Bölgələrdə gilaslar zibilliyə atılır, Bakıda niyə bu qədər baha satılır? - İQTİSADÇI AÇIQLADI
Sosial şəbəkələrdə tonlarla gilasın zibilliyə atıldığını göstərən görüntülər yayılıb və müzakirələrə səbəb olub. Bildirilir ki, məhsul satılmadığı üçün zay olur. Amma bazarlarda gilasın qiyməti hələ də yüksəkdir. Bu isə alıcılarda suallar yaradır. Bəs niyə bir tərəfdən gilas satılmır, digər tərəfdən isə baha satılır? Qiymətlərə hansı amillər təsir edir? Bölgələrdə gilaslar zibilliyə atılır, Bakıda niyə bu qədər baha satılır? Gilas bol olduğu halda qiymətlər niyə aşağı düşmür?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, gilasın zibilliyə atılması məhsul bolluğunun deyil, aqrar bazarda koordinasiya probleminin göstəricisidir:
"Beləki bir tərəfdən fermerlər məhsulu sata bilmədiklərini bildirirlər, digər tərəfdən isə Bakı və digər iri şəhərlərin bazarlarında gilas hələ də yüksək qiymətə satılır. İlk baxışda bu vəziyyət ziddiyyətli görünsə də, əslində burada əsas problem məhsulun həcmi deyil, onun bazara çatdırılması və satış mexanizmlərinin səmərəliliyidir.
İqtisadi baxımdan məhsulun bol olması avtomatik olaraq qiymətlərin aşağı düşəcəyi anlamına gəlmir. Qiymət yalnız istehsal həcmi ilə deyil, logistika, saxlanma, emal imkanları, vasitəçilərin sayı, bazardakı rəqabət və istehlakçı tələbi kimi amillərin birgə təsiri altında formalaşır.Bu gün bölgələrdə fermerlərin qarşılaşdığı əsas problem məhsulu vaxtında bazara çıxara bilməmələridir. Gilas tez xarab olan məhsuldur və yığım mövsümü çox qısadır. Fermer məhsulu bir neçə gün ərzində sata bilmədikdə, onu saxlamaq üçün kifayət qədər soyuducu anbar və ya emal müəssisəsi olmadığından məhsul yararsız hala düşür. Nəticədə tonlarla məhsul məhv edilir.
Eyni zamanda, Bakı bazarında satılan gilasın qiymətinə yalnız fermerin satış qiyməti təsir etmir. Məhsulun yığılması, çeşidlənməsi, qablaşdırılması, daşınması, saxlanması, bazar və mağaza xərcləri, həmçinin topdansatış və pərakəndə satış marjaları son qiyməti əhəmiyyətli dərəcədə artırır. Fermer məhsulu çox aşağı qiymətə satdığı halda, istehlakçı onu bir neçə dəfə baha qiymətə alır. Bu, dəyər zəncirində yaranan əlavə xərclərin və vasitəçi marjalarının nəticəsidir.
Başqa mühüm məsələ bazarın strukturudur. Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışında fermerlərin böyük hissəsi məhsulu birbaşa istehlakçıya və ya iri ticarət şəbəkələrinə çıxara bilmir. Satış əsasən vasitəçilər üzərindən həyata keçirilir. Fermer məhsulu uzun müddət saxlaya bilmədiyi üçün onu mövsümün pik dövründə aşağı qiymətə satmağa məcbur qalır. Vasitəçilər isə bazara daha yüksək qiymətlə çıxarırlar. Nəticədə həm istehsalçı, həm də istehlakçı itirir.
Gilasın qiymətinə təsir edən əsas amillər məhsulun həcmi ilə məhdudlaşmır. Buraya alıcı tələbi, logistika xərcləri, yanacaq qiymətləri, qablaşdırma, soyuducu anbarların mövcudluğu, emal sənayesinin inkişaf səviyyəsi, ixrac imkanları və bazarda rəqabət də daxildir. Məhz bu səbəbdən məhsul bolluğu hər zaman ucuzluq yaratmır.
Satılmayan məhsulun gələn il bazara təsiri də mümkündür. Əgər fermer bu il ciddi zərərə məruz qalarsa, növbəti mövsümdə bağlara investisiyanı azalda, qulluq xərclərini ixtisar edə və ya istehsal sahəsini kiçildə bilər. Bu isə gələcəkdə məhsul təklifinin azalmasına və qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər. Yəni bugünkü itkilər sabah bazarda daha yüksək qiymətlərlə nəticələnə bilər.
Bu il müşahidə olunan meyvə bolluğu bəzi məhsullar üzrə mövsümi ucuzlaşma yarada bilər. Lakin bu ucuzlaşmanın miqyası bazarın həmin bolluğu necə idarə etməsindən asılı olacaq. Əgər məhsulun saxlanması, emalı və ixracı üçün infrastruktur kifayət qədər inkişaf etməyibsə, bolluq qiymətlərin ciddi azalmasına deyil, məhsul itkilərinin artmasına gətirib çıxara bilər.
Problemin həlli məhsul istehsalını artırmaqdan daha çox, istehsaldan istehlaka qədər olan zəncirin təkmilləşdirilməsindən keçir. Bölgələrdə müasir soyuducu anbarların yaradılması, emal müəssisələrinin sayının artırılması, fermer kooperativlərinin inkişaf etdirilməsi, aqrologistika mərkəzlərinin genişləndirilməsi, ixrac bazarlarının şaxələndirilməsi və fermerlərin iri ticarət şəbəkələrinə birbaşa çıxış imkanlarının artırılması həm məhsul itkilərini azaldacaq, həm fermerlərin gəlirlərini yüksəldəcək, həm də istehlakçılar üçün daha əlverişli qiymətlərin formalaşmasına şərait yaradacaq.
Qısaca desək, bu gün müşahidə etdiyimiz mənzərə məhsul çatışmazlığının deyil, aqrar bazarın təşkilində mövcud olan struktur problemlərin nəticəsidir. Kənd təsərrüfatı sektorunda istehsal qədər məhsulun səmərəli toplanması, saxlanması, emalı, daşınması və satışı da vacibdir. Bu istiqamətdə kompleks islahatlar aparılmadıqca, fermerlər məhsullarını dəyərindən aşağı satmağa və ya məhv etməyə məcbur qalacaq, istehlakçılar isə eyni məhsulu yüksək qiymətlə almağa davam edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB