"İslam bankları şəriklik prinsipi ilə işləyir" - MÜSAHİBƏ

İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Ruslan müəllim, son bir aydır sosial mediada bütün diqqətinizi islami maliyyə münasibətlərinə yönləndirmisiz. Bu meyl sizdə nədən yarandı?

- Bu meylin məndə yaranması 2000-ci illərin əvvəllərinə dayanır. Bu zaman İqtisad Universitetində oxuyanda və sonra aspiranturada oxuyanda elmi işim kiçik-orta sahibkarlığın investisya problemləri idi. İnvestisya problemlərini araşdıran və öyrənən zaman dünya üzərində mövcud olan bütün sistemlərə baxırdıq. Onların içərisində islam maliyyəsi maraq doğururdu. Yəni burada kiçik-orta sahibkarlara verilən imkanlar, müxtəlif alətlərin daha əlçatan olması, xüsusilə də o sistemin bildiyimiz mövcud faizli sistemdən fərqli olması məndə maraq doğururdu. Daha sonra problemin içinə daxil olduqca, müxtəlif elmi mərkəzlərlə, universitetlərlə və tədqiqat mərkəzləri ilə tanış olduqca məlum oldu ki, artıq bu inkişaf edən, böyüyən bir sahədir. Qısaca onu qeyd edim ki, bu gün bu sferanın maliyyə dövriyyəsi dünya üzərində 3 trilyon dollara yaxınlaşmaqdadır. 2024-cü ildə bu rəqəmin 3,8 trilyon dollar olması gözlənilir. Dünyanın 102 ölkəsində 1400-dən çox maliyyə sistemi var. Yəni bank olsun, müxtəlif sığorta şirkətləti olsun, qiymətli kağızlar şirkəti olsun hazırda bu sahədə işləyirlər. Dünyanın 102 ölkəsi dedikdə, bunların 57 ölkəsi müsəlmandır, qeyri-müsəlman ölkələrində də bu iş uğurla həyata keçirilir. Onu qeyd edim ki, bu gün ABŞ-da 28-ə yaxın, Böyük Britaniyada hardasa beşdən çox islam bankı fəaliyyət göstərir. Hətta Çin iş adamları tərəfindən islam bankı maliyyə istitutları təşkil olunur. Bu da o sahəyə marağın böyük olduğunu göstərir. Bir tədqiqatçı kimi bu sistem mənim də marağımı cəlb eləmişdi. Ondan sonraki fəaliyyətimzdə bir sıra konfranslar Bakıda keçirildi. Dünya alimləri bu konfranslara çağırılmışdı. Bununla da baxdıq ki, belə bir adətin ölkəmizdə olması çox yaxşı olardı.

- "İslam maliyyə sistemi və alətləri” adlı kitabınız çıxıb. Bu kitabda nələr var? Nə üçün bu kitabınızı alıb oxumaq lazımdır?

- Bu kitabın mündəricatında biz göstərmişik. Əslində burda bir neçə suala cavab tapmaq olar. Bizim uzun illər ərzində apardığımız tədqiqatlar onu göstərdi ki, islam maliyyə sistemi dedikdə, bu barədə bir-sıra yanlış fikirlər yaranır. Oxucu bu yanlış fikirlərlə bağlı artıq öz axtardığı suallara cavab tapır. Suallar da nədən ibarətdir? Birinci əsas sual faizin qadağan olunmasıdır. Biz bunun izahını veririk. Qadağan olan burda faizdir. Biz riba anlayışına izah veririk. Riba özündə haqsız bir qazancı ehtiva edir. Faiz riyazi bir şeydir. Ədədin yüzdə biri deməkdir. Biz hər hansı əməliyyatda kiməsə deyə bilərik ki, bunun 10 faizi mənim olacaq. Bu qəbulediləndir. Kitabın müəyyən bölməsinə gəlib-çatdıqda oxucu bunu daha aydın başa düşəcək. Bəzən insanlar elə düşünür ki, banklarda faiz yüksəkdirsə pisdir, faiz azdırsa bunu etmək olar. İslam maliyyəsində isə bu istər yüksək faizli olsun, istərsə də aşağı faizli olsun qadağandır. Belə deyək ki, islamın formalaşdığı ilk dövrlərdə, Sasani və Bizans dövlətləri olub. Bu ölkələrdə 10-12 faiz dərəcələri olub. Həmin dövrdə Ərəb yarımadasında 4-5, bundan daha da aşağı faiz dərəcəsi mövcud olub. O dövrdə banklar olmayıb. İnsanlar bir-birinə sələmlə borc pul verib. Sələmçilik bankcılğın ilk növüdür. Pulun qaytarma vaxtında üstündə əlavə məbləğ götürürdülər. Uzun sözün qısası, bu kitabı oxuyanlar islam maliyyə sitemi haqda bir çox şeyləri öyrənəcəklər.

- Sələmçiliyin əsasını hansı ölkə, hansı xalq qoyub. Bunu çox zaman yəhudilərlə bağlayır. Belə bir informasiya var?

- Sələmçiliyin kökü yəhudilikdən daha qədimə dayanır. Bilirsiniz ki, Yaqub peyğəmbərin oğullarından birinin adı Yəhuda olub. Onun nəslindən gələnlərə yəhudi deyilir. Əslində onlar İsrailoğullarıdır. Sələmçilik tarix boyu olub. Hətta eramızdan əvvəl XXII-XXI əsrlərdə Hammurapi öz kitablarında sələmçiliyi pisləyir. Roma dövründə bir sıra alimlər, səmavi dinlərə baxırıq xiristianlıqda, elə yəhudiliyin özündə, Tövratda sələmçilik pislənir. Bu nəyə görə idi? O dövrdə belə idi ki, kiməsə faizə pul verəndə yalnız əlavə pul tələb olunmurdu. Mal mübadiləsi olurdu. Məsələn, kiməsə bir dəvə verəndə ondan iki dəvə alınırdı. Həmçinin kimsə borcu qaytara bilmədikdə faiz verən üçün əvəzsiz xidmətlər göstərirdi. Bu da azad insanın qula çevirilməsinə şərait yaradırdı. Quldarlığın formalaşması, kəndlilərin torpaqlarını itirməsi elə sələmçiliyin sayəsində idi. Yəhudiliyin sələmçiliklə bağlanmasına gəldikdə isə bunun bir sıra səbəbləri var. Qısaca onu demək istəyirəm ki, Tövratda və yəhudiliyin özündə yəhudi olan bir kəsə sələmlə pul verməsi haramdır. Bugünkü gündə onlar faizi yəhudi olana vermir. Yalnız yəhudi olmayana sələmlə kredit verirlər. Tarixən belə olub ki, avropadakı bədbəxtçiliyin səbəbi kimi yəhudilər görülüb.

- İslam bankçılığının iş prinsipi necədir və müasir bankçılıqdan fərqi nədir?

- Məsələ burasındadır ki, biz islam maliyyə alətlərindən bəhs edərkən bu alətlərdən bank olmasa belə istifadə etməyin mümkünlüyünü qeyd edirik. İslam maliyyə alətlərinə gələndə bunlar 4 istiqamət üzrə fəaliyyət göstərirlər. Bunlardan biri ondan ibarətdir ki, islam bankları şəriklik prinsipi ilə işləyir. Bank başqa bir şirkətlə şərikə çevirilir. Sadəcə olaraq 100 min vermir. Demir ki, al bu 100 mini ilin sonunda mənə bu qədər pul verməlisən. Burada bank hər hansı MMC ilə şərikə çevirilir. Bu da iki cür ola bilər. Ya bank da pul verir MMC də, bu da adlanır müşarəkə. Ya da biri pul verir biri əmək yerinə yetirir. Bu adlanır müdaribə. Bu mexanizm olduqca sadədir. Ənənəvi bank 100 min verir və deyir o pulu apar istər işlət, istər maşın al mənə dəxli yoxdur. Əsas mənim faizimi vaxtında qaytar. Faizi də gecikdirdin cərimə yazır və başqa üsullara əl atır. Ancaq İslam bankçılığında bank pul verəndə bir növ iştirakçıya və nəzarətçiyə çevrilir. Sənə pul vermişəm gedib maşın ala bilməzsən. Məsələn Şahin adlı bir adam 100 min pul götürdü və ilin sonunda 200 min qazandı. Bu puldan təbii ki, işığa, suya pul verilir işçilərə pulları verilir və vergi ödənilir. Tutaq ki, 40 min xalis mənfəət qalır. Bank deyir ki, onun 20 faizini 8 mini mənə ver, qalanı sənindir. Əgər ziyan olarsa, onda burda baxılır. Baxılır ki, ziyan kimin ucbatından olub. Əgər pulu götürənin səhlənkarlığı, bankın tövsiyələrinə uymaması ucbatından zərər olubsa, zərəri pulu götürən qarşılayır. Təbii ki, nə qədər almışdısa onu, üstünə başqa məbləğ ödəmir. Ancaq zərər pul götürənin ucbatından olmayıbsa, yəni zərər biz nəyə deyirik? Kiməsə borclu qalırsa bu ziyandır. Tutaq ki, kiməsə iki min borcu qalıb. İki mindən min manat hansısa işçinin maaşıdır bank həmin məsələni həll edir. Gələn dəfə isə həmin məbləği ordan götürür.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə