"Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bildirilib ki, magistratura səviyyəsində danışıq bloku imtahanı tətbiq oluna bilər. Doğrusu, sözügedən yeniliyin elə də tərəfdarı deyiləm və bunun müəyyən problemlər yaradacağını düşünürəm. Dövlət İmtahan Mərkəzinin qəbul qaydalarını çətinləşdirməsi tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə gətirib çıxaracaq. Xarici dildə danışığın imtahana salınması o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib ola bilsin. Magistraturaya qəbul olmaq istəyən ali məktəb məzunlarının isə ən azı 70 faizi ali məktəb auditoriyasından xarici dili öyrənib çıxa bilsin”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

“Daha aydın desək, DİM-in abituriyentlər və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür. Məzuna, abituriyentə "zəhmət çəkib öyrənəydin" və ya "hazırlığa get, öyrən" demək də düzgün olmaz. Hər yenilik repetitorların, kursların, "Əlabbasın" torbasını genişləndirəcəksə, bu, inkişaf deyil. Azərbaycan vətəndaşının mövcud dil problemini hələ orta məktəbdən başlayaraq həll etmək lazımdır. Sual olunur, bizdə orta və ali məktəblərdə xarici dil hansı səviyyədə öyrədilir? Ali məktəbdə öyrədilmir, orta məktəbdə isə orta səviyyədən bir az aşağı öyrədilir.",-deyə o əlavə edib.

Ekspertin fikrincə, şəxs bakalavr və magistraturaya qəbul olmaq istəyirsə, xarici dildə danışmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır: “Amma danışıq səviyyəsində xarici dildən imtahan götürmək nəyə lazımdır? Bu hansı bacarığı ortaya qoyur? Bütün bunlar əngəldir, bariyerdir. Xarici dildən imtahan olar, amma bunu yüksək səviyyəyə qaldırmaq lazım deyil.

Biz o qədər xarici dil aludəçisi olmuşuq ki, sanki öz dilimizi unutmuşuq. Baxın, hər 100 nəfərdən, ən azı 90-nı sosial şəbəkədə status yazarkən, öz dilimizdə nə qədər səhvlər buraxır. Amma xarici dildə o qədər səhvlər etmir. Öz dilimizin kölgədə qalması mənfi haldır. Hətta deyərdim ki, magistraturaya qəbulda suallar ixtisas üzrə olsun. Kimin nəyinə lazım riyazi məntiq, nəzəri informatika, dəbdəbəli xarici dil? Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə