"İfadə olunmayan duyğular bədənə zərbə vurur" - Klinik psixoloq DANIŞDI

"İnsanların çoxu yaşadıqları psixoloji gərginliyi, daxili narahatlıqları və emosional yükləri paylaşmır. Onlar bu hissləri içlərində saxlayaraq susaraq yaşayırlar. Lakin bu, çox ciddi nəticələrə səbəb ola bilər. İfadə olunmayan duyğular bir müddət sonra bədən dilində danışmağa başlayır – yəni, müxtəlif fiziki narahatlıqlar və sağlamlıq problemləri ortaya çıxır". Bunu SİA-ya açıqlamasında klinik psixoloq Ruhiyyə Rüstəmova deyib.

Onun sözlərinə görə, bu sonra həm psixoloji, həm də fiziki sağlamlıq problemlərinə yol aça bilər: "Bu hal uzun müddət davam etdikdə psixosomatik pozuntular yarana bilər. Baş ağrıları, həzm problemləri, yuxusuzluq, təzyiqin yüksəlməsi, hətta immun sisteminin zəifləməsi kimi hallar daxili psixoloji yükün nəticəsi ola bilər".

Psixoloq vurğulayır ki, bir çox insan psixoloji yardıma ehtiyac duysa da, məsələyə yanlış yanaşmalar səbəbilə mütəxəssisə müraciət etmir: "İnsanlar bəzən psixoloqa müraciət etməkdən çəkinirlər. Çünki qınanmaqdan qorxurlar, başqaları tərəfindən zəif görünmək istəmirlər. Elə düşünürlər ki, şəxsi problemlərini tanımadıqları bir insana danışmaq düzgün deyil. Amma bu, yanlış yanaşmadır. Ətraf mühitin də təsiri böyükdür. Tez-tez belə fikirlər eşidirik: “Psixoloqa gedəcəyinə get gəz, kefin açılar”. Halbuki, psixoloqa müraciət edən insan daha ağıllı və məsuliyyətlidir. Çünki o, problemini tanıyır və onun həlli üçün kömək axtarır. Psixoloji yardım almaq-əksinə güclü və şüurlu addımdır. Bəzən insanlar susaraq yaşadıqları problemlərlə təkbaşına mübarizə aparmağa çalışırlar. Lakin bu susqunluq zamanla insanı psixoloji uçuruma aparır. Psixoloji yardım almaq zəiflik deyil, əksinə, güclü olmağın və həyat keyfiyyətini artırmağın vacib yoludur".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə