İqtisadçı-ekspert: "Xarici bazarda məhsulun qiyməti 10 sent qalxanda Azərbaycanda həmin məhsulun qiymət 50 qəpik qalxır"

"Neft hasilatı ilə məşğul olan Yaxın Şərq ölkələrində, xüsusilə də Misirdə baş verən hadisələr neftin qiymətinə təsir edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı- ekspert İlham Şaban deyib. Onun sözlərinə görə, "qara qızıl"ın qiymətindəki qeyri-stabilliyin digər səbəbi isə dünya bazarlarında stabilliyin olmamasıdır: "Bazarda stabillik nəyə görə yoxdur? Ona görə ki, siyasi risklər böyükdür. Siyasi risklərin böyük olması isə iqtisadi gələcəyin formalaşmasına maneçilik törədir. Bu baxımdan bir gün neftin qiyməti aşağı enir, bir gün yuxarı qalxır. Fikrimcə, bu proses müəyyən müddət davam edəcək. Eyni zamanda siyasi gərginlik yaşanan dövlətlərdə verilən bəyanatlar da bazara kifayət qədər təsir edən amilllərdəndir".

 

İqtisadçı-ekspert son zamanlar ərzaq məhsullarının qiymətlərində müşahidə olunan artıma da münasibət bildirib: "Vaxtilə benzinin qiyməti qalxanda bildirildi ki, nəqliyyat xərcləri ərzaq məhsullarının 3-5 faiz qədər qiymət artımına səbəb olacaq. Ancaq üstündən bir ay keçməmiş ərzaq məhsulları 50 faizdən 100 faizə qədər artdı. Yəni bu o deməkdir ki, ərzaq məhsullarını gətirən insanlar məmurların kölgəsinə sığınaraq xarici bazarda məhsulun qiyməti 10 sent qalxanda onlar Azərbaycanda həmin ərzağın qiyməti 50 qəpiyə qaldırırlar".

 

Hökümətin korrupsiyaya qarşı mübarizə aparmasını yüksək qiymətləndirən İ. Şaban: "Əgər məişət korrupsiyasının qarşısı alınsa insanların dövlətə və stabil həyata olan inamları artacaq. Yox əgər bu kampaniya xətrinə aparılırsa, insanlar bunu hiss edəcək",- vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə