2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu və ölkə tarixində yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. Bu mərhələnin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edən “Böyük Qayıdış” proqramıdır.
Proqramın mahiyyəti və strateji əhəmiyyəti
“Böyük Qayıdış” proqramı Azərbaycanın 2030-cu ilə qədər müəyyən etdiyi 5 əsas milli prioritetdən biri kimi qəbul olunmuşdur. Bu proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası, əhalinin mərhələli şəkildə geri qaytarılması kimi kompleks tədbirlərin həyata keçirilməsidir.
Proqram çərçivəsində qəbul edilən Dövlət Proqramı (2022–2026) yalnız bərpa işlərini deyil, həm də regionun uzunmüddətli iqtisadi inteqrasiyasını hədəfləyir. Bu proses 2040-cı ilə qədər mərhələli şəkildə davam etdiriləcək.
Son 5 ilin iqtisadi uğurları
Son illərdə Azərbaycan iqtisadiyyatı həm makroiqtisadi sabitlik, həm də struktur islahatları baxımından mühüm nailiyyətlər əldə edib. Xüsusilə, dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 17,6 milyard manatdan çox vəsait yönəldilib. Yeni sənaye zonaları və iqtisadi parklar yaradılıb, xarici investisiyaların cəlb edilməsi genişlənib, Sahibkarlıq üçün vergi və gömrük güzəştləri tətbiq olunub. Bu tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənmiş, regionların iqtisadi potensialı artırılmışdır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün 10 il müddətinə vergi güzəştlərinin tətbiqi biznes mühitinin cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən meqalayihələr bütün dünyanın diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr miqyasına və strateji əhəmiyyətinə görə regionun gələcəyini formalaşdırır. Nəqliyyat və logistika infrastrukturuna daxil olan 4000 km-dən çox avtomobil yolları inşa edilib. 3 beynəlxalq hava limanı (Füzuli, Zəngilan, Laçın) tikilib.
Yaşıl enerji zonası
Zəngəzur dəhlizi layihəsi regionun beynəlxalq nəqliyyat xəritəsində rolunu artırır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın enerji strategiyasında mühüm dönüş nöqtəsidir. Bu yanaşma sadəcə yeni elektrik stansiyalarının tikintisi deyil, bütövlükdə regionun ekoloji cəhətdən təmiz, dayanıqlı və innovativ enerji modeli üzərində qurulması deməkdir.
“Yaşıl enerji zonası” anlayışı o deməkdir ki, müəyyən edilmiş ərazidə enerji istehsalı əsasən bərpa olunan mənbələrdən (günəş, külək, su) həyata keçirilir. Karbon emissiyaları minimuma endirilir, enerji səmərəliliyi və rəqəmsal texnologiyalar tətbiq olunur. Ekosistemə zərər verən ənənəvi (fosil yanacaq) mənbələrdən istifadə məhdudlaşdırılır. Bu model həm iqtisadi inkişafı, həm də ekoloji tarazlığı təmin etməyə xidmət edir.
Niyə məhz Qarabağ və Şərqi Zəngəzur?
Bu regionun “yaşıl enerji zonası” kimi seçilməsi təsadüfi deyil. Bunun bir neçə əsas səbəbi var. Birincisi, təbii resursların zənginliyi, Qarabağ və Şərqi Zəngəzur günəş radiasiyasına görə yüksək potensiala malikdir. Dağlıq ərazilərdə külək enerjisi imkanları genişdir və çoxsaylı çaylar hidroenerji üçün əlverişlidir.
İkincisi, yeni başlanğıc imkanı. İşğaldan azad olunmuş ərazilər faktiki olaraq sıfırdan yenidən qurulduğu üçün burada köhnə, ekoloji baxımdan zərərli infrastruktur yoxdur. Müasir və “yaşıl” texnologiyaları birbaşa tətbiq etmək mümkündür.
Üçüncüsü, strateji məqsəd. Azərbaycan uzunmüddətli perspektivdə enerji istehsalında diversifikasiyanı artırmaq, karbon emissiyalarını azaltmaq, “yaşıl enerji” ixracatçısına çevrilmək məqsədi güdür.
Görülən əsas işlər və layihələr
Azad edilmiş ərazilərdə qısa müddətdə onlarla kiçik və orta güclü su elektrik stansiyası tikilib. Bu stansiyalar yerli enerji tələbatını ödəyir, şəbəkəyə əlavə güc verir, ekoloji baxımdan ən təmiz enerji mənbələrindən sayılır.
Regionda böyük həcmli günəş və külək elektrik stansiyalarının qurulması planlaşdırılır və bir hissəsi artıq icra mərhələsindədir. Bu layihələr xarici investorların iştirakı ilə həyata keçirilir, enerji istehsalında qeyri-neft sektorunun payını artırır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yanaşma təkcə enerji istehsalı ilə məhdudlaşmır, o cümlədən ağıllı şəbəkələr (smart grid) qurulur, enerji itkiləri minimuma endirilir, rəqəmsal idarəetmə sistemləri tətbiq olunur. Bu isə enerji istifadəsini daha effektiv və qənaətli edir.
“Yaşıl zona” konsepsiyası çərçivəsində elektrik avtomobillərinin istifadəsi təşviq olunur, şarj stansiyaları qurulur, binalar enerji effektiv standartlara uyğun tikilir. Bunun iqtisadi və ekoloji üstünlükləri də var. Belə ki, hava çirklənməsi azalır, təbii resurslar qorunur, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verilir.
İqtisadi faydalarından da danışmaq olar. Yeni investisiyalar cəlb olunur, enerji xərcləri azalır, yeni iş yerləri yaradılır ki, bu da social problemlərin həllinə yol açır. Yaşayış daha sağlam və komfortlu olur, regionda müasir həyat standartları formalaşır. Uzunmüddətli planlara görə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın əsas “yaşıl enerji mərkəzi”nə çevrilə bilər. Artıq istehsal olunan enerji digər regionlara və hətta xarici bazarlara ixrac edilər. Bu model ölkənin digər bölgələrində də tətbiq oluna bilər.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi sadəcə enerji siyasəti deyil, bu, Azərbaycanın davamlı inkişaf strategiyasının, innovativ iqtisadi modelinin, ekoloji məsuliyyət yanaşmasının aydın göstəricisidir. Bu yanaşma regionu gələcəkdə yalnız iqtisadi deyil, həm də texnoloji və ekoloji baxımdan qabaqcıl ərazilərdən birinə çevirə bilər.
Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası kimi layihələr regionda sənaye istehsalının inkişafına, yeni iş yerlərinin yaradılmasına və investisiya cəlbinə xidmət edir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, həm də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanır.
Görülən əsas işlər yeni yaşayış komplekslərinin tikintisi, məktəblərin, xəstəxanaların və sosial obyektlərin qurulması, elektrik, su və rabitə sistemlərinin yenilənməsi, rəqəmsal idarəetmə və innovativ texnologiyaların tətbiqi nəticəsində artıq bir sıra kənd və qəsəbələrdə məskunlaşma başlayıb və minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.
Bununla yanaşı, minalardan təmizləmə işləri də paralel şəkildə aparılır və bu, Böyük Qayıdışın ən vacib şərtlərindən biridir. Böyük Qayıdış yalnız fiziki bərpa deyil, həm də sosial-iqtisadi reinteqrasiya prosesidir. Bu istiqamətdə məşğulluq proqramları həyata keçirilir, kənd təsərrüfatı və turizm potensialı inkişaf etdirilir, yerli və xarici investorlara geniş imkanlar yaradılır. Bu tədbirlər nəticəsində azad edilmiş ərazilər ölkə iqtisadiyyatının yeni inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.
Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində ən genişmiqyaslı sosial-iqtisadi layihələrdən biridir. Son 5 ildə əldə olunan iqtisadi uğurlar, həyata keçirilən meqalayihələr və sürətli bərpa-quruculuq işləri göstərir ki, Azərbaycan regionun aparıcı iqtisadi güclərindən birinə çevrilir. Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə mühüm iqtisadi mərkəz olacaq. Məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz qayıdışı real mərhələyə qədəm qoyub. Bu proses yalnız ölkənin iqtisadi gücünü deyil, həm də dövlətin strateji planlaşdırma və icra imkanlarını bütün dünyaya nümayiş etdirir.
V.VƏLİLİ
İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB