“Azərbaycan "Xudafərin"in böyük iqtisadi faydasını görəcək” Ekspert

"Azərbaycanla yanaşı, İran dövləti də Xudafərin körpüsününün erməni işğalından azad edilməsinin böyük iqtisadi faydasını görəcək". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Əsrlər boyu Xudafərin körpüsünün iqtisadi, siyasi, hərbi və s. baxımdan çox əhəmiyyətli olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımızda tam başqa bir həyat canlanacaq və bunun məntiqi nəticəsi olaraq körpünün iqtisadi əhəmiyyəti sürətlə artacaq: "Çünki indi sovet dönəmi deyil, iqtisadi şərtlər və güclər çox dəyişib. Azərbaycan dövlətinin imkanı çatır ki, qısa müddət ərzində o torpaqlarda hər şeyi yenidən qursun. Bu zaman hər şeydən əvvəl tikinti-quruculuq işlərinin aparılmasına başlanılacaq. O körpünün əhəmiyyəti elə tikinti-quruculuq işlərinin başlaması ilə hiss ediləcək. Müharibədən sonra Azərbaycanın 20%-i yenidən qurulmalıdır. Bu zaman Xudafərin körpüsü üzərindən tikinti üçün daşınacaq xammal və digər maddi vəsaitlərin dəyəri milyard dollarla ölçüləcək. Bu miqyasda işlərin icrası üçün lazım olan tikinti materiallarının əsas təminatçılarından biri çox güman ki, İran olacaq. Demək ki, o körpünün əhəmiyyətini ilk hiss edən Azərbaycanla yanaşı İran da olacaq".

Azərbaycanın Qarabağı azad etməsinin İran üçün faydasının çox böyük olacağı qənaətində olan E.Əmirov əlavə edib ki, quruculuq işlərinə sərf ediləcək və həcmi milyard dollarlarla ölçülən tikinti məhsullarının böyük hissəsi İrandan idxal ediləcək: "Neft qiymətlərinin aşağı olduğu, davamlı sanksiyalarla üzləşən bir dövlət üçün gözəl fürsət yaranacaq. Bu mərhələdə logistik xərclər baxımından bu tip məhsulların idaxlında İranla əməkdaşlıq etməyimiz özümüz üçün də faydalı olacaq. İran-Azərbaycan əməkdaşlığına, iqtisadi əlaqələrinin inkişafına Xudafərin körpüsü də töhfə verəcək. Qeyd etdiklərim birinci mərhələdə təzahür edəcək müsbət tərəflərdir. Ən böyük iqtisadi əhəmiyyət isə həmin bölgədə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqların tamamlanmasından sonra hiss ediləcək. Burada belə bir suqovşaqlarının olması bu regionun iqtisadi inkişafında öz sözünü deyəcək".

E.Əmirov bildirib ki, 1.6 milyard kub metr su tutumuna malik olacaq bu hidroqovşaq Mingəçevir və Şəmkirdən sonra 3-cü ən böyük su anbarı olacaq. Onun imkanları sayəsində 260 min hektardan artıq kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaqların suvarılmasını həyata keçirmək mümkün olacaq: "Bu, təkcə suvarma sistemləri üçün qida mənbəyi oynamaqdan başqa ölkənin elektrik istehsalı sferası üçün də öz tövhəsini verəcək. Belə ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında 140 meqavatlıq SES tikilməsi nəzərdə tutulur. Təxminən iki il sonra bu SES-lərin fəaliyyətə başlayacağı gözlənilir. Ümumilikdə burada 358 milyon kilovatt saat həcmində enerji istehsalı mümkün olacaq. Eyni zamanda biz bu enerjinin bir hissəsini ixrac etməklə ölkəyə əlavə valyutanın daxil olmasına imkan yarada bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...