Bahalaşmanın bir çox səbəbləri mövcuddur - DEPUTAT ŞƏRH ETDİ

“Məlum olduğu kimi bir çox ərzaq məhsullarının qiymətində bahalaşma var. Ümumilikdə bu bahalaşmanın bir çox səbəbləri mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ölkə xaricindən idxal olunan məhsulların bahalaşmasındakı əsas səbəb bütün dünyada baş verən qlobal, ekoloji təsirlərdir: “Enerji bazarında baş verən qiymət dəyişikliyi, eləcə də geosiyasi prosesləri buna misal çəkmək olar. Ukrayna ilə Rusiya arasında baş verən müharibə və digər məsələlər bütövlükdə qlobal ərzaq bazarına öz təsirini göstərir.

Azərbaycana idxal olunan məhsulların əgər qiyməti dəyişibsə təbii ki, Azərbaycan bazarında da bu qiymət artımı müşahidə edilir. Qeyd edim ki, milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi mövcuddur. Bunun üçün Azərbaycan dövləti müvafiq tədbirlər görür. Daxili bazarın ərzaqla, kənd təsərrüfatı məgsulları ilə təmin olunması üçün dövlət proqramları mövcuddur. Ərzaq bahalaşmasının qarşısını almaq idxal mallarında biraz çətindir. Bunun üçün dövlət müəyyən addımlar atır. Subsidiyaların verilməsi, vergi, gömrük güzəştləri, eləcə də əhalinin, xüsusilə də həssas təbəqənin alıcılıq qabiliyyətinin artırılması üçün pensiyaların, təqaüdlərin artması istiqamətində bir sıra işlər həyata keçirilir. Ərzaq bahalaşmasının digər səbəbi isə süni qiymət artımıdır. Bu süni qiymət artımının qarşısını almaq üçün antiinhisar, inzibati tədbirlər həyata keçirilir. Digər tərəfdən isə ictimaiyyətin özü də bu məsələləri gündəmdə saxlamalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə