Azərbaycanın maliyyə institutlarının ESG risklərinə münasibəti açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 21 bank, 16 sığorta şirkəti və 12 investisiya şirkəti olmaqla 49 maliyyə qurumu arasında sorğu keçirib. SİA AMB-yə istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, maliyyə institutlarının 80 %-dən çoxu iqlim dəyişikliyinin, eləcə də ekoloji sosial idarəetmə (ESG) risklərinin idarə edilməsini orta və yüksək əhəmiyətli kimi qiymətləndirir. Bu da maliyyə sektorunda ESG risklərinin əhəmiyyətinin anlaşılan olmasını və bu risklərlə bağlı sektorun məlumatlılığının artmasını göstərir.

Eyni zamanda, iqlim dəyişikliyi və ESG risklərinin maliyyə sektoruna təsirləri sektor iştirakçıları tərəfindən fərqli dövrlər üzrə müxtəlif qiymətləndirilib. Qısa müddətli (bir il) perspektivdə maliyyə institutlarının 73 %-i bu təsirləri aşağı səviyyədə qiymətləndirib. Orta müddətli dövrdə isə iştirakçıların 53 %-i bu təsirləri orta səviyyədə dəyərləndirib. Uzunmüddətli dövrdə isə maliyyə institutlarının 35 %-i bu riskləri yüksək səviyyədə qiymətləndirib təsirinin daha əhəmiyyətli olacağını proqnozlaşdırır. Ötən ilin nəticələri ilə müqayisədə daha çox maliyyə institutu iqlim dəyişiklikləri və ESG risklərinin uzunmüddətli perspektivdə sektora yüksək təsir göstərə biləcəyi qənaətindədir. Bu da maliyyə institutlarının iqlim və ESG risklərinin maliyyə sabitliyinə təsirinin uzunmüddətli perspektivdə daha əhəmiyyətli olması qənaətində olduğunun göstəricisidir.

Dayanıqlı maliyyənin tətbiqi istiqamətində maliyyə institutlarının qarşılaşdığı əsas çətinliklər arasında kadr potensialının yetərsizliyi və kifayət qədər məlumatlılığın olmaması əvvəlki ildə olduğu kimi bu il də əsas maneə kimi qalmaqdadır. Bununla yanaşı, dayanıqlı maliyyə məhsul və xidmətlərinə olan tələbin məhdudluğu da sektorun inkişafına mənfi təsir edən amillər sırasındadır. Ötən ilin nəticələri ilə müqayisə apardıqda, nəzarət orqanının tələbinin olmamasını artıq əksər maliyyə institutları əsas maneə kimi göstərməyib. Bununla belə, insan resurslarının gücləndirilməsi və məlumatlılığın artırılması ehtiyacı dayanıqlı maliyyənin geniş tətbiqini təşviq etmək baxımından həlledici faktor olaraq qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə