haqlarının yüksək olması təkcə tədris keyfiyyətinə deyil, həm də sistemin tənzimlənməsindəki boşluqlara, dövlət siyasətinin bu sahəyə yanaşmasına bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Əvvəla, Azərbaycanda özəl təhsil sektoru tamamilə kommersiya əsaslı fəaliyyət göstərir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində göstərilir ki, özəl təhsil müəssisələri təsisçinin və ya hüquqi şəxsin hesabına yaradılır və maliyyə dayanıqlığını öz üzərinə götürür. Yəni dövlət bu müəssisələrə birbaşa maliyyə dəstəyi göstərmir, subsidiya ayırmır. Bu səbəbdən, həmin məktəblər özlərinin əməkhaqqı fondu, infrastruktur, kommunal xərclər, müəllimlərin əlavə ödənişləri, dərslik və resursların təminatı, texnoloji baza, marketinq və idarəçilik xərclərini yalnız təhsil haqqı ilə qarşılamalı olur. Bu isə təbii olaraq qiymətləri artırır.
İkincisi, özəl məktəblərdə çalışan müəllimlərə dövlət məktəbləri ilə müqayisədə daha yüksək əməkhaqqı verilir. Məsələn, bir çox özəl məktəbdə müəllimlərə aylıq 1500–2500 manat arası maaş ödənilir. Bu, dövlət məktəblərindəki orta əməkhaqqı ilə (təxminən 500–800 manat) müqayisədə xeyli yüksəkdir. Eyni zamanda bu müəssisələr müəllimlərdən yalnız dərs deməyi deyil, əlavə hazırlıq, tədbir təşkili, şagirdlərlə fərdi məşğələ, psixoloji və sosial dəstək fəaliyyəti də tələb edir. Belə şəraitdə yüksək maaş siyasəti qiymətə birbaşa təsir göstərir.
Digər mühüm səbəb tədris infrastrukturudur. Özəl məktəblər valideynlərə müasir laboratoriyalar, idman zalları, robototexnika otaqları, STEAM dərsləri, beynəlxalq proqramlar (Cambridge, IB, A-level və s.), ikinci və ya üçüncü xarici dil, kulinariya, şahmat, rəqs kimi əlavə kurslar təqdim edir. Bütün bunlar isə əlavə müəllim heyəti və texniki personal, yeni texnologiyalar və geniş bina saxlanışını tələb edir. Bu xidmətlərin keyfiyyətli şəkildə göstərilməsi qiymətə daxil edilir.
Azərbaycanda özəl təhsilin qiymət tənzimləməsinə dair konkret mexanizm yoxdur. Dövlət yalnız lisensiya və akkreditasiyaya nəzarət edir, lakin qiymət siyasətinə müdaxilə etmir. Bu isə bazar mexanizmini tamamilə sərbəst buraxır. Nəticədə, xüsusilə Bakıda yerləşən nüfuzlu məktəblər qiymətləri süni şəkildə də şişirdə bilir. 2024-cü ildə bəzi özəl məktəblərdə illik təhsil haqqı 18-25 min manat arasında dəyişir. Bəzi məktəblərdə isə bu məbləğ 30 min manata çatır. Bu qiymət, Azərbaycanın orta illik gəlir səviyyəsi (təxminən 8-10 min manat) ilə müqayisədə son dərəcə yüksəkdir və təhsil sistemində ciddi sosial təbəqələşməyə səbəb olur.
Dünya təcrübəsində, məsələn, Finlandiya, Estoniya və Niderlandda dövlət özəl məktəbləri maliyyələşdirir və onları ictimai missiyanın daşıyıcısı kimi qəbul edir. Bu ölkələrdə özəl məktəblər “public-private partnership” (ictimai-özəl tərəfdaşlıq) modeli ilə fəaliyyət göstərir və təhsil haqqının əsas hissəsini dövlət ödəyir. Bu da təhsilin əlçatanlığını qoruyur və keyfiyyətlə kommersiya arasında balans yaradır. Türkiyədə isə bir neçə il öncəyə qədər dövlət hər bir şagird üçün özəl məktəblərə başına düşən təhsil xərci üçün müəyyən məbləğ (təxminən 3–5 min TL) subsidiya ayırırdı. Bu sistem sonradan ləğv olunsa da, təcrübə olaraq maraqlıdır.
Azərbaycanda da təklif olunur ki, dövlət müəyyən şərtlər daxilində özəl məktəblərdə təhsil alan şagirdlərin xərclərinə müəyyən güzəştlər tətbiq etsin. Bu güzəştlər vergi endirimləri, VÖEN-lə fəaliyyət göstərən müəllimlərin rəsmi maaşlarının subsidiyası, yaxud təhsil kreditləri şəklində ola bilər.
Əgər bu sahədə ciddi tənzimləmə və təşviqedici siyasət tətbiq olunmazsa, gələcəkdə təhsilin sosial əlçatanlığı daha da məhdudlaşacaq. Özəl təhsilin yalnız varlı təbəqəyə xas olması, cəmiyyətin gələcək strukturunda ciddi bərabərsizliklər yaradacaq. Alternativ olaraq isə dövlət məktəblərində keyfiyyət yüksəldilməli, ibtidai siniflərdən başlayaraq rəqabətə davamlı təhsil modeli qurulmalıdır.
Sonda qeyd edim ki, Azərbaycanda özəl məktəblərin baha olması, təkcə texniki səbəblərdən yox, həm də dövlətin bu sahəyə münasibətindən qaynaqlanır. Əgər təhsil əlçatan olmalı, bacarıq əsaslı və sosial ədalətli olmalıdırsa, özəl sektor da bu yanaşmaya uyğun şəkildə dövlət tərəfindən stimullaşdırılmalı və tənzimlənməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə