Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat sektorunda əməkdaşlıqdır. Biz bu gün Tbilisidə işgüzar səfərdə olan Azərbycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşərək bu ilin planlarından danışdıq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi müzakirə edilib.
“Bildirdik ki, bu istiqamətdə işlər son tamamlama mərhələsindədir və xətt bu il tam istifadəyə veriləcək. Biz, həmçinin Gürcüstan və Azərbaycan arasında bu infrastrukturu idarə edəcək, bu hissəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək birgə müəssisənin yaradılması haqqında danışdıq”, - deyə Levan Davitaşvili bildirib.
Gürcü nazirin sözlərinə görə, görüşdə Orta Dəhlizin rolu, rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib: “Bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək. Tərəflər Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşınması məsələsini də müzakirə ediblər. Sərnişin dəmir yolu nəqliyyatı turizm üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik. Əlbəttə, planlarımızı və baxışlarımızı mübadilə etmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda daha rəqabətədavamlı ola bilək”.
Bütün xəbərlər Facebook səhifəmizdə