“Artan xərclər kredit ödənişlərində çətinlik yaradır” - EKSPERT DANIŞDI

“Qiymətlərin artması artıq müşahidə olunan reallıqdır və bu vəziyyət xüsusilə əhalinin maliyyə imkanlarına ciddi təsir göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, əhali hər zaman kreditlərdən istifadə edib və tarixə baxdıqda kreditlərin həcminin kifayət qədər yüksək olduğunu görürük:

”Lakin əvvəlki dövrlərdə insanlar kreditlərin problemli kreditə çevrilməsinə çox da imkan vermirdilər, yəni əksər hallarda ödənişlər vaxtında həyata keçirilirdi.

Bu gün isə vəziyyətə təsir edən əsas amillərdən biri ümumi iqtisadi vəziyyətdir. Ümumi iqtisadi fonda işsizliyin artması, şirkətlərin gəlirlərinin azalması və müxtəlif iqtisadi faktorlar insanların ödəmə qabiliyyətinə təsir göstərir. Məsələn, neft qiymətlərinin düşməsi ölkənin dövlət gəlirlərinə təsir edir və bu da müəyyən mənada biznes sektorunda problemlər yaradır. Bildiyiniz kimi, bir sıra təşkilatlar dövlət büdcəsindən maliyyələşən qurumlarla əməkdaşlıq edir və orada çalışan insanların gəlirləri də bu proseslərdən asılı olur. Hər hansı gecikmə və ya ödənişlərin vaxtında həyata keçirilməməsi nəticədə kredit ödənişlərində gecikmələrə səbəb ola bilir.

Həyat səviyyəsinin aşağı düşməsi də əsas faktorlardan biridir. Əhalinin real gəlirləri əvvəlki səviyyədə qalmır, lakin xərclər artır. Məsələn, bu gün orta statistik, dörd nəfərlik Azərbaycan ailəsi ərzaq xərcləri xaric, yalnız kommunal xidmətlər və sərnişin daşınması üçün, ən yaxşı ssenari üzrə belə, ayda təxminən 480–500 manat əlavə vəsait ödəyir. Bu isə əvvəlki illərlə müqayisədə daha yüksək məbləğdir.

İnflyasiya yüksəldikcə real gəlirlər azalır və bu da kredit borclarının ödənilməsini çətinləşdirir. Eyni zamanda cərimələrin və müxtəlif ödənişlərin artması da insanların maliyyə vəziyyətinə əlavə yük yaradır.

Digər tərəfdən, bankların kredit siyasəti də bu prosesə təsir göstərir. Banklar kredit verərkən risk qiymətləndirməsi aparır və vətəndaşların ödəmə qabiliyyətini nəzərə alırlar. Bəzi hallarda insanlar gəlir əldə etsələr də, bunu rəsmi şəkildə təsdiq edə bilmirlər. Bu halda banklar risk əmsalını daha yüksək hesablayır və nəticədə verilən kreditlərin faiz dərəcəsi də yüksək olur.

Bəzi hallarda isə uyğun şərtlərlə verilən kreditlər belə sonradan problemli kreditə çevrilə bilir. Bunun səbəbləri arasında inflyasiya, cərimələrin artması, işsizlik və özəl sektorda əməkhaqlarının gecikməsi kimi faktorlar yer alır.

Son dövrlərdə başqa bir tendensiya da müşahidə olunur: insanlar yüksək faizli kreditlər verən bəzi maliyyə təşkilatlarından kredit götürməyə başlayırlar. Bu isə müəyyən dərəcədə maliyyə savadsızlığı ilə də bağlıdır. Bəzi hallarda vətəndaşlar yüksək faizlə kredit götürür və nəticədə borc yükü daha da artır.

Azərbaycanda qeyri-formal sektorun da geniş yayılması bu məsələyə təsir göstərir. Məsələn, kənd təsərrüfatı və xidmət sahələrində çalışan bir çox insanın gəlirləri qeyri-müntəzəm və mövsümi xarakter daşıyır. Bəzi ixrac yönümlü fəaliyyətlərdə də mövsümi gəlir əldə olunur. Məsələn, cənub bölgəsində insanlar payız aylarında sitrus meyvələrinin yığımı ilə məşğul olur və il ərzində həmin məhsuldan əldə etdikləri gəlirlə xərclərini qarşılamağa çalışırlar.

Bütün bu amillər ümumi iqtisadi fonu formalaşdırır. Hazırda ümumi daxili məhsulun artım tempi təxminən 1–1,4 faiz civarındadır ki, bu da çox yüksək inkişaf tempi sayılmır. Eyni zamanda xərclərin artması inflyasiyanın yüksəldiyini göstərir. Bu isə o deməkdir ki, qiymətlər artır, lakin Azərbaycan vətəndaşının real gəlirləri eyni sürətlə artmır.

İnflyasiya yüksəlir, xərclər artır, amma vətəndaşın rifah səviyyəsi eyni templə yüksəlmir”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə